Rusiya Ermənistana növbəti iri həcmli yardım edəcək.
Alınan məlumata görə Ermənistanın təbii sərvətlər və energetika naziri Yervand Zaxaryan Metsamor Atom Elektrik Stansiyasının səhmdarları ilə görüş zamanı yeni AES-in tikintisi üçün Rusiyanın maliyyə yardımı edəcəyini açıqlayıb:
“Rusiya AES-in yeni enerji blokunun tikintisi və lazımi avadanlıqlarla təmin olunması üçün 4,5 milyard dollar vəsait ayıracaq”.
Nazir onu da əlavə edib ki, yeni enerji bloku 1000 MBt gücündə olacaq və 5 milyard dollara başa gələcək. Tikinti işlərinin 2018-ci ildə başlanması gözlənilir. Yeni enerji blokunun istifadəyə verilməsinə qədər isə Metsamor AES-inin istifadə müddəti artıq bitmiş köhnə enerji bloku modernləşdiriləcək.
Qeyd edək ki, Yerevanın 30 kilometrliyində yerləşən Metsamor Atom Elektrik Stansiyası 1980-ci ildə istifadəyə verilib. AES-in istifadə müddəti 2010-cu ildə başa çatsa da, onun istismarı hələ də davam edir. Region ölkələrinə böyük təhlükə törədən stansiyasının bağlanması ilə bağlı Azərbaycan və Türkiyə bir neçə dəfə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb
/modern.az/