Prezident yanında Strateji Araşdırmlar Mərkəzi (SAM) 2016-cı ildəki fəaliyyətinə dair hesabat açıqlayıb.
Mərkəzdən Teleqraf.com-a daxil olan hesabatda bildirilir ki, müasir dövrün qlobal çağırışlarına, dünyada və regionda baş verən proseslərə uyğun olaraq 2016-ci ildə SAM-ın fəaliyyətində aparıcı istiqamət ölkənin xarici siyasəti, beynəlxalq və regional təhlükəsizlik, energetika, qarşılıqlı faydalı əməkdaşlıq məsələləri olub.
Hesabat dövrü ərzində bu məsələləri əhatə edən 51 elmi-tədqiqat mövzusu üzrə araşdırmalar aparılıb, Azərbaycan və xarici dillərdə 23 monoqrafiya, məqalələr toplusu, atlas, broşür və xüsusi tədqiqatlar çap edilib.
Qeyd olunur ki, SAM-ın əməkdaşları aktual məsələlərə dair 115-dən çox analitik arayış və hesabatlar hazırlayıb, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi məcmuələrdə 150-dən çox məqalə, müsahibə və şərhləri çap etdiriblər.
İl ərzində Strateji Araşdırmalar Mərkəzinin elmi nəşrləri olan “Caucasus International” və “Strateji təhlil” jurnallarının mövzu və oxucu auditoriyası genişlənib. Belə ki, 2016-cı ildə 2 dəfə dərc olunan “Caucasus International” jurnalının Mərkəzi Asiya və Qafqazda enerji təhlükəsizliyi, Trans-Avrasiya nəqliyyat şəbəkəsi, Avrasiya nəqliyyat siyasəti və iqtisadiyyatı məsələlərinə həsr edilmiş saylarında xarici və yerli ekspertin məqalə və müsahibələri öz əksini tapıb. “Strateji təhlil” jurnalının da 2 nömrəsində 45-dən çox məqalə dərc edilib.
2016-ci ildə SAM-ın ingilis dilində çıxan “SAM Review” dövri məcmuəsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın xarici siyasəti və ictimai və özəl sektor arasında əməkdaşlıq mövzularına, “SAM-ın şərhləri”nin növbəti 2 buraxılışı isə dünya dilləri ictimai diplomatiyanın tərkib hissəsi kimi, ATƏT-in uğursuzluğu, regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru mövzularına həsr olunub.
Strateji Araşdırmalar Mərkəzi ümumilikdə 14, Azərbaycanda 7 və bir sıra xarici ölkələrdə 7 tədbir – beynəlxalq konfrans, dəyirmi masa, birgə müzakirə və təqdimatlar keçirib.
Səxavət