9 Yanvar 2017 16:25
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. “Dunyanews.tv”nin yaydığı məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

Qeyd edək ki, İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Məhəmməd tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb. Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Bəs bu təşkilatın perspektivi, səmərəsi nədən ibarət ola bilər? Azərbaycanın təşkilata qoşulması ölkəmizə nə verəcək? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, bu məsələyə yanaşan zaman bir neçə amili diqqətə almaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata qoşulması o deməkdir ki, Azərbaycan diplomatiyası müəyyən müstəvidə, müəyyən sahələrdə dövlətlərlə əlavə iş görmək, öz fikirlərini çatdırmaq, öz məqsədlərinə çatmaq üçün ümumi münasib mövqelərin hazırlanması imkanlarını genişləndirir: “Yəni, bu, öz-özlüyündə müsbət şeydir. İkincisi, Mahatir Məhəmməd çox görkəmli insan idi, Malayziya tarixində müstəsna vacib rol oynadı. Malayziyanın kasıb, geridəqalmış ölkə statusundan çıxıb inkişaf edən çox güclü bir ölkəyə çevrilməsində onun hədsiz xidməti oldu. O çox ağıllı dövlət xadimi olduğu üçün verdiyi təkliflər də rasional təkliflər olurdu. Bu, xoş niyyətlərdən irəli gələn bir təklif idi. Amma bir qədər də rasional düşünsək, görərik ki, bu təklifin arxasında hansısa güclü təməl yox idi. Bu təməl nədən ibarətdir? Hansısa hərbi alyanslar yarananda orada dünya miqyasında da olmasa, heç olmasa regional miqyasda öz sözünü deyə bilən hansısa bir dövlət olmalıdır. Həmin dövlətin hərbi sənayesi, elmi-texniki bazası, alimləri olmalıdır. Müsəlman ölkələrinin əksəriyyətində bunlar yoxdur. Hər halda belə bir aparıcı müsəlman dövləti yoxdur. Türkiyənin, İranın, Misirin hərbi sənayesi var, ancaq məhduddur. Pakistanın hərbi sənayesi var, hər halda o da məhduddur. Yəni, sözün əsl mənasında bu ölkələrin hərbi potensialı dünya miqyasında NATO ilə rəqabət apara biləcək miqdarda və kəmiyyətdə silah istehsal etməyə hazır deyil”.

Z.Əlizadə qeyd edib ki, digər tərəfdən əgər NATO üzvü olan ölkələr siyasi cəhətdən ABŞ-ın ətrafına toplaşaraq mütəşəkkil, əlaqəli, yekcins xarici siyasət kursu yürüdə bilirlərsə, müsəlman dövlətləri müxtəlif siyasi qütblərə əyilib böyük dünya dövlətlərinin mənafeyini ifadə edən və öz ziyanlarına olan siyasət yürüdürlər: “Yəni, kiçik istisnalarla əgər vahid Qərb dünyası məhfumu varsa, vahid müsəlman dünyası deyilən şey yoxdur və olmayan vahid müsəlman dünyasının da vahid hərbi siyasəti ola bilməz. Bir daha qeyd etmək istəyirəm ki, bizim İslam Hərbi Alyansına daxil olmağımız pis bir şey deyil. Diplomatiyamızın imkanlarını genişləndirir, amma ordan hansısa bir konkret nəticə gözləmək lazım deyil. Çünki müsəlman ölkələrindən biri Suriyadır. Digər müsəlman ölkələri – Səudiyyə Ərəbistanı və Qətər Suriya dövlətinin başçısını devirməyi qarşıya məqsəd qoyan inqilabçılara hərbi-siyasi, maliyyə dəstəyi verirlər. Müsəlman dövləti olan Liviya Qərb dövlətlərinin təcavüzünə hədəf seçilmişdi, onu bombalayırdılar. Digər ərəb dövlətlərinin başçıları kənarda dayanıb buna sakitcə tamaşa edirdilər. Yalnız ondan qorxurdular ki, onların da növbəsi gəlib çatacaq və bəzilərinin növbəsi gəlib çatdı. Müsəlman ölkəsi Yəmənə Səudiyyə Ərəbistanının başçılıq etdiyi bir koalisiya hücum edir, bombalayır. Hansı vahid islam dünyasından, islam alyansından danışmaq olar? Müsəlman dünyası həm özlərinin savadsızlığından, tamahkarlığından, korafəhmliyindən, həm də Qərb dövlətlərinin bacarıqlı oyunbazlığından sünni-şiəyə, Qərbə-Şərqə, ərəbə-farsa bölünüblər və bir-birləri ilə boğuşurlar. Yəni vahid, həmrəy, yeknəsək, yekcins, əlaqəli bir müsəlman dünyası yoxdur və ortada olan təşkilatlar da çox aşağı səmərəyə malikdirlər. Əminəm ki, bu hərbi alyans da səmərəsiz, yaxud səmərəsi çox aşağı olan bir qurum olacaq. Buna baxmayaraq Azərbaycanın ora üzvlüyü fayadalıdır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər