10 Yanvar 2017 23:39
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pakistan mətbuatnın yazdığına görə, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Bundan başqa Tacikistan və İndoneziya da eyni qərar veriblər və bununla qurumun üzvlərinin sayı 42-yə çatıb.

Azərbaycan mətbuatı Pakistan mətbuatına istinadən bu xəbəri yaydıqdan sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev rəsmi Bakının İslam Hərbi Alyansına üzvlüklə bağlı qərar vermədiyini bildirdi. Ancaq XİN rəsmisinin təkzibindəki iki cümlə diqqəti cəlb edir. Birinci cümlədə mətbuat katibi deyir ki, “Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik (yəni, indi gündəlikdə yoxdursa yaxın gələcəkdə ola bilər) belə bir məsələ yoxdur”. İkinci cümlə isə bundan ibarətdir ki, “hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

Təkzibdə istifadə olunan cümlələrdən belə anlaşılır ki, hər halda İslam Hərbi Alyansına üzvlüklə əlaqədar rəsmi Bakıya müraciət var. Bir də ki, XİN bu məsələnin gündəmdə olmadığını Azərbaycan mətbuatı üçün açıqlayır, ancaq bunu ilk yayan xarici mətbuata heç bir təkzib mətni göndərmir”. Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmaları Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.

Yazıda qeyd olunur ki, təkzibə baxmayaraq, yayılan xəbər Azərbaycanda İslam Hərbi Alyansına marağı artırıb: “İslam Hərbi Alyansının yaradılmasını ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Məhəmməd təklif edib. Səudiyyə Ərəbistanı Yaxın Şərqdəki vəziyyətdən çıxış edərək mövzunu aktuallaşdırıb. Hətta belə xəbərlər də yayılır ki, İslam Hərbi Alyansının rəhbərliyinə Pakistanın ordu komandanı Rahil Şərif gətirilib. Digər tərəfdən bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.
Əslində bu prosesə bir il əvvəl start verilib. Əgər bir il əvvəl koalisiyada dünyadakı 57 müsəlman ölkəsindən 37-si iştiraka razılıq vermişdisə, indi qurumun üzvləri 5 ölkə artıb. Koalisiyanın hərbi qərargahının Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşməsi nəzərdə tutulub. Bu qərargahın terrora qarşı birgə mübarizəni koordinasiya edəcəyi planlaşdırılıb. Azərbaycana yeni koalisiyaya üzvlük dəvəti də elə bir öncə Səudiyyə Ərəbistanından gəlib. Bu ölkənin xarici işlər naziri Adel əl-Cubeyr hələ bir il əvvəl azərbaycanlı həmkarı Elmar Məmmədyarova zəng edərək onunla bu mövzunu müzakirə edib. Rəsmi Bakı o zaman konkret cavab verə bilməyib. Ancaq görünür vaxt keçdikcə koalisiyanın başında dayanan ölkələr cavabla bağlı rəsmi Bakını tələsdirirlər”.

Bildirilir ki, rəsmi Bakı İslam Hərbi Alyansına üzvlük məsələsində 3 amili nəzərə alır: “

Birinci amil Rusiyanın reaksiyasıdır. Bir il əvvəl mövzu ilə bağlı mətbuat konfransında suala cavab verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova demişdi ki, İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur. Ancaq rusiyalı diplomat bu cümləsinə zəruri əlavəsini də unutmamışdı: “O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir”.

İkinci amil İrandır. Qonşu ölkə İslam Hərbi Alyansına üzvlük təklifini rədd edib. Səudiyyə Ərəbistanı İranın regional rəqibidir və ona görə də Tehran qərargahı Ər-Riyadda yerləşəcək hərbi alyansa üzvlüyü qəbul etməyəcək.

Üçüncü amil isə rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətdir. Azərbaycan nə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, nə də ona rəbiq olan NATO üzvlüyünə can atır”.

Qeyd olunur ki, bu amillərə baxmayaraq, Azərbaycanın yaxın gələcəkdə İslam Hərbi Alyansına daxil olmaq barədə qərar verməsi mümkündür:

“Birincisi, bu hərbi alyansda Ermənistanla diplomatik münasibətləri olmayan Azərbaycanın hər 3 müttəfiqi – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan yer alıblar. Belə olan halda rəsmi Bakının müttəfiqlərinin davamlı təkliflərinə “yox” deməsi çətindir. Bu halda Rusiya amili də ciddi rol oynamayacaq. Rusiyanın bir il əvvəl hərbi təyyarəsinin vurulmasına görə Ankara ilə münasibətlər gərgin idi və ona görə rusiyalı diplomatlar İslam Hərbi Ayansına şübhəylə yanaşırdılar, indi isə Ankara Moskvanın əsas tərəfdaşına çevrilib.

İkincisi, İslam Əməkdaşlır Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və Emənistanı işğalçı adlandırdığı halda yeni qurumun da eyni prinsipdən çıxış edəcəyi şəksizdir. Üstəlik İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq”.

O da bildirilir ki, Azərbaycanın yeni alyansda yer alması Səudiyyə Ərəbistanı üçün də vacibdir: “Çünki, İran quruma üzv olmamaqla yeni hərbi alyansı “sünni alyansı” kimi qələmə verməyə çalışır. Əhalisinin əksəriyyəti şiə olan Azərbaycanın İslam Hərbi Alyansına üzv olması Tehranı bu təbliğat vasitəsindən məhrum edəcək və Ər-Riyad ən azı Azərbaycanın timsalında İslam Hərbi Alyansının məhzəb prinsipi əsasında formalaşmadığını göstərmək imkanı qazanacaq.

Əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var. Birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi prinsipləri müəyyənləşməlidir. Bu isə çox zaman alacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər