“ABŞ-ın seçilmiş prezidenti Donald Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Barak Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-də geri çağırılacağı deyilir. Xəbərlərə görə səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək. Bu xəbər hələ təsdiqini tapmayıb. Çünki ABŞ-ın qısa müddətdə yüzlərlə ölkədə səfirini geri çağırması prosedur baxımdan mürəkkəbdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin yaydığı analitik materialda öz əksini tapıb. “Atlas” bildirir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da geri çağırılıb-çağırılmayacağı müzakirə predmetidir: “Robert Sekuta Azərbaycana 2015-ci ildə səfir təyin olunub. Sekutanın özü bildirib ki, Donald Tramp onu Azərbaycanda saxlasa, qalıb işləyəcək. Əslində Sekuta bununla Azərbaycandakı fəaliyyətini davam etdirmək istədiyinə işarə edib. O, yarımçıq geri qaytarılan səfir Metyu Brayzanın taleyini yaşamaq istəmir.
Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə Trampın ehtiyacı yoxdur. Tramp üçün Rusiya, Çin və İsrail kimi ölkələrdə səfirlərini dəyişməsi vacibdir, çünki Ağ Ev sahibinin yeni xarici siyasətində bu istiqamətlər əsas götürüləcək. Bu ölkələrə təyin olunan yeni səfirlər Trampın yeni xarici siyasət kursunu həyata keçirəcəklər. Görünür, Tramp böyük ölkələrdəki səfirlərini həm də ona görə dəyişməyə ehtiyac duyur ki, Barak Obamanın təyin etdiyi keçmiş səfirlər onun siyasətinə qarşı gizli fəaliyyət göstərməsinlər. Çünki Dövlət Departamenti sistemində də Donald Trampın gələcək xarici siyasətindən narazı olanlar var”.
Materialda bildirilir ki, Cənubi Qafqaz yeni Ağ Ev administrasiyasının fəal xarici siyasət həyata keçirəcəyi istiqamətlərdən biri deyil: “Ona görə də təcili surətdə Sekutanı dəyişməyə ehtiyac yoxdur. Digər tərəfdən Robert Sekuta rəsmi Bakıya da mane olmur. Tam əksinə Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır:
Birincisi, Robert Sekuta keçmiş səfirlər Rino Harniş və ya Riçard Morninqstar kimi insan haqları və demokratiya mövzularında tənqidi açıqlamalar vermir. Məhz bu kimi açıqlamalar həmin səfirlərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.
İkincisi, Robert Sekutanın bir sıra hallarda səsləndirdiyi açıqlamalar rəsmi Bakı tərəfindən müsbət qarşılanır. Məsələn, Sekuta Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyini bildirmişdi və ya amerikalı diplomat Azərbaycanı tolerantlıq nümunəsi adlandırmışdı. Ona görə də Robert Sekutanın vaxtından əvvəl bir başqa diplomatla əvəzlənməsi rəsmi Bakının da maraqlarına uyğun deyil”.
Səxavət