Türkiyə- Azərbaycan diplomatik əlaqənin 25 illiyi: Əvəzsiz müttəfiq, strateji ortaq
Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümüdür.
Türkiyənin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb. İldönüm ilə əlaqədar səfirliyin bəyanatında deyilir ki, mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi “bir ananın iki oğlu, bir ağacın iki qolu” olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 1992-ci il yanvarın 14-də imzalanıb və eyni gündə Türkiyə Respublikasının Bakıdakı Baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik olub: “Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olub, aramızda hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməyib. Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb. 1990-ci ildə Bakıda baş verən “20 Yanvar Qırğını” və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olub. Azərbaycan bu gün gəldiyi nöqtədə, dövlət həyatında qısa bir müddətdə özünü yenidən bərpa etdiyi kimi, hərtərəfli inkişaf həmləsi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb. Azərbaycan aradan keçən 25 il müddətində ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Prezidenti İlham Əliyevin mətanətli liderliyi və iradəsi, regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib”.
Vurğulanır ki, Azərbaycan Türkiyənin beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyi, əvəzsiz müttəfiqi və ən yaxın strateji ortağıdır: “2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının” iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələrintensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional və qlobal rifah və əmin amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi, birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığı və dincliyinə öz töhfəsini verməkdədir.
Keçən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələridaha da inkişaf etdirmək və eyni taleyibölüşərək ələ-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.
Nərgiz Ehlamqızı