7 İyul 2014 17:55
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, görkəmli dövlət xadimi Eduard Şevardnadze 87 yaşında dünyasını dəyişib. O, 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub.

Şevardnadze 2003-cü ildə baş verən “Qızılgül inqilabı” zamanı istefa verib.
Şevardnadze ilk təhsilini Tbilisi tibb texnikumunda alıb, daha sonra 1959-cu ildə A. Sulukidze adına Kutaisi pedaqoji institutunu bitirib. 1946-cı ildən komsomol və partiya işində çalışıb. 1961-ci ildən 1964-cü ilədək Mtshetada Gürcüstan Kommunist Partiyasının rayon şöbəsində birinci katib, sonra Tiflis rayon komitəsinin birinci katibi, 1964-cü ildən 1972-ci ilədək ictimai asayişin mühafizəsi nazirinin birinci müavini vəzifəsində işləyib. Daha sonra Gürcüstanın daxili işlər naziri olub. 1972-ci ildən 1985-ci ilədək Gürcüstan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib.

SSRİ-nin süqutunadək ittifaqın xarici işlər naziri vəzifəsində çalışan Şevardnadze 1990-cı ilin dekabrında diktaturaya qarşı etiraz əlaməti olaraq istefaya gedir. Həmin il Kommunist Partiyasından da çıxır. 1991-ci ilin noyabrında Qorbaçovun dəvəti ilə yenidən SSRİ-nin xarici işlər naziri postuna qayıdır. May ayında ittifaqın dağılmasından sonra bu vəzifə də ləğv edilir.

1991-ci ilin dekabrı -1992-ci ilin yanvarında Şevardnadze Gürcüstanda hərbi çevrilişin əsas müəllifi idi. O, Zviad Qamsaxurdianın yerinə gəlib və faktiki olaraq vətəndaş müharibəsini dayandırıb.
1992-ci ildən 1995-ci ilədək Gürcüstan Dövlət Şurasının və parlamentin sədri olub. 1995-ci ildən Gürcüstanın prezidenti seçilən Şevardnadze 2000-ci ildə keçirilən prezident seçkilərində ikinci dəfə qalib gəlir. Lakin ikinci müddətlik prezidentliyini sonadək davam etdirə bilmir.

2003-cü il noyabrın 2-də keçirilən parlament seçkilərində müxalifət küçələrə çıxdı və “məxməri inqilab” baş verdi. Seçki günündən 21 gün sonra, noyabrın 23-də Şevardnadze istefaya getdi və yerini Saakaşviliyə verdi.

Saakaşviliyə görə gürcülərdən üzr istədi

Daha sonra o, Saakaşviliyə görə gürcülərdən üzr istəyəcəkdi: “Onda mənim vaxtından əvvəl istefaya getməkdən başqa seçimim yox idi, amma mən hakimiyyəti Mixail Saakaşviliyə verdiyimə görə çox peşmanam və buna görə Gürcüstan xalqından üzr istəməyə hazıram. Öz səhvimi boynuma alıram və xalqdan üzr istəyirəm”.

“Heydər Əliyev dedi ki, mən Azərbaycana qayıtmalıyam”

Qeyd edək ki, Şevardnadzenin ümummilli lider Heydər Əliyevlə yaxın dostluğu olub. SSRİ-nin zamanından qurulan bu dostluq sonrakı dövrdə Azərbaycan və Gürcüstan arasında yaxınlığa da səbəb olub.

O, Heydər Əliyevlə bağlı xatirələrində deyirdi: “Onun haqqında danışacaqlarımdan böyük kitab yazmaq olar. Belə alındı ki, Heydər Əliyev məndən üç il tez Mərkəzi Komitənin katibi oldu. Bir yerdə işləyirdik, dost olmuşduq. Qəfildən Heydər Əliyevi Siyasi Büronun üzvü və baş nazirin birinci müavini kimi Moskvaya köçürdülər. O vaxtlar baş nazir Tixonov idi. Qorbaçov hakimiyyətə gələndən bir neçə müddət sonra məni də Moskvaya dəvət etdilər. Xəbərdarlıqsız məni də Siyasi Büronun üzvü və xarici işlər naziri təyin etdilər. Bayaq dediyim kimi, Heydər Əliyev məndən qabaq Siyasi Büronun üzvü seçilmişdi. Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən sonra da davam edir, daha da dərinləşirdi. Lakin Heydər Əliyev artıq Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi. Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə maraqlanmırdım. Amma bir əməkdaş, Siyasi Büronun üzvü kimi o, böyük işlər görür və böyük məsələləri həll edirdi. Əsasən, Heydər Əliyev ərəb ölkələri və islam dünyası ilə münasibətləri kurasiya edirdi. Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir günü o mənimlə görüşdü və dedi ki, mən Azərbaycana qayıtmalıyam. Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr, deyərəm, indi vaxtı deyil. Və o, öz vətəninə, Naxçıvana qayıtdı. Əvvəlcə bu muxtar vilayətin rəhbəri, sonra Milli Məclisin sədri oldu, ardınca da Azərbaycanın prezidenti seçildi”.

“Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub saxlamağa çalış”

Heydər Əliyevin sonuncu dəfə Şevardnadzeyə dedikləri də maraqlıdır. Gürcüstanın eks-prezidenti sağlığında bu barədə özü danışıb: “Onu Türkiyəyə müalicəyə göndərdilər. İki həftə orda qalandan sonra türkiyəli həkimlər məsləhət gördülər ki, Əliyevi Amerika Birləşmiş Ştatlarına aparsınlar. Orda böyük bir klinika vardı. Beləliklə, onu Amerikaya apardılar, iki-üç gündən sonra biz onunla əlaqə saxladıq. Həmişəki Heydər idi. Ondan sonra da 4-5 dəfə də əlaqə saxladıq. Amma bu, artıq həmişəki Heydər deyildi. Hiss edirdim ki, hər dəfə onun səsi daha da zəifləyir, vəziyyəti pisləşirdi. Sonuncu danışığımız heç vaxt yadımdan çıxmaz. O çox çətinliklə danışırdı. Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub saxlamağa çalış. Bu, mənim üçün bir vəsiyyət idi. Başqa bir gün zəng elədim, o, artıq vəfat etmişdi”.

“Şevarnadze mənim şefim olub”

Heydər Əliyevin dövründə müşavir işləmiş Vəfa Quluzadə Teleqraf.com-a açıqlamasında Şevardnadze barədə xatirəsini bölüşüb: “Sovet dövründə Şevarnadze mənim şefim olub. Mən Xarici İşlər Nazirliyində, Əl-Cəzairdə diplomatik vəzifədə çalışanda Şevarnadze Sovet İttifaqının xarici işlər naziri idi. O, liberal şəxsiyyət idi. Şevardnadze vəzifədə çalışanda diplomatik işi liberallaşdırmağa çalışırdı. Bir çox maraqlı qərarları olub. Eyni zamanda diplomatların narazılığına səbəb olan qərarları da olmuşdu. Məsələn, o, Sovet diplomatlarının toxunulmazlığını götürdü. Yəni, sovet diplomatları artıq sərhəddə axtarışa məruz qala bilərdilər. Amma bir şəxsiyyət kimi onun yadda qalan işi sovet dövründə Berlin divarının sökülməsinə, Sovet qoşunlarının Almaniyadan geri çağrılmasına rəvac verdi. Bu baxımdan Şevardnadzeyə Qərbdə böyük hüsnü rəğbət var”.

“Şevarnadze üçün Heydər Əliyev maraqlı idi”

V.Quluzadənin sözlərinə görə, Şevardnadze 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətdə olanda Azərbaycana gəlib: “Onda Azərbaycandakı vəziyyətlə əlaqədar 40 dəqiqə həyətdə gəzişib söhbət etdik. Azərbaycandakı durum gərgin idi. Elçibəyin hakimiyyətdə qalıb-qalmaması məsələləri ortalıqda idi. Azərbaycanın taleyi, Ermənistanla müharibə barədə ətraflı danışdıq. Ondan sonra səfərlər zamanı Şevarnadze ilə görüşmüşəm. Müstəqillik dövründə Heydər Əliyevlə Şevarnadze arasında praqmatik dostluq əlaqələri yarandı. Ona görə ki, Şevarnadze Azərbaycanda, Azərbaycan da Gürcüstanda maraqlı idi. Biz təbiətən strateji portnyor idik. Cənubi Qafqazın görkəmli şəxsiyyətləri kimi Heydər Əliyevlə Eduard Şevardnadze arasında dostluq əlaqələri yarandı. Azərbaycan kimin rəhbərliyində olur-olsun Şevarnadze Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin tərəfdarı idi. Sözsüz ki, Elçibəy hakimiyyətdə qalsaydı, Şevarnadze onunla da dostluq edəcəkdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi təbii idi. Çünki o, Azərbaycanı yaxşı tanıyan və bu dövlətin qurulmasında iştirak etmiş şəxsiyyət kimi Şevarnadze üçün Heydər Əliyev maraqlı idi və onunla əlaqələri güclü olub”.

Nərgiz Ehlamqızı


Müəllif: