“Astana görüşünü real qiymətləndirsək, öz-özlüyündə belə bir görüş müsbət xarakter daşıyır. Çünki aparıcı dövlətlər olan Rusiya və Türkiyə Suriyada stabilliyin yaranmasında maraqlıdır. Suriyada müxtəlif qüvvələr vuruşur və bu ölkələrin maraqlarına zidd mövqe tuturlar. Türkiyə Suriya ilə sərhəd ölkədir. Astanada ciddi müzakirələr getməli və müəyyən nəticələr olmalıdır”.
Bunu Teleqraf.com-a politoloq Fikrət Sadıxov yanvarın 23-də Astanada baş tutacaq Suriya görüşünü şərh edərkən deyib.
Politoloq hesab edir ki, ABŞ-ın Astana görüşündə iştirak etməyəcəyi bəllidir: “Çünki ABŞ-da indi keçid dövrüdür. Keçmiş Obama administrasiyası belə məsələləri müzakirə etmir və hakimiyyəti təhvil verir. Tramp administrasiyası isə hələ hakimiyyətə tam gəlməyib. Vaşinqtonda olan rəsmi şəxslər xarici siyasət prioritetlərini hələlik cızmayıb. Onların Suriya ilə bağlı siyasəti tam bəlli deyil. ABŞ-ın Astanada iştirak etməməsi bununla izah olunmalıdır”.
Mütəxəssis hesab edir ki, ABŞ-ın Astana görüşünə qatılmaması o anlamı verə bilməz ki, Vaşinqton proseslərdə iştirak etmir deyə maraqlarını önə çəkməməli və bunu qabarıq göstərməməlidir: “Təbii ki, yeni ABŞ administrasiyasının öz maraqları var. Trampın bəyan etdiyi kimi onlar Rusiyaya daha yaxın olmaq istəyirlər. Bu yaxınlıqdan da istifadə edərək terrorizmə qarşı ümumi mübarizə aparmaq istəyirlər. Reallıq budur. Ona görə dəABŞ-ın Astana görüşünə qatılıb-qatılmayacağı indi o qədər də aktual deyil. Çünki onlar bu istiqamətdə xarici siyasətlərini cızsalar, bu zaman faktiki olaraq onların bir sıra məsələlərə dair siyasətləri Rusiya ilə üst-üstə düşə bilər”.
Fikrət Sadıxov onu da qeyd edir ki, Astana görüşündə dərhal hansısa müsbət nəticələr gözləmək də düzgün olmazdı: “Burada sadəcə olaraq, əsas iki oyunçu olan Rusiya və Türkiyə terrorizmə qarşı mübarizədə koordinasiya məsələlərinə diqqət etmək və buna qarşı birgə mübarizə aparmaq istəyirlər. Amma nəzərə alın ki, Suriyada fəaliyyət göstərən qüvvələr çoxdur. Bəşər Əsədə qarşı müxalifət var, kürd silahlı dəstələri var, İŞİD və müxtəlif terrorçu qruplar var. Odur ki, düşünmürəm ki, Astana görüşü ilə bütün məsələlər həll ediləcək. Lakin mümkündür ki, Astana görüşündən sonra müəyyən koordinasiya olunmalı məsələlər öz həllini tapa bilər”.
Cavad