17 Yanvar 2017 17:10
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Psixoterapiya və digər üsullardan istifadə olunaraq ondan müəyyən ifadələr alınacaq”

Teleqraf.com Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini, professor Adil Qeybulla ilə müsahibəni təqdim edir.

- Adil bəy, Türkiyədə 39 nəfərin ölümünə səbəb olan İŞİD terrorçusu həbs edilib. Sizcə, bu hadisə gələcəkdə terror olaylarının qarşısının alınmasında hansısa rol oynaya bilərmi?
- Əslində terror hadisələri istənilən bir ölkədə, hətta kəşfiyyat və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu ölkələrdə də baş verə bilər. Türkiyədə təhlükəsizlik məsələlərinə ciddi yanaşıldığına rəğmən, orada asanlıqla terror hadisələri baş verir. Çünki terror aktları qəfildən baş vermir. Buna zəmin yaradılır və xeyli müddət bu akt hazırlanır. Təsəvvür edin ki, bu qədər silah, sursat, terroru edəcək şəxsin müəyyənləşdirilməsi öncədən nəzərə alınır, bunlar bir yerə gətirilir, plan qurulur və s.

O ki, qaldı həbs edilən həmin terrorçuya, nəzərə alın ki, onlar zombiləşmiş insanlardır. Onları yetişdirir, proqramlaşdırır və konkret olaraq bu işə təhrik edirlər. İlkin məlumata görə, həbs edilən kasıb adamdır, müəyyən dairələr tərəfindən ələ alınıb, maliyyələşdirilib və bu işə sövq edilib. Ancaq Türkiyə kəşfiyyatı onun izinə xeyli əvvəl düşüb, izləmə aparıb, əlaqələrini müəyyən etməyə çalışıblar. Yəni onu vaxtında həbs edə bilərdilər. Sadəcə olaraq, bu müşahidə bəzi məqamların ortaya çıxması üçün lazımdır. Ola bilsin ki, terrorçu ifadə verməsin, bəzi düyünlərin açılmasına kömək etməsin. Amma mümkündür ki, hər şeyi açıb ortaya qoysun. Hesab edirəm ki, psixoterapiya və digər üsullardan istifadə olunaraq ondan müəyyən ifadələr alınacaq və müəyyən məsələlər bəlli olacaq. Ancaq bu gün Türkiyə terrorun hədəfindədir və bu, bizi ciddi narahat edir. Türkiyədə stabilliyin pozulması, qarışıqlıq, terror heç arzu edilən deyil. Türkiyə Azərbaycanın dayağıdır, müstəqilliyimizi tanıyan qardaş ölkədir. Orada baş verən hadisələrə biganə qala bilmərik. Türkiyənin xüsusi xidmət orqanları terrorun qarşısını almaq üçün hər şeyi edirlər. Son hadisələr, isti-isti terrorun izinə düşərək onu müəyyən etmələri bunu göstərir. Hər halda gözləmək lazımdır, istintaqın gedişindən sonra hər şey bəlli olacaq.

Sizə deyim ki, vaxtilə Abdulla Öcalanın ifadələrinə görə Türkiyə PKK-nın gizli yuvalarına xeyli zərbələr endirə və bu terror şəbəkəsini sarsıda bilmişdi. Bu istintaqda da çox şey ortaya çıxa bilər. Marksın məşhur ifadəsi var: cərəyanlar haradan gəlir. Yəni terror üçün lazım olan dəstəyin hardan gəldiyi müəyyən ediləcək. Məncə, bunun müəyyən edilməsi həmin mənbələrin əl-qolunun bağlanması üçün yardımçı ola bilər.

- Türkiyədə yeni terror aktları nə dərəcədə gözləniləndir?
- Türkiyə terrorun hədəfidir. Bir tərəfdən PKK, bir tərəfdən İŞİD. Üstəlik Türkiyə daxilində stabilliyi pozmaqda maraqlı olan beynəlxalq güclər. Onlar bu işdə maraqlıdır. Hazırda PKK, İŞİD və beynəlxalq güclərin Türkiyədə stabilliyi pozmaq məsələsində maraqları üst-üstə düşür. Problem və məsələnin təhlükəli tərəfi bundan ibarətdir. Odur ki, terror xeyli çoxalıb. Həmin mərkəzlərin özlərində də bu hallar baş verə bilər, terrorun hədəfinə çevrilə bilərlər. Odur ki, belə hallarda sağlam məntiq onu deyir ki, bəşəriyyət terrora qarşı birgə mübarizə aparmalıdır. Təəssüflər olsun ki, bəzən terror kifayət qədər maliyyəsi, dünyada nüfuz dairəsi geniş olan dövlətlər tərəfindən dəstəklənir, müəyyən yerlərdə silahlı qruplar yaradılır və ondan müəyyən məqsədlər üçün istifadə edilir. Məsələn, İŞİD terror təşkilatı olaraq yaradılıb. Ondan Yaxın Şərqdə və Afrika ölkələrində uğurla istifadə edilir.

- Ötən ilin yayından başlayaraq İŞİD-in kökünü kəsmək, bu qurumu məhv etmək üçün addımlar atılır. Sizcə, bu qurumu tamamilə sıradan çıxarmaq, məhv etmək mümkündürmü?
- Əslində İŞİD-in tam olaraq kökünü kəsməyə maraqlı deyillər. Bunun üçün siyasi iradə olmalıdır. İŞİD-lə mübarizəyə qalxan ölkələrin, güclərin, rəsmi strukturların ortaya qoyduğu münasibət səmimi deyil. Məsələnin mahiyyətində bu durur. Əlbəttə, səmimi olanlar var, ancaq çoxu səmimi deyil. Odur ki, İŞİD-in kökünü kəsmək mümkün deyil. Fikrimcə, İŞİD-in kökünü kəsmək üçün onun maliyyə mənbəyi kəsilməlidir. Bütün terror qruplarının maliyyə mənbələri var. Bu maliyyə mənbələri kəsildikdən sonra terror təşkilatları daxilində problemlər yaranır, parçalanma baş verir və s. Bununla paralel onunla ciddi mübarizə də aparılır. Yəni terror şəbəkələrinin kökünü kəsmək hər zaman mümkündür, yetər ki, bunu səmimi istəsinlər.

- Səmimi deyillər?
- Yuxarıda qeyd etdiyim kimi çoxu səmimi deyil. Mən hesab edirəm ki, Afrikanın şimalında ortaya qoyulan hədəflərə çatılana qədər stabillik gözləmək ağılsızlıq olardı.

- Yəni Suriya böhranı hələ davam edəcək?
- Görünən odur ki, Suriya ərazisindən istifadə etməklə dövlət qurmaq istəyirlər. Təbii ki, orada plan başqadır. Türkiyənin özünə qarşı da məkrli planlar var. Şimali Afrikada Fələstinə və kürdlərə dövlət qurmaq bir hədəfdir. Bununla bağlı işlər gedir. Guya müəyyən məqamlarda göstərməyə çalışırlar ki, belə niyyətləri yoxdur, lakin konturlardan hər şey görünür. İraqda siyasi mərkəz yaradıldı, indi də bu prosesi həyata keçirirlər. Əslində Suriyanın bir dövlət olaraq süqutunun bir niyyəti də bununla əlaqəlidir.

Cavad


Müəllif:

Oxşar xəbərlər