19 Yanvar 2017 12:08
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması müsəlman aləmi üçün həm siyasi, həm də mədəni, ictimai aspektlərdən çox aktualdır. Hazırda İslam aləminin ağır siyasi sınaqlarla üz-üzə qaldığını nəzərə alsaq, Möhtərəm Cənab Prezident İlham Əliyevin bu təşəbbüsünün nə qədər zamanında və məntiqli bir addım olduğunun şahidi ola bilərik.

Ümumiyyətlə, Azərbaycan son illər həm İslam Əməkdaşlıq Təşkilatı, həm də İSESCO-nun fəaliyyəti proqramında çoxsaylı təşəbbüslərlə çıxış edir. Müsəlman Şərqi ilə Qərb ölkələri arasında körpü rolunu oynayan Respublikamız İslam dünyasında yüksək inkişaf göstəricilərinə malikdir və ilbəil artan nüfuzumuz, iqtisadi göstəricilərimiz bir dövlət kimi reytinq cədvəllərində ən qabaqcıl sıralarda yer almağımıza şərait yaratmışdır.

Vətənimizin tarixə, mədəni dəyərlərə yüksək dərəcədə önəm verməsi, ictimai tolerantlığın və inkişaf səviyyəsinin ilbəil tərəqqisi bir daha sübut edir ki, Azərbaycan bu gün İslam dünyasında ciddi nüfuza sahibdir. Əminliklə demək olar ki, ölkə rəhbərinin İslam aləmini həmrəyliyə səsləyən çağırışı 2017-ci il ərzində müsəlman ölkələrinin əməkdaşlıq fəaliyyətinə mütləq öz müsbət təsirini göstərəcəkdir.

Əsas məqsədlərdən biri də budur ki, ölkəmiz bu il ərzində İslam ölkələri arasında ideya birliyinin təmin olunmasına, müxtəlif düşüncələrin bir fikir altında cəm olunmasına çalışacaq. Təbii ki, bu təşəbbüsə bütün müsəlman ölkələri tərəfindən dəstək verilməlidir. Eləcə də, yeni əməkdaşlıq mexanizmlərinin təminatı üçün zəmin yaranmış olacaqdır. Çünki günümüzün reallığı budur ki, dünyada islami dəyərlərə, müsəlman xalqlarının rifahına və birliyinə nifaq salmaq istəyən onlarla qara qüvvələr vardır. Əsas məsələ bu təhlükəyə qarşı İslam dövlətlərinin birgə fəaliyyətini təmin etmək, birgə mübarizəni təşkil etməkdir ki, artıq Azərbaycan Prezidenti də öz məntiqli və tarixi qərarı ilə dövlətimizin qətiyyətli mövqeyini ortaya qoydu.

Həmçinin bu il Azərbaycan daha bir əlamətdar beynəlxalq idman yarışlarına – Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Sayca IV İslam Həmrəyliyi Oyunları olan bu yarışın Vətənimizdə keçirilməsi çox mütərəqqi bir addımdır. Bu, birbaşa olaraq İslam Həmrəyliyi İli ilə əlaqədar önəmli bir məqamlardandır. Çünki Həmrəyliy Oyunları İslam dünyasının çox böyük mədəniyyət hadisəsidir. Cənab Prezidentin vurğuladığı kimi, İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, eləcə də, böyük siyasi, iqtisadi, həm də sosial və mədəni bir hadisədir. 12-22 may 2017-ci il tarixində baş tutacaq bu yarışlar zamanı Azərbaycan dövləti islami dəyərlərin beynəlxalq təbliğini, birgə yaşayış ənənələrinə sadiqliyini, müsəlman xalqlarının əzəldən gələn tolerantlıq keyfiyyətlərini, mədəni–sosial rəngarəngliyini tərənnüm edəcəkdir. Və beləliklə də, ölkəmiz İslam Həmrəyliyi Oyunları nəticəsində dünya xalqlarına İslam dininin əsl mahiyyətini göstərəcəkdir.

Murad Cənnətov


Müəllif:

Oxşar xəbərlər