8 İyul 2014 10:38
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə rəsmi seçki təqviminə uyğun olaraq prezidentliyə namizəd olmaq müddəti başa çatıb. Hazırda prezidentliyə üç iddiaçı var: Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının ortaq namizədi Ekmələddin İhsanoğlu; Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan və Xalqların Demokratik Partiyasının namizədi Səlahəddin Dəmirtaş.

Seçki komissiyası namizədliyə müraciətləri iyulun 5-də araşdırmağa başlayıb. Prezidentliyə namizədlərin siyahısı bu gün “Rəsmi qəzet”də dərc ediləcək.

Namizədliyini irəli sürmüş şəxslərlə bağlı etirazlara baxılandan sonra iyulun 10-da yekun qərar veriləcək və prezidentliyə rəsmi namizədlərin siyahısı elan olunacaq, təbliğat-təşviqat kampaniyası başlanacaq. Seçki avqustun 10-da keçiriləcək. Səsvermədə namizəd etibarlı səslərin yarıdan çoxunu götürə bilməsə, ikinci tur keçiriləcək.

“Türkiyə səfirliyində seçki avqustun 3-də baş tutacaq”

“Gündəlik Teleqraf” qəzetinin əldə etdiyi məlumata görə, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən səfirliyində bu ölkədə yaşayan vətəndaşları üçün prezident seçkisi avqustun 3-də baş tutacaq.
Bir qayda olaraq, Azərbaycan bir sıra ölkələrdə seçkilərə müşahidəçi kimi qatılır. Türkiyədə keçiriləcək seçkilərə təxminən bir ay vaxt qalır. Bu müddətdə Azərbaycandan hansısa vətəndaş cəmiyyəti institutu, QHT, media və ya fərdi şəkildə kimlərinsə qardaş ölkədə keçiriləcək prezident seçkilərində iştirakı gözlənilirmi?

“Konkret məlumat yoxdur”

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, Türkiyədə keçiriləcək prezident seçkilərində kimlərin və ya hansı təşkilaların iştirakı ilə bağlı hələ ki konkret məlumat yoxdur. O, belə bir məlumat olduğu halda birbaşa KİV-lərə məlumat veriləcəyini diqqətə çatdırıb.

“Dəvətlər həmin ölkənin seçki qurumu tərəfindən olur”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, Türkiyədəki seçkilərdə iştirakla bağlı onlarda hələ ki bir məlumat yoxdur. Onun sözlərinə görə, Gürcüstanda keçirilən prezident seçkilərində AVCİYA-ya iştirakla bağlı məktub ünvanlanmışdı: “Bu təklif də Gürcüstanın Azərbaycandakı səfirliyindən edilmişdi. Amma Türkiyə ilə bağlı hələ ki bir məlumat yoxdur. Belə dəvətlər adətən həmin ölkənin parlamenti və seçki qurumu tərəfindən olur”.

“Sifariş almamışıq”

“Rəy” Monitorinq Mərkəzinin sədri Rizvan Abbasov bildirib ki, qardaş ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəklər. Onun sözlərinə görə, əvvəla,onları dəvət etməyiblər: “Digər tərəfdən isə,Türkiyədən hər hansı sifariş almamışıq”.

“İştirak etməyəcəyik”

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da konkret olaraq, Türkiyədəki seçkilərdə bu və ya başqa şəkildə iştirak etməyəcəklərini diqqətə çatdırıb.

“Bakıdan əlavə müxbirlər göndərilməyəcək”

Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktorun müavini Dağbəyi İsmayılov açıqlamasında deyib ki, informasiya agentliyi olaraq Türkiyədə keçiriləcək seçkilər diqqətdə saxlanılacaq. Onun sözlərinə görə, agentliyin qardaş ölkədə xüsusi müxbiri var: “Biz onun vasitəsilə seçkilərlə bağlı məlumatı Azərbaycan oxucusuna çatdıracağıq. Qeyd edim ki, Bakıdan əlavə müxbirlər göndərilməyəcək”.

“Qəzet rəhbərliyinin planında yoxdur, amma..”

“Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan deyib ki, qardaş ölkədəki prezident seçkilərində iştirak qəzet rəhbərliyinin planında yoxdur. Onun sözlərinə görə, istənilən vəziyyətdə bu qərarımıza yenidən baxa bilərik: “Bizim qəzetin təcrübəsində bu var. Tutaq ki, Ukraynada may ayının 25-də keçirilən prezident seçkilərində bizim əməkdaşımız Aygün Muradxanlı iştirak etdi. Bu günlərdə AŞ PA-nın keçirdiyi tədbirə yenə də onu ezam etmişdik. Gürcüstanda keçirilən seçkilərdə əməkdaşımız iştirak edib. Yəni, bizim təcrübəmizdə yaxın və uzaq xarici ölkələrdəki seçki proseslərini müşahidə eləmək və oradan çevik xəbər göndərmək olub. Amma bu addımı Türkiyə seçkilərində atıb- atmayacağımızla bağlı qəti qərarımız yoxdur”.

BƏXTİYAR


Müəllif: