Bu ilin birinci yarısında Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir. Tədbirdə Azərbaycan və KƏŞ üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.
XİN bildirir ki, Azərbaycan və KƏŞ arasında təsisatlanmış əməkdaşlığın əsasını 2013-cü ilin iyununda Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş katibliyi arasında imzalanmış məsləhətləşmələr mexanizmi haqqında anlaşma memorandumu təşkil edir. İkitərəfli əsasda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur:
“Prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi, ölkəmizin İslam Həmrəyliyi oyunlarına ev sahibliyi, son illər ərzində KƏŞ üzv dövlətləri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, tərəflərin əlaqələrin inkişafı naminə nümayiş etdirdikləri siyasi iradə, turizm və insanlararası təmasların artması əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır.
Azərbaycan və KƏŞ üzv ölkələri arasında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan strateji və iqtisadi forum hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək”.
Səxavət