24 Yanvar 2017 15:01
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına sensasion müraciət ünvanlayıb.

Netanyahu bildirib ki, o, ölkəsini məhv etmək istəyən İran rejiminin təhlükəsinin qarşısını almaq üçün Amerikanın yeni prezidenti ilə danışıqlar aparacaq. Baş nazir İran xalqının iftixarlı bir tarixin sahibi olduğunu vurğulayıb: “Sizin zəngin mədəniyyətiniz var. Lakin təəssüflər olsun ki, bir dini istibdad vasitəsilə zəncirlənibsiniz. Halbuki, azad bir İranda siz hər hansı bir məhdudiyyətlə qarşılaşmadan yenidən inkişaf edə, çiçəklənə biləcəksiniz. Lakin bu gün zülmkar bir hakimiyyət sizi öz hegemonluğu altında saxlamağa, rəhmsiz və qəddar rejim sizi hələ də azadlıqdan məhrum etməyə çalışır.

Bu rejim İsrailin məhvi ilə bağlı gündəlik səsləndirdiyi təkrar şüarlarla bizim aramızda düşmənçilik toxumu səpməyə çalışır. Bu isə səhv addımdır. Biz sizin düşməniniz yox, dostunuzuq. Bu rejim qəddar və rəhimsizdir. İran xalqı belə deyil. Bu rejim müharibə tərəfdarıdır. İnsanlar isə istiqanlıdır. Arzu edirəm elə bir gün gəlsin ki, iranlılarla israillilər bir daha azad şəkildə Tehran, İsfahan, Qüds və Təl-Əvivdə bir-birləri ilə görüşə bilsinlər. Bizim insanlarımız əl-ələ verərək hər iki millət üçün sülh və ümid dolu bir gələcək uğrunda birgə fəaliyyət apara bilərlər”.

Əslən iranlı olan yazıçı-publisist Həmid Hersiçi Netanyahunun müraciətinin İranda hansı effekt doğuracağına dair məqamı Teleqraf.com-a şərh edib.

Həmid Herisçi əvvəlcə qeyd edib ki, Ağ Evin təzə sahibi Donald Tramp öz çıxışlarında anti-İran ritorikasını gizlətmir: “O, İranla 6 ölkə arasında bağlanmış Atom razılaşmasını “dünyanın ən zay qərarı” sayır. Deyir ki, İsraildəki ABŞ səfirliyini Tel-Avivdən Qüdsə köçürəcək. Deyilənə görə, indiki anti-Moskva mövqeli Kiyev rəhbərləri – ilk növbədə Poroşenko, tezliklə istefaya gedərək yəhudi əsilli Vladimir Qroysmanla əvəzlənəcək. Beləliklə, sağçı yəhudilər tezliklə dünya olimpində özlərinə təzə mövqelər qazanacaqlar. Solçu, liberal yəhudilər tarixə qovuşub bir də siyasətdə görünməyəcəklər. Belə bir vəziyyətdə Netanyahunun İran xalqına müraciəti mənə çoxmənalı görünür”.

Yazıçının fikrincə, iki xalq arasındakı dərin uçurum gec-tez aradan qalxmalıdır: “Yəhudi tarixinə də, İran tarixinə də yaxşı bələdəm. İranda indi iki güc – “Sepah”çılarla islahatçılar arasında ciddi qarşıdurma alovlanır. Netanyahunun İran xalqına müraciəti belə çətin bir durumda baş tutub. Şəxsən mən İranla İsrail arasında sivil dialoqun başlanmasını istərdim. Bu mövzu mənə çox cəlbedici görünür. Hər iki qədim xalq ağlını başına yığıb mövcud yeni siyasi reallıqlar çərçivəsində dinc danışıqlara başlamalıdır”.

Müraciətə diqqətlə qulaq asdığını deyən H.Herisçi əlavə edib ki, Netanyahunun müraciətində səmimiyyətdən çox, ciddilik vardı: “Ata tərəfdən, belə demək mümkünsə, iranlıyam. Mövzunun nəbzi ürəyimdə vurur. Lazımi adamlarla görüşüb məsələyə agah olmağa çalışacağam. Bu müraciət üçün dövrün sifarişi vardı. Qısası, İsrailin paytaxtı, deyəsən, tezliklə öz ünvanını Qüdsə dəyişəcək. Netanyahunun İran xalqına müraciəti də məhz bu faktla əlaqəlidir.

İsrail hazırlıq içindədir. İranın sərt reaksiyasını bəri başdan neytrallaşdırmaq istəyir. Məncə, Azərbaycan İsraillə İran arasındakı danışıqların siyasi meydançası ola bilər. Bu şansı itirmək yox, qazanmaq lazımdır. Yoxsa sabah gec olar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər