Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə gedib. XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.
Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri yanvarın 19-da Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.
Bəs, bu görüşdən hansı nəticələr gözləməyə dəyər? Xarici işlər nazirinin bu səfərinin onun rusiyalı həmkarının bir müddət öncə “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” deməsi ilə hansısa bağlılığı ola bilərmi?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Rasim Ağayev bildirib ki, bu, əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir. Onun sözlərinə görə, bu görüş Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı ilə bağlıdır: “Vaxtaşırı olaraq ortaya müzakirəsi tələb olunan hansısa məsələlər çıxır. Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən proseslər cərəyan etməkdədir. Serj Sərkisyanın Ermənistanda gedən proseslərlə bağlı açıqlamaları, xeyli dərəcədə narahat olması, Ermənistanda hakimiyyət qarşısında çox ciddi tələblərin qoyulması, həmçinin Azərbaycanda gedən proseslər, Prezident İlham Əliyevin etdiyi sərt çıxışlar, habelə sızan məlumatlar münaqişənin sülh yolu ilə həlli istiqamətində hansısa irəliləyişlərin olmasından xəbər verir. Eyni zamanda biz görürük ki, dünyada yeni, ciddi və prinsipial dəyişikliklər baş verir. Şübhəsiz ki, bu siyasi dəyişikliklər bizim regiona da öz təsirini göstərəcək. Yəni, məsələlər çoxdur. Bunları nəzərə aldıqda Lavrovun işlətdiyi “Dağıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” formulasının xırda məsələ olduğunu görə bilərik”.
R.Ağayev qeyd edib ki, S.Lavrovun işlətdiyi bu sözlər ya onun qeyri-korrekt formulası, ya da kobud səhvə yol verməsinin nəticəsidir: “Əgər o, sözlərini qeyri-korrekt formada ifadə edibsə, bunu hardasa başa düşmək olar. Ancaq o “sarı sim”ə vurursa, bu artıq başqa məsələdir. Bunu belə izah etmək olar: Rusiya Qarabağ məsələsində ciddi və əsas rol oynamağa hazırlaşır və ona bununla bağlı hansısa vədlər verilib. Yaxud, o vədləri əldə etmək istəyir. Bu mənada Məmmədyarovun Moskvaya səfəri adi səfər deyil. Onun Lavrovla çox məzmunlu və ictimaiyyətə çox tez də açıqlanmayan danışıqları olacaq”.
Politoloq bildirib ki, ola bilsin, bu səfər Lavrovun mətbuat konfransında işlətdiyi fikirlərlə də əlaqədardır: “Görünür, Azərbaycanın siyasi dairələrində Rusiyanın mövqeyində müəyyən dəyişikliklər olmasına dair hansısa məlumat var. Yaxud, Rusiyanın təkliflərində yeni bir şeylər var. Ona görə də Məmmədyarov bunları öyrənmək üçün Moskvaya gedib”.
Səxavət HƏMİD