8 İyul 2014 12:09
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Əgər orada azərbaycanlı yoxdursa...”

Vəfa Quluzadə: “Nisyə fikirlərdir”

“Amerikanın Ermənistandakı səfirinin açıqlamasında Laçınla bağlı səsləndirilən fikir indiki məqamda məqbul edilən variantdır”.

Bu fikirləri millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Laçın dəhlizi məsələsi müəyyən bir beynəlxalq müzakirələrdə öz obyektiv həllini tapmalıdır:
“Təbii ki, Laçın Azərbaycan ərazisidir və respublikamızın tabeliyinə verilməlidir. Bu mərhələli həll variantı üçün düşünülürsə, bu əslində bizim maraqlara uyğun ola biləcək bir açıqlamadır. Əsas problem Ermənistanın bu prosesə cəlb edilməsidir və hələ ki bunun işartıları görünmür”.

F.Mustafa əlavə edib ki, Dağlıq Qarabağın status məsələsinə indidən yanaşmaq olmaz: “Çünki ərazidə bütün subyektlər məskunlaşandan sonra onlar qərar verməlidirlər ki, status necə olsun. Əgər orada azərbaycanlı yoxdursa, onların adından qərar verib, sonra onu necə həyata keçirə bilərlər. Azərbaycan bu mövqe ilə razılaşmayacaq. Bu məsələnin ən rahat yolu oradakı icmalar yerləşdikdən sonra olmalıdır. Ona görə də Amerikanın Ermənistandakı səfirinin səsləndirdiyi variant bizim üçün məqbul deyil. Bütövlükdə bu ərazilərin mərhələli həlli üçün mütləq hansısa ərazidən başlanması vacibdir”.

Politoloq Vəfa Quluzadə məsələyə münasibət bildirərkən deyib ki, ABŞ-ın Ermənistandakı səfiri bir söz deyir, erməni nümayəndələr başqa bir söz deyir: “Bunların hamısı qeyri-ciddi məsələlərdir. Ona görə ki, nə vaxt ciddi danışıqlar olacaq, o zamanda bu işlərlə məşğul olmaq lazımdır”.

V.Quluzadə deyib ki, Laçın Azərbaycanın rayonudur, əhali bura qayıtmalıdır və işğala son qoyulmalıdır: “İndi ABŞ-ın Ermənistandakı səfirinin səsləndirdikləri boş-boş sözlərdir, nisyə fikirlərdir. Qarabağ məsələsi ilə Azərbaycan və Amerika rəhbərliyi məşğul olur”.

BƏXTİYAR


Müəllif: