“2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi...”
Xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.
Teleqraf.com-un məlumatına görə, E.Məmmədyarov bildirib ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlararası təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır.
Görüşdə yanvarın 25-26-da Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olunub və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib. Diplomatlar iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.
İranın xarici işlər nazirinin müavini İ.Rəhimpur 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi haqqında prezident sərəncamını yüksək qiymətləndirib və bunun müdrik bir qərar olduğunu bildirib.
Səxavət