26 Yanvar 2017 18:57
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada vətəndaş müharibənin başladığı 2011-ci ilin martından bu yana ilk dəfə olaraq yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Astanada Suriya hökuməti və silahlı müxaliflər danışıqlar masasına əyləşdilər. Görüş Astanadakı “Rixos” hotelində bağlı qapılar arxasında keçirildi. Görüşün sonunda tərəflərin birgə kommünike imzalaması mümkün olmadı. Yalnız Türkiyə, Rusiya və İranın iştirakı ilə birgə bəyanat imzalandı. Astana görüşü həm də ABŞ-ın zəif iştirakçılığı ilə diqqət çəkdi. Birləşmiş Ştatlar görüşdə Qazaxıstandakı səfir səviyyəsində təmsil olundu.

Bəs, Astana görüşünün əhəmiyyətini nə cür izah etmək mümkündür? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Fikrət Sadıxov bildirib ki, müharibə gedən Suriyanın müxtəlif qüvvələrini bir masa arxasına əyləşdirmək öz-özlüyündə müsbət bir hadisədir. Onun sözlərinə görə, hakim rejimlə Suriya müxalifəti arasında dərin ixtilaflar var: “Suriya müxalifətinin özü arasında da müəyyən ixtilaflar mövcuddur. Onlar da vahid mövqedən çıxış etmirlər. Rusiya, Türkiyə, İran və Amerikanın öz maraqları var. Yəni, bu, təbii ki, asan məsələ deyil. Bu görüş hər halda öz-özlüyündə Suriyada müəyyən stabilliyin yaranması istiqamətində ilk addım idi. İkincisi, biz yaddan çıxarmamalıyıq ki, bu görüşdə hansısa sənədlərin imzalanması da gözlənilmirdi. Çünki bu, ilkin, adi protokol görüşü idi. Özü də çox mürəkkəb bir görüş idi. Təbii ki, burda bir sıra ziddiyyətli məqamlar var. Tərəflər arasında məsələlərə birmənalı olaraq vahid yanaşma yoxdur. Xarici oyunçuların da mövqeyi müəyyən mənada müxtəlifdir. Belə bir şəraitdə hansısa bir sənədə imza atmaq, vahid müqavilə ilə bu prosesi yekunlaşdırmaq mümkün deyil. Amma eyni zamanda reallıq da ondan ibarətdir ki, hər halda belə bir görüşün baş tutması, münaqişə tərəflərinin fikirləri müxtəlif olsa da, fikir mübadiləsi aparmaları ilkin mərhələdə müsbət bir amildir”.

Qeyd edək ki, ABŞ-ın Astana görüşündə Qazaxıstandakı səfir səviyyəsində təmsil olunması Birləşmiş Ştatların faktiki olaraq görüşdə iştirak etməməsi anlamında da başa düşülə bilər. Bəs, Vaşinqtonun görüşdə iştirak etməməsi nə ilə izah oluna bilər? Rusiya hakimiyyətinə yaxın olan siyasi ekspertlərin bu görüşü Rusiyanın uğuru kimi təqdim etməsi doğrudurmu?

Bu sualımızı da cavablandıran F.Sadıxov qeyd edib ki, hazırda Rusiya ilə Türkiyənin ABŞ-la münasibətləri gərgindir: “Düzdür, Suriya məsələsi ilə bağlı iki ölkənin yanaşması tam olaraq üst-üstə düşmür. Amma hər halda ABŞ-la münasibətlərdə müəyyən gərginlik var. İkincisi, təbii ki, ABŞ-ın olmadığı yerdə hansısa müqavilə bağlana, saziş imzalana bilməz. Çünki ABŞ-ın hər bir məsələyə dair özünün mövqeyi var və ABŞ açıq şəkildə Suriya müxalifətinin arxasında dayanıb, onları dəstəkləyir. Nəhayət, mən düşünürəm ki, həm Rusiya, həm də Türkiyə ABŞ-da keçid dövründən istifadə edərək ABŞ səfirini görüşə müşahidəçi qismində dəvət ediblər. İş ondadır ki, hazırda ABŞ-da həqiqətən də keçid dövrüdür. Barak Obamanın siyasi addımları artıq arxada qaldı və yeni seçilmiş prezidentin siyasi istiqamətləri faktiki olaraq konkretləşməyib. Yeni dövlət katibi fəaliyyətə başlaya bilmək üçün Senat tərəfindən təsdiqlənməlidir. Təbii ki, həm Rusiya, həm də Türkiyə bu vəziyyətdən istifadə edərək ABŞ-ı səfir qismində görüşə dəvət edib orda iştirakçı kimi qələmə verdilər. Düşünürəm ki, müəyyən dövr keçdikdən sonra yeni Amerika administrasiyası öz sözünü deyəcək və mövqeyini bildirəcək. Tərəflər razılığa gəlməsə, Suriyada heç bir halda sabitlik yarana və hansısa saziş imzalana bilməz”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər