"Biz həmişə deyirdik ki, Dağlıq Qarabağa qayıtmağımızla bağlı proqram artıq hazırdır".
Teleqraf.com-un məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Komitə sədri vurğulayıb: “Biz həmişə deyirdik ki, Dağlıq Qarabağa qayıtmağımızla bağlı proqram artıq hazırdır. Biz həmin proqramın icrasına sülh razılaşması imzalanandan dərhal sonra başlamaq istəyirdik. Lakin Prezident İlham Əliyev sülh razılaşmasını gözləmədən həmin qəsəbədə dərhal bərpa işlərini başlamaq barədə qərar qəbul etdi”.
Onun sözlərinə görə, sabah Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlər müzakirə ediləcək. Görüşdə işğal altında olan rayonların icra başçıları, həmin rayonlardan seçilmiş millət vəkilləri və başqaları iştirak edəcəklər.
Ə.Həsənov bildirib: “Həmin geniştərkibli iclasda layihə işləri müzakirə ediləcək. Qeyd edim ki, həmin ərazidə böyük bir qəsəbənin salınması nəzərdə tutulur. İlkin mərhələdə 50 ev tikiləcək".
Daha sonra Ə.Həsənov qeyd edib ki, məhz ötən ilin aprel ayında Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun bir neçə yüksəkliyi, eləcə də Lələtəpəni, on minlərlə hektar ərazini işğaldan azad etməsi nəticəsində hələ 1993-cü ildə Horadiz əməliyyatı zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində indi yaşamaq imkanı yaranıb.
Ə.Həsənov əlavə edib ki, hazırda həmin qəsəbədə məskunlaşmaq üçün 200-dən artıq ərizə daxil olub və bu say hələ artmaqdadır.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.