“2004-cü ildən icra edilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bölgələrimizin inkişaf dinamikasının daha da sürətlənməsində əsaslı rol oynayır. Bu gün regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, ixracxyönümlü məhsulların yetişdirilməsinin genişləndirilməsi, bu məhsulların dünya bazarına çıxışının təmin edilməsi, eləcə də, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının istifadəyə verilməsi, bölgələrdə yeni pilot layihələrin həyata keçirilməsi ümumi inkişaf strategiyamızın uğurlarının bariz sübutudur. Bu, həm də bölgələrimizin inkişaf dinamikasını artırır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamovun sözlərinə görə, Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda etdiyi çıxışda qeyd edilən məsələlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatı öz inkişafını davam etdirməkdədir.
Deputat qeyd edib ki, ölkə prezidentinin rəhbərliyi ilə hazırlanan və indiyədək üç mərhələdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrdə bütün sahələrin paralel inkişafını təmin edib. Onun sözlərinə görə, rayonlarda kənd təsərrüfatının yüksək səviyyədə inkişafı, bir sıra sahələrin dirçəldilməsi ilə yanaşı, yeni infrastrukturların yaradılması, turizmin inkişaf etdirilməsi, xüsusi sənaye komplekslərinin quruluması məsələləri də prioritetə çevrilib: “Ölkədə sosial layihələr davam etdirilir. Dövlət proqramında nəzərdə tutulan addımlar həyata keçirilib. Konfransda qeyd edildiyi kimi, bu gün regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Regionlarda aqroparkların yaradılması prosesi davam etdirilir. Bununla yanaşı, rayonlarda turizmin inkişafı üçün yaradılan infrastruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Bu isə məhz dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının nəticəsidir”.
Səxavət