8 İyul 2014 16:29
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ALP lideri parlament karyerasına keçmişdə qalmış mərhələ kimi baxır”

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət istirahətdə olduğundan partiya fəaliyyətinə fasilə verib.

Bu barədə Teleqraf.com-a ALP sədri Əvəz Temirxan məlumat verib. Onun sözlərinə görə, Ramazan ayı olduğu üçün partiya üzvlərinin əksəriyyəti oruc tutur. Buna görə də ALP-çilər fəaliyyətini yalnız daxili təşkilatlanmaya həsr edib.

O, L.Şövkətin də ibadətlə məşğul olduğunu söyləyib:

“Lalə xanım çox dindar adamdır. Amma onun bu Ramazanda oruc tutub-tutmadığını isə bilmirəm”.

Ə.Temirxanın sözlərinə görə, bələdiyyə seçkilərində ALP üzvlərinə azadlıq verilib. Partiya üzvləri seçkilərdə fərdi qaydada iştirak edəcəklər. ALP əsas gücünü isə parlament seçkilərində sərf edəcək: “Hazırda parlament seçkilərinə hazırlaşırıq. Seçkilərə blok şəklində və ya təkbaşına gedəcəyimiz hələlik məlum deyil. Seçkilərə xeyli müddət var, o zamana qədər qərarımızı verəcəyik”.

O, Milli Şura formatında seçkilərə qatılmağın mümkün olub-olmamasından danışıb: “Bir daha Milli Şuradakı duruma düşməmək üçün suyu üfürə-üfürə içirik”.

ALP sədri özü parlament seçkilərində mandat uğrunda mübarizə aparacığını qətiləşdirsə də L.Şövkətin öz namizədliyini verəcəyinə inanmır: “Lalə Şövkət parlament karyerasına keçmişdə qalmış mərhələ kimi baxır. Hər halda proporsional seçki sistemi bərpa olunsa, namizədliyini verə bilər. Amma mojaritar qaydada seçkilərdə iştirak edəcəyinə inanmıram. Əlbəttə, yekunda qərarı Lalə xanım özü verəcək”.

Onun sözlərinə görə, hazırda rayon təşkilatlarının gücləndirilməsi, yerli seçki korpusunun yaradılması, məşvərətçilərin, müşahidəçilərin, komissiya üzvlərinin formalaşmasına ibtidai hazırlıq gedir.

Nərgiz


Müəllif: