2 Fevral 2017 18:20
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Donbasa ordu çıxarsaydı, çoxdan Kiyevə gedib çatmışdı”

Teleqraf.com Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelinlə müsahibəni təqdim edir.

- Son günlər Donbas separatçıları ilə Ukrayna hərbi qüvvələri arasında ciddi qarşıdurmalar baş verir, faktiki müharibə gedir. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Çox pis qiymətləndirirəm. Nə deyə bilərəm? Sözsüz ki, atəşin pozulması səbəbindən insanlar əziyyət çəkir. Uşaqlar, əsgərlər ölür, sadə vətəndaşların çətinliyi yaranır, hərbçilər, dövlət ziyan görür. Sözsüz ki, əgər Donbasın, Donetskinin səndə qalmasını istəyirsənsə, heç olmasa onlara hansısa hüquqlar ver.

- Söhbət hansı hüquqlardan gedə bilər?
- Məsələn, Donbasda çoxlu sayda ruslar yaşayır. Məncə, rus dilində danışmaq və yazmaq hüququ, iqtisadi azadlıqlar və s. ola bilər. Axı burada yaşayanlar prinsipcə Ukraynanın ərazi bütövlüyü çərçivəsində yaşamağa etiraz etmirlər. Sən də onlara hansısa status ver. Baxın, biz Dağlıq Qarabağa müəyyən status verməyə hazırıq, sözsüz ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində. Biz buna getməyə hazırıq. Doğurdanmı, Ukrayna bunu görmür? Hesab edirəm ki, ən yaxşı variant odur ki, biz bunu etmək istəyirik. Bundan başqa, mən bir neçə məmur və Ukraynanın səfiri ilə görüşmüşəm. Səfirə hətta misal da çəkdim. Qeyd etdim ki, Azərbaycanda illər əvvəl elə situasiya yaranmışdı ki, ölkə bir neçə yerə parçalana bilərdi. Çox yaxşı haldır ki, həmin dövrdə Heydər Əliyev fiquru siyasi səhnəyə çıxdı. Heydər Əliyev böyük siyasət ustası idi. Gəncəyə getdi, Sürət Hüseynovla masa arxasında oturub müzakirələr apardı və çalışdı ki, Azərbaycanda siyasi sabitliyi bərpa etsin, vətəndaş müharibəsinin qarşısını alsın. Mən bu misalı səfirə çəkdim. Və soruşdum ki, nədən Poroşenko hakimiyyətə gəldikdən sonra Donbasa səfər etmədi, Aleksandr Zaxarçenko ilə müzakirə aparmadı, niyə onlardan soruşmadı ki, sizə nə lazımdır? Qarşı tərəfin nə istədiyini öyrəndikdən sonra deyə bilərdi ki, biz bu məsələləri danışıqlar vasitəsilə yoluna qoya bilərik, silahların danışmasına ehtiyac yoxdur, bu hüquqları verə bilərik və s. Ukrayna nümayəndələri mənə dedi ki, Zaxarçenko kimdir ki, Poroşenko onun ayağına getsin? Mən də dedim ki, onda Sürət Hüseynov kim idi ki, Heydər Əliyev kimi şəxsiyyət öz xalqının gələcəyi naminə Gəncəyə onun yanına getdi və vətəndaş müharibəsini dayandırdı. Qarşı tərəf də mənə bildirdi ki, axı o, Heydər Əliyev idi. Mən də hesab etdim ki, elə lideri seçmək lazımdır ki, o problemləri həll edə, konkret yaranan situasiyadan ölkəsini çıxara bilsin. Bu mənada deyirəm ki, Ukraynada elə siyasi lider yoxdur ki, ona bütövlükdə siyasi qüvvələrin hamısı qulaq assın. Heydər Əliyev isə Bakıya gələndə ona AXC, Müsavat və digər partiyalar qulaq asdı. Üstəlik Əliyevdə böyük siyasi liderə məxsus olan xarizma var idi. Ən başlıcası xalq Heydər Əliyevə inanırdı və dəstəkləyirdi. Açığı, mən hazırda Ukraynada belə bir lider görmürəm. Bu səbəbdən də Ukraynada durum çətindir. Baxın, orada bir qrup “Azov”, digəri 5-ci sektordur. Onların hamısı da millətçi əhval-ruhiyyədədir. Hətta onlar Ukrayna hökumətinin və prezident Poroşenkonun addımlarını belə qəbul etmirlər. Minsk razılaşmasını indiyə qədər həyata keçirə bilmirlər. Niyə Poroşenko bu razılaşmanı həyata keçirə bilmir? Çünki ona bir neçə qrup təzyiqlər edir.

- İş ondadır ki, Ukrayna tərəfi elan edir ki, Donbasda atəşkəsi pozan separatçılardır və burada Rusiyanın da fəaliyyəti var...
- Rusiyanın hansısa fəaliyyəti var. Haqqında danışdığımız ərazilər vaxtı ilə "balaca Rusiya" adlandırılırdı. Donbasda böyük müəssisələr var idi ki, vaxtilə bütövlükdə SSRİ-yə xidmət edirdi. Əlbəttə, zamanında ora çoxlu sayda mütəxəssislər, işçilər gedib. Orada çoxlu sayda rusdilli və digər xalqların nümayəndələri yaşayır. Bu mənada orada Rusiyanın nüfuzu güclüdür. Əgər siz Donbasda konfliktin başladığı dövrü xatırlasanız, görərsiniz ki, bu proses ölkənin qanuni prezidenti Yanukovçin devrilməsindən sonra başladı. Əlbəttə, Yanukoviçin yaxşı və ya pis prezident olması başqa mövzudur. Bir çox Qərb ölkələri də hesab edirdi ki, Yanukoviç müddəti başa çatana qədər səlahiyyətlərini icra etməlidir. Ancaq onu devirdikdən sonra millətçi ab-hava baş qaldırdı, millətçi şüarlar ortaya çıxdı. Bundan sonra Donbasda insanlar bəyan etdi ki, onlar rus dilinin tətbiq edilməsi, iqtisadi azadlıqlar və digər hüquqlar istəyirlər. Əslində isə Donbas bütün Ukraynanı təmin edirdi, özləri isə Ukraynada ən aşağı səviyyədə yaşayan kateqoriya idi. Bundan sonra onlar qubernatorlarına təzyiq etdilər ki, öz istəklərinə nail olsunlar. Bu zaman Ukrayna hakimiyyəti Donbasda baş verənləri terror hesab etdi. Əlbəttə, separatçı kimi təqdim etsəydilər, bunu anlamaq olardı. Amma terrorçu kimi qiymətləndirmək ağlasığmaz idi. Onlar axı Ukraynanın heç bir yerində terror həyata keçirməmişdilər. Sadəcə ayağa qalxaraq müəyyən hüquqlar tələb edirdilər. Heç onda Donbasın Rusiyaya birləşəcəyi və özləri üçün respublika qurmaları kimi məsələlər də gündəmdə deyildi. Nə vaxt ki, hərbi məsələlər ortaya çıxdı, onda vəziyyət də dəyişdi. Əlbəttə, mən Rusiyanın Donbasa hansısa köməkliyini təkzib etmirəm. Ancaq mən demirəm ki, Rusiya Donbasa ordu yerləşdirdi. Əgər Rusiya Donbasa ordu aparsaydı, bu ordu çoxdan Kiyevə gedib çatardı. Ola bilsin ki, Rusiyadan Donbasa hərbi mütəxəssislər, az sayda texnika və s. dəstək verilib. Mən deyə bilmərəm ki, belə köməklik olmayıb. Ancaq nə olubsa, artıq olub. İndi ən vacibi tərəflərin Minsk razılaşmasına əməl etməsidir. Mən burada bir məqamı da qeyd etmək istərdim. Təəccüblənirəm, bütün dünya Ukraynaya dəstək verdi, sanksiyalar ortaya çıxdı, Minsk razılaşmasını təmin etdi və s. Əgər buna görə, Donbas və Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, bəs niyə Qarabağ konfliktinə görə Ermənistana və Qarabağ separatçılarına sanksiyalar tətbiq edilmir? Başa düşürsünüzmü, ikili siyasət və ikili standart var. Beynəlxalq aləmin bizim Qarabağ probleminə də belə yanaşması olsaydı, fikrimcə, biz çoxdan Qarabağ problemini həll etmişdik. Ona görə ki, biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinə status verməyə, Qarabağda iqtisadi inkişafı qaldırmağa etiraz etmirik. Vaxtilə Petrosyan bu razılığa gəlirdi, amma onu hakimiyyətdən devirdilər. Dəmirçyan seçkilərdə bəyan edirdi ki, Qarabağ konfliktini həll edəcək. Onu da parlamentin iclasında güllələdilər.

- Ancaq mütəxəssislər qeyd edirlər ki, Ter Petrosiyanın devrilməsi və Dəmirçyanın güllələnməsi Rusiyanın dəstəyi sayəsində baş verib...
- Bu Rusiyanın nəyinə lazım idi? Petrosiyan milli əhval-ruhiyyədə olan siyasətçi idi. Dəmirçyan praqmatik siyasətçi idi və Rusiya ilə münasibətləri saxlayırdı. Onu "Daşnaksütyunun əmri ilə güllələdilər. Mən bu yaxınlarda Rusiya kanalına baxırdım, orada SSRİ zamanı ermənilərin Moskva və digər şəhərlərdə törətdiyi terror aktları haqqında danışırdılar. Bütün bunlar "Daşnaksütyun"un qərarları ilə həyata keçirilib. Dağlıq Qarabağda ilk hadisələr də məhz terror təşkilatı olan "Daşnaksütyun" Partiyasının xeyr-duası ilə başlamışdı.

- Nazir Lavrovun “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi deyil” açıqlamasına münasibətiniz necədir?
- Bilirsinizmi, bu məsələdən sonra səfirimiz Polad Bülbüloğlunu gündəmə gətirdilər və s. Sanki kimlərsə bu vəziyyəti alovlandırmaq istəyir. Məncə, bu açıqlamaya diqqət ayırmamaq da olardı. Birincisi, bu fikri nazir Lavrov mətbuat konfransında deyib. Yəni xüsusi bir bəyanatla çıxış etməyib. Bu mövqe həm də Kremldə əyləşən siyasətçilərin rəsmi mövqeyi kimi ifadə edilməyib. Polad müəllim özü də, haqlı olaraq qeyd etdi ki, jurnalist korrekt sual verməyib. Hətta Lavrov bunu deyibsə, biz aydınlaşdırmalıyıq ki, o nəyi nəzərdə tutur. Mən Rusiyanın Azərbaycandakı səfiri ilə görüşdə sual etdim ki, nazir Lavrov bu fikri ilə nə demək istəyirdi? Mənə cavab verildi ki, nazir bu fikri ilə izah etməyə çalışıb ki, artıq Dağlıq Qarabağ konflikti beynəlxalq status alıb və problemi həll etmək lazımdır. Mən MDB-nin 25 illiyində çıxış edərkən dedim ki, MDB-nin nizamnaməsində qeyd edilir ki, bütün üzv dövlətlərin ərazisində olan münaqişələr MDB çərçivəsində həll edilməlidir və bu MDB-nin vəzifəsidir. Təəssüflər olsun ki, bir dəfə də olsun, bu məsələ MDB-nin rəhbər qurumlarında müzakirə edilməyib. Bilirəm ki, prezident Nazarbayev və Lukaşenko bu haqda danışıb. Amma MDB-nin əsas mövzusu olaraq ərazi konfliktləri bir dəfə də olsun, müzakirə edilməyib. Mən bu mövqeyimi rəsmi şəkildə açıqlamışam. Fikrimcə, Lavrov sadəcə demək istəyib ki, artıq bu konflikt beynəlxalq konflikt halına gəlib. Konflikti həll etmək üçün Minsk Qrupu yaradılıb, bu qrupa da Fransa, ABŞ, Rusiya kimi ölkələr daxildir. Habelə Türkiyə bu məsələdə aktiv fəaliyyət göstərir, Qazaxıstan bir sıra hallarda bu məsələni qaldırır. Əslində bu daha yaxşıdır. Qoy beynəlxalq aləm bizə Qarabağ konfliktinin ədalətli həlli üçün dəstək göstərsin.

- Bir çox MDB ölkələrində Rusiyanın ictimai baxımdan nüfuzu elə də yüksək deyil. Məsələn, Azərbaycanda insanlar düşünür ki, Rusiya Ermənistana siyasi, hərbi-texniki dəstək verməklə Qarabağ konfliktinin həllinə köməklik göstərmir...
- Rusiya bizə də silah verir.

- Ermənistandan fərqli olaraq biz pulla alırıq, elə deyilmi?
- Ermənistana elə-belə silah vermirlər. Əvvəla Ermənistana gedən silahlar Rusiya hərbi bazasına gedir.

- Oradan da erməni ordusuna ötürülürmü?
- Yox. Bunu edə bilməzlər.

- Fakt odur ki, Ermənistana “İsgəndər” raket kompleksi verildi. Ermənistan baş qərargahının rəis müavini hətta bu silahla bizi “hədələməyə” çalışdı, bəyan etdi ki, “İsgəndər” artır erməni silahlı qüvvələrinin arsenalına daxil olub...
- Qoy nə istəyirlər, desinlər. Hesab edirəm ki, onlar bilərəkdən belə danışırlar. “İsgəndər” kompleksini kimdir onlara verən? Biz Rusiyadan kifayət qədər yüksək partiyalı silah-sursat aldıq, Aprel döyüşlərindən sonra erməni tərəfi az qala Rusiyanı günahkar çıxarırdı. Hətta İrəvanda keçirilən mitinqlərdə Rusiya bayrağını tapdaladılar. Yəni nə zamansa Rusiya Azərbaycana silah, siyasi dəstək verirsə, ermənilər etiraza başlayır. Nə zamansa ermənilərə dəstək verilirsə, biz buna etiraz edirik. Ancaq sözsüz ki, bizim ordumuz daha güclüdür. Biz daha müasir və güclü silahlar almaq imkanında olduq. Odur ki, bizim ordu və silah arsenalı ilə erməni ordusunu müqayisə etməyə belə dəyməz. Hətta ermənilərə kiçik partiyalarla silah verilibsə, yenə də bizim arsenalla onların arsenalı müqayisə edilə bilməz. Əlbəttə, əgər bizə imkan verilsə ki, problemi hərbi yolla həll edək, qısa müddətdə bunu edə bilərik. Aprel döyüşləri bunun əyani göstəricisidir.

Nemət


Müəllif: