“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda, Avropa İttifaqı Azərbaycana ən çox investisiya yatıran investordur. Avropa Birliyinin yüksək səlahiyyətli nümayəndələri Azərbaycanı “mühüm tərəfdaş” adlandırırlar. Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün Azərbaycan Aİ-yə üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Artıq danışıqlara başlanıldı. Bu saziş hər iki tərəfə qarşılıqlı fayda əsasında strateji əlaqələri yeni mərhələyə qaldımağa imkan verəcək”. Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, 2018-ci ildən başlayaraq Azərbaycan Aİ-yə hər il 16 mlrd. kubmetr qaz ixrac edəcək. Bu məqsədlə hazırda Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilir: “Bu layihə Aİ-nin çoxdan arzuladığı enerji müstəqilliyi ideyasının həyata keçməsinə kömək edəcək. Layihənin böyük nüfuza malik olması bir çox beyəlxalq maliyyə orqanlarını layihədə iştirak etməyə sövq edir. Asiya İnfrastuktur İnvestisiya Bankının bu günlərdə layihəyə 600 milyon dəyərində kredit ayırması bunun bariz nümunəsidir”.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat layihələri Avropa Birliyi ilə Asiya bazarları arasında həm məsafəni, həm də vaxt sərfiyyatını qısaldaraq iki region arasında ticarət həcminin artmasına səbəb olacaq.
“Hazırda Azərbaycan öz neftini bir çox Aİ ölkəsinə ixrac edir. Aİ-nin bir çox ölkələri ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişlər bağlanıb. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyir. Həm iqtisadi, həm də siyasi əlaqələrin yüksək səviyyədə olması, Aİ üçün Azərbaycanın strateji əhəmiyyəti, Azərbaycan üçün Aİ-nin vacib tərəfdaş olması, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ehtiyacı Azərbaycan Prezidentinin Aİ rəhbərləri ilə bütün görüşlərində önə çəkildi. Məhz bu baxımdan Prezident İlham Əliyevin Brüsselə səfəri Aİ-Azərbaycan əlaqələrində yeni bir səhifə açdı”, – deyə T.Mirkişili vurğulayıb.
Səxavət