13 Fevral 2017 19:39
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

- Zərdüşt bəy, Türkiyə Suriyada Əl-Babı terrorçulardan təmizlədi, bundan sonra əsas hədəfin Raqqa şəhərini götürmək olduğu elan olundu. Sizcə, Türkiyənin Suriya fəaliyyəti konkret hansı ana qədər davam edəcək?
- Türkiyənin Suriya siyasəti tam aydındır. Ankara çalışır ki, Suriyada dövlətəbənzər kürd qurumunun yaranmasına imkan verməsin. Bunu etmək üçün ordusunu Suriyaya daxil edib, Rusiya ilə də əməkdaşlıq edir. Rusiyanın isə Suriyada fərqli marağı var. Moskva çalışır ki, Suriyada dövlətəbənzər bir kürd qurumu yaransın. Görürsünüz, hər iki dövlət bir-birindən istifadə etməyə çalışır. Bu da beynəlxalq siyasətdə normal haldır. Məsələn, Rusiya Ermənistandan öz xeyri üçün Azərbaycana qarşı istifadə etməyə çalışır. Ermənistan özünü böyük aparanda isə Azərbaycandan istifadə edir. Bu təbii siyasi fənddir. Rusiya Suriyadakı fəal iştirakı ilə dünya işlərində onun rolunun nəzərə alınacağı mövqeyə gəlib. Türkiyə isə Rusiya və anti-terror koalisiyası ilə əməkdaşlıq edərək özünü regional dövlət kimi sərgiləyir. Əsas məqsədi də odur ki, Suriyada dövlətəbənzər kürd qurumu yaranmasın. Bunun üçün də, kürdlərin Türkiyə ilə sərhəddə yaşayan ərazilərində bufer zona yaradır, ordusunu orada yerləşdirir və çalışır ki, Suriyanın gələcək quruluşunda kürdlər əvvəlki kimi milli azlıq kimi qalsın. Maksimum mədəni muxtariyyət əldə etsinlər. Türkiyə özü də, öz ərazisində kürdlərə mədəni muxtariyyət verib. Yəni kürdlər öz dillərində musiqiyə qulaq asırlar, televiziya, radio və qəzetləri var, parlamentdə çıxış edirlər. Amma federal subyekt deyillər.

- Bu prosesdə ABŞ-ın mövqeyi nədən ibarətdir?
- ABŞ ziddiyyət qarşısındadır. ABŞ genişlənən, tədricən bütün dünya işlərinə əl qoyan, dünyaya nüfuz edən dövlətdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ bir nömrəli dövlətdir. Bu ölkənin 700 dən çox dünya ölkələrində hərbi bazası var. Belə bir ölkə indi ciddi iqtisadi böhran qarşısındadır. Nəhəng dövlətin daxili məhsullarını üstələyən xarici borcu var. Tramp bəyan edir ki, sənayeni yenidən qurmaq zamanıdır, infrastruktur köhnəlib, pis gündədir və s. Tramp bildirir ki, ABŞ-ın daxilinə köklənib ölkəni qüdrətli və əzəmətli etmək lazımdır. Bunun üçün də Tramp deyir ki, dünyanın daxili işlərinə qarışmamalıyıq. Bir tərəfdən son 70 ildə ABŞ dünya dövlətlərinin işinə qarışır. Digər tərəfdən, yeni prezident deyir ki, cilovumuzu çəkməli, dünya işlərinə müdaxilə etməməli, geri çəkilməliyik. Ancaq bunun birdən-birə baş verməsi də mümkün deyil, çünki böyük bir ətalət var. ABŞ-ın xarici siyasət konsepsiyası, Dövlət Departamenti, hərbi qurumları dünyanın işlərinə müdaxilə istiqamətində işləyib, dünya üzrə hərbi komandanlıqları yaranıb və s. Ancaq bunları birdən-birə aradan qaldırmaq mümkün deyil. Deməli, Tramp addım-addım geri çəkilməli, ABŞ xarici siyasətində islahatları aparmalıdır. O vaxta qədər köhnə ətalət davam edir, ABŞ aviasiyası Suriyanı, İraqı bombalayır, minlərlə təlimatçısı bu bölgədəki hərbi əməliyyatlara cəlb edilib və s. İndi ABŞ prezidentinin məqsədi o olmalıdır ki, ağıllı şəkildə, böyük təlatümlərə səbəb olmayacaq tərzdə ABŞ-ın xarici dövlətlərə müdaxiləsinin həcmini ixtisara salsın.

- Ancaq ABŞ-da Suriyada kürdlərlə iş birliyindədir...
- Bəli, tamamilə haqlısınız. Türkiyə və ABŞ terrora qarşı mübarizə aparan Qərb koalisiyasına daxildir. Rusiya bu koalisiyaya daxil deyil, amma Türkiyə ilə əməkdaşlıq edir. Moskva həmçinin bu koalisiyaya qarşı olan Tehranla əməkdaşlıq edir. Həmçinin bu koalisiyada olmayan İsraillə münasibət saxlayır. Burada çoxtərəfli və bir-birilə çarpaz xətlərlə çarpışan əməkdaşlıq sistemi qurulub. Və ən nəhayətdə burada hərə öz xeyrini axtarır. Bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum isə müsəlman ərəblərdir. Onlar səfeh, geridə qalmış, aciz ərəblərdir.

- Yaponiya baş naziri Sindzo Abe ABŞ-a səfər etdi, prezident Trampla görüşdü, bunun ardınca isə ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının toplantısını çağırdı. Təhlükəsizlik Şurasının toplantısının çağırılmasında məqsəd nədir?
- ABŞ-Yaponiya münasibətlərinin əsası Yaponiya imperatorunun qeyd-şərtsiz təslim aktını imzalandığı gündən qurulub. ABŞ-Yaponiya əməkdaşlığının bariz nümunəsi odur ki, əvvəllər Yaponiyanın bir çox yerlərində ABŞ hərbi bazaları mövcud idi. Sonradan yaponlar bu bazaları tədricən sıxışdırdı və hərbi baza ancaq Akinova adasında qaldı. Amma bununla eyni zamanda amerikanlar Yaponiya üçün demokratik ölkə konstitusiyası yazdı. Bu konstitusiyaya görə, Yaponiya hərbi qüvvələri ancaq özünü müdafiə məqsədi daşıyır, ABŞ hərbi sistemi ilə sıx əlaqədə işləyir və Yaponiya hərbi qüvvələri ölkədən kənardan hərbi əməliyyatlar apara bilməz. Əlbəttə, Yaponiyanın güclü ordusu, hərbi donanması var, millət özü inkişaf edib. Yaponiya hər zaman ABŞ-ın şəriki olaraq Vaşinqtonun ağzına baxır və ABŞ xarici siyasətinin arxasınca gedir. İndi Sindzo Abe ABŞ-a səfər etdi, yuxarıda qeyd etdiklərimi təsdiqlədi, bildirir ki, ABŞ-la strateji müttəfiqdirlər. Bununla da, Şimali Koreya təhlükəsi gündəmə gətirildi. Şimali Koreya nüvə ballistik raket sistemini təkmilləşdirir. Ancaq bu o demək deyil ki, sabah Şimali Koreya Yaponiyaya hücum edəcək və ya Yaponiya ona zərbə endirəcək. İndi orada elə vəziyyət yaranıb ki, hərbi fazaya istənilən keçid ABŞ-ın özü üçün olmasa da, müttəfiqləri üçün ağır itkilərə səbəb olardı. Şimali Koreyanın kifayət qədər gücü var ki, ABŞ-ın müttəfiqləri olan Cənubi Koreyanı və Yaponiyanı vursun. Şimali Koreya deyir ki, söymə məni, söyməyim səni. Onlar Şimali Koreyaya dəyməsə, problem olmayacaq. Ancaq biz görürük ki, bəzən ABŞ Şimali Koreyanı hədələyir, Koreya isə Vaşinqtona hədə-qorxu gəlir. Bu hədələr və əks hədələr də oyunun tərkib hissəsidir.

- Oğul Buş da bir zamanlar İranı, Şimali Koreyanı və İraqı əsas terror mənbəyi kimi təqdim edir, onlara şər üçbucağı deyirdi. İndi sanki Tramp da bu siyasəti aparır, artıq Şimali Koreya və İran hədəf kimi göstərilir...
- Ona görə yuxarıda qeyd etdim ki, ABŞ xarici siyasətində böyük ətalət var. ABŞ dövlət qurumları, analitik mərkəzlər, kəşfiyyat və ayrılan maliyyə nəzərdə tutub ki, bu dövlət dünyada mühüm rol oynamalıdır. Hərbi xərcləri də bura əlavə edin. Məsələn, 660 milyard dollar az pul deyil. Bunu ancaq xarici hərbi siyasətə xərcləyirlər. Təbii ki, bütün bunları birdən-birə dəyişmək mümkün deyil. Tramp bir tərəfdən əvvəlki ətalətlə İranı, Şimali Koreyanı hədələyir, bəyan edir ki, müttəfiqlərini müdafiə edəcək. Digər tərəfdən isə özünün strateji xəttini həyata keçirməlidir. Tramp seçkiqabağı verdiyi vədləri əməl etməlidir. Çalışmalıdır xarici müdaxiləni ixtisar etsin, bütün resursları ABŞ-ın daxili inkişafına yönəltsin. Bunu edə bilsə, deməli ABŞ-da öz məqsədini həyata keçirən prezident kimi tarixdə qalacaq. Edə bilməsə deyəcəklər ki, camaatı aldadıb prezident seçildi, gedib oranı-buranı bombaladı və vədlərinə əməl etmədi. Yəni ABŞ-da son illərə qədər əsas xətt 250 ildə mövcud olan, xüsusilə, 1950-ci ildən sonra genişlənən ekspansiya siyasəti, onu-bunu hədələmək xəttidir. İkinci xətti də Tramp elan edib. Deyib ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyəcək, Amerikanı qüdrətli edəcək, daxili problemləri yoluna qoyacaq və s. Ancaq oradan durub kiminsə ipini çəkir, həmin şəxs də bəyan edir ki, İranı vuracağam, bu yandan da Şimali Koreyanın müttəfiqlərini vura biləcəyini deyir.

- Rusiya-Türkiyə siyasəti istiləşdiyi mərhələdə ABŞ-Türkiyə münasibətlərində dinamika müşahidə olundu, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ankaraya gəldi, bu ərəfədə ruslar Əl-Babda türk əsgərlərini bombaladı. Bu istiqamətdə sizcə, nələr baş verir?
- Əvvəla, Rusiyanın türk əsgərini vurmasını tərəflər xəta kimi etiraf etdi. Buna dost atəşi deyirlər. Bəzən ABŞ da səhvən öz əsgərlərini vurur və s. Burada bəd niyyət yoxdur və tərəflər bunu qeyd edir. Bu anlaşılmazlıq hər iki tərəfdən etiraf olundu və yoluna qoyuldu. Qaldı ABŞ-Türkiyə münasibətlərinə, unutmayın ki, Türkiyə NATO dövlətidir. NATO-nun aparıcı dövləti də ABŞ-dır. Bütün NATO dövləti NATO standartı deyəndə əslində ABŞ ordusunun standartını nəzərdə tutur. Siz google.az-a daxil olub sorğu versəniz görərsiniz ki, ABŞ-ın hərbi qurumlarının rəhbərləri neçə dəfə Türkiyədə olub, eləcə də, Türkiyə hərbi qurumlarının nümayəndələri neçə dəfə ABŞ-da olub. Türkiyə NATO-ya daxil olandan sonra hər il, bəzən iki ildən bir görüşüb müzakirələr aparırlar. Bu da, ABŞ-Türkiyə münasibətlərində fövqəladə yaxınlaşma deyil. Belə şey yoxdur. Dünya diplomatiyasında bəzən ən yaxın dostlar belə öz dostuna badalaq verməkdən həzz alırlar. Hamı bilir ki, Qərb dünyası Türkiyədə olan separatçılara dəstək verir, baxmayaraq ki, Türkiyə onların bölgədə əsas müttəfiqdir. Separatçılara dəstək vermək o deməkdir ki, sabah Türkiyə gəlib onlara minnətçi düşəcək, yalvaracaq. Yəni asılı vəziyyətdə qalacaq. Dünya diplomatiyası üçün bu məqbuldur. ABŞ-a İngiltərədən yaxın dövlət yoxdur, amma Vaşinqton Şimali İrlandiyadan olan separatçılara həmişə dəstək verib. Bir müddətdən sonra ABŞ bu dəstəyini dayandırdı və Şimali İrlandiya separatçıları ilə kompromis həll variantı ortaya çıxdı. Baxın, Rusiya bizə deyir ki, dostumuzsan, amma erməniləri də üstümüzə qaldırır. Lazım gəlsə, Azərbaycanın əhəmiyyəti onun üçün gözəçarpan dərəcədə böyük olsa, Ermənistana dəstəyini kəssə, ermənilər dərhal əllərini qaldıracaq ki, təslim oluram. Bu diplomatik oyundur. Bu oyunu Türkiyədə, Amerikada bilir.

Nemət


Müəllif:

Oxşar xəbərlər