Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Bolqarıstan Jurnalistlər İttifaqının nəşri olan “Черно и Бяло” (Qara və Ağ) jurnalına müsahibə verib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, müsahibə jurnalın rəsmi internet səhifəsində “Azərbaycan və Bolqarıstan çox oxşardır, aralarındakı münasibətlər dinamik və səmərəli inkişaf edir” sərlövhəsi ilə yerləşdirilib.
2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana səfərinin əlaqələrində inkişafına güclü təkan verdiyini qeyd edən səfir ötən il ərzində Bolqarıstanın yüksək vəzifəli şəxslərinin - prezident R.Plevneliyev, vitse-prezident M.Popova, xarici işlər naziri D.Mitovun Azərbaycana, ədliyyə naziri F.Məmmədov, ekologiya və təbii sərvətlər naziri H.Bağırov, Dövlət Statistika Komitəsinin sədri T.Budaqov, xarici işlər nazirinin müavini M.Məmməd-Quliyev və mədəniyyət və turizm nazirinin müavini N.Səmədovun Bolqarıstana səfərlər etdiyini xatırladıb. N.Qurbanova səfərlər çərçivəsində Azərbaycan-Bolqarıstan əlaqələrinin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğunu, iki dövlət arasında qarşılıqlı hörmət və marağa əsaslanan möhkəm əlaqələrin formalaşdığını və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Səfir 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu, bu çərçivədə bir neçə tədbirin, o cümlədən mədəniyyət sahəsində tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Daha sonra səfir N.Qurbanova ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, bununla yanaşı başqa sahələr üzrə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün böyük potensialın mövcud oluduğunu bildirib. Yüksək səviyyədə olan siyasi əlaqələrin iqtisadi əməkdaşlıq üçün də böyük imkanlar açdığını ifadə edən səfir dövlətimizin iqtisadiyyat sahəsində əsas prioritetlərinin neft sektoru ilə yanaşı, kənd təsərrüfatı, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər perspektivli sahələr olduğunu qeyd edib. Səfir azərbaycanlı iş adamlarının digər ölkələrdən olan tərəfdaşları ilə əməkdaşlıqda və beynəlxalq bazarlara çıxmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Bolqarıstanın strateji coğrafi mövqeyinə nəzər salan diplomat iqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ölkəmizin Avrasiya qitəsində malların daşınması üçün zəruri infrastruktura malik olduğunu bildirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və nəqliyyat sahəsində aparılan islahatlar barədə danışan səfir görülən bu ardıcıl tədbirlər nəticəsində Azərbaycanın Avropa və Asiya tranzit nəqliyyatındakı rolunun əhəmiyyətli dərəcədə artdığını, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olduğunu bildirib. Bu kontekstdə, səfir Bolqarıstanın Limanlar administrasiyasının baş direktoru Angel Zaburovun hökumətlərarası komissiyanın iclasında iştirak etmək məqsədilə rəsmi nümayəndə heyətinin tərkibində ötən ilin sentyabr ayında Azərbaycana səfəri zamanı həmin qurumla Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
N.Qurbanova həmçinin Azərbaycan və Bolqarıstanın turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkədə turizm imkanlarını təbliği üçün geniş imkanlar aça biləcəyini qeyd edib.
Müsahibənin sonunda Azərbaycanda mətbuat və KİV-lərlə bağlı vəziyyət barədə jurnalistin sualını cavablandıraraq səfir Azərbaycan mətbuatının zəngin tarixə malik olduğunu, ilk qəzetin 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğunda nəşr olunduğunu bildirib. Dövlətin media və söz azadlığına dəstəyini xatırladan səfir müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətinin bu sahələrdə mövcud bütün maneələrin aradan qaldırılması üçün tədbirlər gördüyünü və KİV-lərin sərbəst inkişafı üçün şərait yaratdığını qeyd edib. Ölkədəki media və KİV-lər barədə məlumat verən səfir Azərbaycanda təqribən 40 gündəlik, 200 həftəlik və aylıq qəzetin nəşr olunduğunu, 1 peykin, 10 milli, 13 regional və 17 kabel televiziyası kanallarının fəaliyyət göstərdiyini, internetin şəbəkəsinin sərbəst fəaliyyət göstərdiyini və ölkənin 10 milyonluq əhalisindən 2 milyonun sosial şəbəkələrdən maneəsiz və fəal faydalandığını qeyd edib.