16 Fevral 2017 22:25
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin 16 fevral tarixində Almaniyanın Münhen şəhərində Avropada yaşayan azərbaycanlıların "Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası olub.

Teleqraf.com-un məlumatına görə, aksiyada 250-dən çox həmvətənimiz iştirak edib.

Münhen Təhlükəsizlik Konfransın keçirildiyi “Bayerişer Hof” otelinin önündə düzənlənən aksiya Avropa Azərbaycanlıları Konqresi, Bilefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberg Mədəniyyət və Təhsil Cəmiyyəti, Münhendə fəaliyyət göstərən türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada "Xocalıya ədalət!", "Ermənistan, işğaldan və terrordan əl çək!", "Biz torpaqlarımızı hökmən azad edəcəyik!", "Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadliq!", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Biz terrora və soyqırımına yox deyirik!" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Aksiyada çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb etdiklərini bildiriblər.

Həmvətənlərimiz prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy, torpaqların işğaldan azad olunması üçün əllərinə silah götürməyə hazır olduqlarını bildiriblər.

Soydaşlarımız Azərbaycan Prezidentinin münaqişənin həllinə yönəlmiş siyasətinin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir dövlət kimi tanınmaqdadır və bu bütün dünya azərbaycanlılarında qürur doğurur.

Mitinqdə iştirak edən soydaşlarımız bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.

Aksiyada son dövrlər Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozması, Azərbaycan ordusunun mövqelərini, habelə dinc sakinlərin olduğu yaşayış məskənlərini atəşə tutması, təmas xəttində təxribat və diversiya aktları həyata keçirməsinin dərin narahatlıq doğurduğu vurğulanıb.

Aksiyanın sonunda mitinq iştirakçılarının bəyanatı oxunub.


Müəllif: