“Zərdüşt Əlizadə ilə razı deyiləm. Fikrimcə, Zərdüşt Əlizadə Azərbaycanda yeni bir münaqişə ocağı yaratmaq istəyir. Çünki İsgəndər Həmidovun kürd olması ümumiyyətlə, mümkünsüzdür. Əbülfəz Elçibəyin kürd olması haqda ümumiyyətlə, məlumat yoxdur. Elçibəy təpədən dırnağa qədər türkçü idi. O, hətta başqa millətin nümayəndəsi olsaydı belə, başımla cavab verərdim ki, sırf türkçüdür. İsa Qəmbərin də kürd olduğunu elan edib”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev həmkarı Zərdüşt Əlizadənin Ebülfəz Elçibəyin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.
O, bildirib ki, Zərdüşt Əlizadə vaxtilə Əlikram Hümbətovun sağ əli olub, onu dəstəkləyib: “Əlikram Hümbətov da gedib xaricdə oturub, anti-Azərbaycan işi aparır. Bizim hansı qarantiyamız var ki, bu saat Zərdüşt Əlizadə ilə Əlikram Hümbətovun əlaqəsi yoxdur və Zərdüşt bu fikirləri onun tapşırığı ilə gündəmə gətirmir? Bəyəm bu saat Azərbaycanın problemi Elçibəyin, İsgəndər Həmidovun və ya İsa Qəmbərin kürd olması məsələsidir? Xüsusilə dünyasını dəyişmiş adam haqqında danışmaq etikaya ziddir. Mən Zərdüşt Əlizadədən belə bir şey gözləmirdim. Zərdüştün onsuz da mübahisəli imici var idi, bu mənasız fikirlər isə onu bir qədər də gözdən saldı. Belə bir savadlı adamın bu işə girişməsi çox təhlükəlidir. Çünki savadlı adam provokatora çevriləndə çox təhlükəli olur. Savadlı provokatorlar millət üçün həmişə böyük bəlalar gətirir. İkincisi də mən kifayət qədər kürd tanıyıram ki, bizim Zərdüşt Əlizadə kimi türklərdən daha böyük türkdür. Talış tanıyıram daha böyük türkdür, Azərbaycan dövlətini və millətini Zərdüştdən çox sevir. Bu saat belə separatçı sözlərə ehtiyac yoxdur. Elə adam var ki, dədəsi və nənəsi türkdür, amma ermənidən də pisdir”.
Cavad