17 Fevral 2017 22:25
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasına müsahibə verib.

- Cənab Prezident, xoş gördük. Əvvəlcə Qarabağ problemindən başlayaq. Bu problem bölgədə gərginliyə səbəb olur və Azərbaycanın bütün həyatına öz təsirini göstərir. Problemin həllinə yönələn regional səylər var və bu cəhdlər indi hansı mərhələdədir, Qarabağ probleminin həlli ilə bağlı Sizin baxışlarınız nədən ibarətdir?

- Əvvəlcə, əlbəttə ki, auditoriyanı bu məsələnin tarixi barədə məlumatlandırmaq istəyirəm. Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir. Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. Çünki XIX əsrdəki köçürülmədən sonra bu vilayətin əhalisinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. Beləliklə, Azərbaycanın bu qədim və ayrılmaz hissəsi muxtariyyət statusu aldı və Sovetlər İttifaqının dağılması ərəfəsində Ermənistan separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başladı, dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər, kəndlərimizi yandırdılar, evlərimizi dağıtdılar və təkcə Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonu da işğal etdilər. Bu təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etdi, xüsusilə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur və biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Oxşar qərarlar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edilmişdir. Bütün bu qərarlar, qətnamələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.

Bəs biz bu münaqişənin həlli yolunu necə görürük? Bu mövqe təkcə bizim baxışlarımıza deyil, həm də bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa əsaslanır. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, ermənilər bizim bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin, Şuşa məscidinin dağıdılması erməni vəhşiliyinin açıq-aydın sübutudur. Bu, təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır.

- Neft və qaz sahəsində Azərbaycan zəngin enerji mənbələrinə malik ölkədir. Azərbaycan son 10 ildə bu sahədə böyük iqtisadi sıçrayış və inkişaf əldə edib. Amma son illərdə neftin qiymətinin aşağı düşməsi büdcəyə təsir göstərib, iqtisadiyyat və gəlir səviyyəsi üçün bəzi problemlər yaradıb. Azərbaycan bununla bağlı hansı tədbirləri görür, xüsusən də gələcəkdə neftin və qazın qiymətlərinin təsirlərini aradan qaldırmaq üçün daha hansı tədbirləri görməyi planlaşdırır?

- Bizim siyasətimiz həmişə belə bir çox vacib amilə əsaslanıb ki, neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb. Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik. Onu da deyim ki, ötən ilin büdcəsində neftin bir barrelinin qiyməti 25 dollar götürülmüşdü və o zaman bir barrelin qiyməti 40 dollara yaxın idi. Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar - Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq. Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib. Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik.

Ötən dövr ərzində biz yüksək texnologiyalar sahəsinə də investisiyalar qoymuşuq və bu gün Azərbaycan kosmik kluba üzv ölkədir. Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq.

Təhsil sahəsində də böyük işlər görülüb. Bizdə demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalimiz var.

Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, - onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, - bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək. Bizi dünyada indi daha çox tanıyırlar və Əl-Cəzirə televiziya kanalının sayəsində ərəb dünyasında da daha çox tanınırıq. Çünki siz Azərbaycan haqqında bir neçə təqdimat hazırlamısınız. Artıq iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı da işlər aparılır. Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik.

- Cənab Prezident, Azərbaycan Avrasiyada strateji mövqedə yerləşir və onun nəhəng enerji resursları var. Ölkəniz enerji mənbələrinin Asiyadan Avropaya daşınmasında açar rolunu oynayır, Cənub Qaz Dəhlizi, TANAP və digər layihələri həyata keçirir. Bu layihələr Azərbaycanı Asiya və Avropa arasında enerji sahəsində inkişaf etmiş tranzit ölkəyə çevirməyi hədəfləyir. Eyni zamanda, ölkənizin Asiya və Avropa arasında nəqliyyat sahəsində də ciddi mövqeləri var. İndi və gələcəkdə Azərbaycanın enerji və nəqliyyat sahələrində mövqelərini möhkəmləndirmək üçün hansı işləri icra etməyi planlaşdırırsınız?

- Enerji resurslarımıza gəldikdə, hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik.

Növbəti inkişaf mərhələsi biz nəhəng qaz yataqları aşkar etdikdə başladı. Bizə investisiyaları cəlb etmək və həmçinin qaz boru kəmərləri tikmək lazım idi. Beləliklə, bu proses bir neçə il bundan öncə başladı və bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir.

Eyni zamanda, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir. Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək.

Bizim enerji layihələrimiz əslində nəqliyyat layihələrinin reallaşmasına təkan verib. Çünki nəqliyyat şəbəkəsinin marşrutuna nəzər yetirsəniz görəcəksiniz ki, o, qaz boru kəməri ilə üst-üstə düşür. Bizim əlverişli coğrafi mövqeyimiz var, lakin infrastruktursuz bu mövqeyin heç bir mənası yoxdur. Hətta regional əməkdaşlıq olmadan infrastrukturun özü belə heç bir məna kəsb etmir. Buna görə də bizim siyasətimiz birinci olaraq infrastruktura sərmayə yatırmaqdan ibarət idi.

Biz indi Xəzər dənizində 25 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük dəniz limanı inşa edirik, 6 beynəlxalq hava limanı tikmişik və Azərbaycan artıq hava nəqliyyatı qovşağına çevrilir. Biz Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən avtomagistral yolları inşa etmişik. Biz daha sürətli çatdırmaya nail olmaq üçün dəmir yollarımızı müasirləşdiririk. Eyni zamanda, biz gəmiqayırma zavodu tikmişik. Bu zavodda indi bizim Xəzər dənizindəki ehtiyaclarımız üçün gəmi və tankerlər istehsal olunur.

Beləliklə, bu, işlərin bir hissəsi idi. İkinci hissə qonşularla razılaşmanın əldə edilməsi idi. Çünki malların tranziti üçün qonşularla birgə işləmək lazımdır. Bu, bizim siyasətimizin prioritetlərindən biri idi. Beləliklə, biz qonşularımızla çox yaxşı işgüzar əlaqələr yaratdıq və indi də “Şərq-Qərb Nəqliyyat Dəhlizi” layihəsini icra edirik. Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə - məhz iki həftəyə qədər azaldacaq. Biz indi, eyni zamanda, qonşularımızla Cənub-Şimal dəhlizi üzərində işləyirik. Bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Biz Cənub-Şimal dəhlizi layihəsi ilə bağlı öhdəliyimizi artıq yerinə yetirmişik. Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini tikmişik. Qonşularımızın da öz ərazilərində fəaliyyətlərini və işlərini başa çatdırmasını gözləyirik. Buna görə də bir neçə ildən sonra Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək və biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir, çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq deməkdir. Çünki qonşularınızla belə münasibətdə olduqda siz sabitliyə, əməkdaşlığa, proqnozlaşdırıla bilinməyə investisiya qoymuş olursunuz. Regiondakı bütün ölkələr bir-birinə bağlı olur. Bu da yaxşı haldır. Çünki bu, sabitlik amillərindən biridir. Beləliklə, bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir.

- Siz Türkiyə ilə dost və qardaş ölkəsiniz. Türkiyə də nəqliyyat və enerji sahəsində tranzit ölkəyə çevrilmək istəyir. Türkiyə ilə müştərək layihələrinizdən danışmağınızı xahiş edirik.

- Əlbəttə, biz enerji və nəqliyyat layihələrimizi Türkiyə ilə sıx əməkdaşlıq şəraitində həyata keçiririk. Türkiyə bizim üçün qardaş ölkədir. Bizim çox sıx münasibətlərimiz var. Türkiyə və Azərbaycan, o cümlədən bizim dostluğumuz nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir. Çünki Azərbaycanın enerji resursları birinci olaraq Türkiyəni əlavə enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bizim əsas neft boru kəmərimiz Ceyhanda, Aralıq dənizinin sahilində bitir. Eyni zamanda, TANAP–Trans-Anadolu kəməri. Bu ad artıq özlüyündə kəmərin mahiyyətindən xəbər verir. Buna görə də nəqliyyat və enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı bu nəhəng layihələrin icrası üçün çox önəmlidir və ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və xalqlarımız arasındakı qardaşlıq münasibətləri bu layihənin uğurlu icrası üçün əsas amildir.

- Azərbaycan artıq 25 ildən çoxdur ki, öz müstəqilliyini bərpa edib. Azərbaycan bu illər ərzində az tanınan ölkədən böyük layihələr sayəsində regionda mühüm dövlətə çevrilib və bunu nəzərə almamaq mümkün deyil. Siz üçüncü müddətdir ki, prezident seçilmisiniz. Azərbaycanın gələcəyi haqqında fikirləriniz nədir? Azərbaycanı necə görmək istəyirsiniz?

- İlk növbədə demək istərdim ki, bu 25 il uğurlu inkişaf illəri olub. Ola bilsin ki, vəziyyətin çox çətin olduğu, vətəndaş müharibəsinin getdiyi ilk iki il istisna olmaqla, həmin illərdə iqtisadi çətinliklərimiz, çoxlu problemlərimiz var idi. Lakin 1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqı tərəfindən Prezident seçildikdən sonra vəziyyət dəyişdi. 1993-cü ildən etibarən biz əsl müstəqil ölkə kimi inkişaf etməyə başladıq. Biz çox iş görməli idik, çünki Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. Sənayemiz durğunluq içində idi, inflyasiya 1000 faizdən yuxarı idi, yoxsulluq hökm sürürdü, heç bir investisiya, vəsait yox idi, keçmiş Sovet İttifaqının bütün bazarları ilə ənənəvi əlaqələr kəsilmişdi. Üstəlik Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, 1 milyon qaçqın və məcburi köçkün. Həmin dövrdə Azərbaycan çox çətin vəziyyətdə idi. Beləliklə, 1993-cü ildən etibarən hər ili uğurlu il hesab etmək olar. Bu gün biz beynəlxalq aləmdə hörmət olunan ölkəyik. Bir neçə il əvvəl biz BMT üzvlərinin mütləq əksəriyyəti, 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvü seçildik. Bu, dünyanın Azərbaycana olan dəstəyinin və hörmətinin ən yüksək göstəricisi oldu. Biz iqtisadi cəhətdən sabit, müstəqilik. Biz müstəqil siyasət həyata keçiririk. Qonşularımızla çox yaxşı əlaqələrimiz var və düşünürük ki, dünya yalnız əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə və bir-birinin işlərinə qarışmamaq şərti ilə uğurla inkişaf edə bilər.

Beləliklə, müstəqillik illərində görülən işlər həqiqətən də çox mühümdür. Çünki bu gün Azərbaycan sabit, müasir, inkişaf edən ölkə kimi tanınır. Bizim istər siyasi, istərsə də iqtisadi inkişafla bağlı gələcək planlarımız çox aydındır və bu, ictimaiyyətə məlumdur.

Biz inkişaf, müasirləşmə yolu il getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq. Çünki bizim istər nəqliyyat, istərsə də enerji sahəsində təşəbbüskarı olduğumuz layihələr təkcə Azərbaycanda yox, bütün bu layihəyə cəlb olunmuş ölkələrdə minlərlə, on minlərlə iş yeri yaradır. Biz ənənəvi dəyərlərimizə, əcdadlarımızdan bizə miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik. Budur bizim gücümüzün mənbəyi və biz ənənəvi dəyərlərimizi istənilən xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik və rəyi hətta bu gün olduğundan da mühüm olan daha güclü ölkə quracağıq. Baxmayaraq deyə bilərəm ki, hətta bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə deyil. Düşünürəm ki, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir. Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və biz tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq. Bizimlə danışıqlar aparmaq o qədər də asan məsələ deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu, 100 faiz həyata keçiriləcək. Biz ləyaqətlə yaşayırıq. Biz ölkəmizlə fəxr edirik və gələcəkdə bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik.

- Cənab Prezident, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu hadisə Azərbaycana və İslam ölkələri ilə əlaqələrə necə təsir göstərəcək? Eyni zamanda, Azərbaycan bu il İslam Həmrəyliyi Oyunlarını keçirəcək. Sizcə, bütün bu təşəbbüslərlə Azərbaycan İslam dünyası ilə strateji həmrəylik nümayiş etdirir? Bəlkə İslam dünyasında daha önəmli rol oynamağa, yoxsa İslam dünyasını yaxınlaşdırmağa çalışır? Biz onu da bilirik ki, Azərbaycanın bütün millətlərlə və mədəniyyətlərlə münasibətləri yüksək səviyyədədir. Yoxsa Azərbaycan mədəniyyətləri bir-birinə yaxınlaşdırmaq istəyir?

- Bəli, düşünürəm ki, sualın cavabını özünüz verdiniz. Sizin qeyd etdikləriniz tam mənada bizim hədəflərimizdir. Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi, çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib. Biz onları təkcə tikməmişik, həm də tarixi məkanlarımızı, bütün məscidlərimizi bərpa etmişik və müsəlman aləminin ən qədim məscidlərindən biri Azərbaycanda, qədim Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilib. Bax, bu, bizim tariximiz və mədəniyyətimizdir. Məqsədimiz ilk növbədə, müsəlman dünyasında birliyi gücləndirməkdir. “İslam Həmrəyliyi İli”nin elan olunması da elə bu, deməkdir.

Düşünürəm ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu.

Müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində bizi tam dəstəkləyir. Beləliklə, bizim planlarımız bunlardır. Biz bununla bir daha müxtəlif hədəflərə nail olmaq, müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və İslamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik.

- Cənab Prezident, Azərbaycanın mövqeyi ətrafdakı qonşularla əlaqələrin önəmini də artırır. Xüsusilə də Avropa İttifaqı, Amerika, Rusiya, İran və digər ölkələrlə əlaqələri. İndiki dövrün həssaslığını nəzərə alaraq növbəti mərhələ - ərəb ölkələri ilə əlaqələr barədə danışmaq istərdim. Siz bu yaxınlarda Qətərə səfər edəcəksiniz. Bu səfərdə məqsədiniz nədir? Məqsəd ərəb ölkələri ilə daha sıx əlaqələr qurmaqdır? Bu səfər ərəb və İslam ölkələri ilə daha sıx əlaqənin başlanğıcı sayıla bilərmi?

- Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malik olmaq istəyir və düşünürəm ki, biz buna nail olmuşuq. Çünki bu, hər bir ölkə üçün vacibdir. Biz qonşuluqda yaşayırıq və təcrid olunmuş ölkə deyilik. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var. Qeyd etdiyim kimi, bizim ən böyük tərəfdaşımız olan Türkiyə ilə çoxlu layihələrimiz var. Bizim Gürcüstan, Rusiya, İranla da çoxlu layihələrimiz var. Düşünürəm ki, bu müstəqillik illəri bütün ölkələrə, o cümlədən qonşularımıza aydın göstərdi ki, biz dostluq və əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik. Lakin biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe nümayiş etdiririk. Lakin xoşbəxtlikdən Azərbaycanın öz siyasətini həyata keçirməsi bu gün artıq dünyada və regionda böyük mənada qəbul edilir. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır. Əgər bizim maraqlarımız qonşularımızın maraqları ilə üst-üstə düşürsə, bu, yaxşı haldır. Əgər üst-üstə düşmürsə, bizim üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə münasibətlərimizə, eləcə də Avropa ölkələri, ümumilikdə Qərb ilə münasibətlərimizə də aiddir. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib. Əksinə, düşünürəm ki, təşəbbüslərimizin əksəriyyəti regionumuzdakı gərginliklərin azaldılmasına imkan verib.

Son illərdə və aylarda region ölkələrinin bəzilərinin münasibətlərində çətinliklər yarandı. Lakin bizim siyasətimiz həmişə ona əsaslanıb ki, bu çətinlikləri necə yumşaldaq, bu ölkələrə münasibətlərini normallaşdırmaq işinə necə kömək edək. Buna görə də görürük ki, bu, özünü doğruldur.

Ərəb dünyası ilə münasibətlərə gəlincə, deməliyəm ki, bu münasibətlər bizim üçün hər zaman prioritet olub. Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirmişdir və biz bunu yüksək qiymətləndiririk. Qətər ilə münasibətlərimiz də bizim üçün böyük əhəmiyyət kəsb edir və doğru qeyd etdiyiniz kimi, bu, ikitərəfli format və həmçinin Körfəz ölkələri ilə əməkdaşlıq formatıdır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və bir çox başqa ərəb ölkələrinə uğurlu səfərlərim və Qətərə planlaşdırılan səfərim bu əməkdaşlığı gücləndirəcək. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Yəqin bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq. Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda rəsmi səfərdə olub. İndi isə mənim növbəmdir. Bizim Əlahəzrətlə çox yaxşı şəxsi, mən deyərdim ki, dost münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr üzərində işləyirik. Biz Əlahəzrətin Bakıya səfəri zamanı birgə iqtisadi komissiyanın yaradılması barədə razılığa gəlmişik və o, artıq fəaliyyətə başlayıb. Bu yaxınlarda Qətərin xarici içlər naziri Bakıda səfərdə olub və onlar bu görüşü keçiriblər. Komissiya əsas diqqəti iqtisadi əməkdaşlığımızın praktiki məsələləri üzərində cəmləşdirəcək. Biz qarşılıqlı ticarətin səviyyəsini artırmaq istəyirik. Biz sizin digər ölkələrdən aldığınız məhsulları Qətərə daha çox ixrac etmək və həmçinin daha çox idxal etmək istəyirik. Eyni zamanda, biz birgə investisiya layihələri ilə bağlı əməkdaşlığa dair danışıqlar aparırıq. Bəlkə də investisiya üçün birgə bir qurum yaratmaq da olar. Çünki bəzən elə olur ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi addımlar vasitəsilə həyata keçirilir. Lakin biz bunu əlaqələndirə və öz investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik.

Biz güclü ölkələrik və əlbəttə ki, ərəb qardaşlarımızla əməkdaşlığımızın mühüm amili xalqlar arasındakı əlaqələrdir. Çünki biz ərəb dünyasında daha çox tanınmaq istəyirik. Biz gənc ölkəyik, cəmi 25 yaşımız var. Biz Sovet İttifaqının dəmir pərdəsi ilə müsəlman dünyasından ayrılmışdıq. 25 yaxşı yaşdır, lakin gənc yaşdır, biz tanınmalıyıq və siyasi, iqtisadi, mədəni əlaqələr vasitəsilə daha çox tanına bilərik. Bu, bizim üçün və düşünürəm ki, ərəb tərəfdaşlarımız üçün də çox yaxşı olacaq və bir daha iqtisadi, siyasi maraqlarımıza xidmət edəcək və müsəlman dünyasının birliyini gücləndirəcək. Çünki biz bilirik ki, bu birliyi görmək istəməyən qüvvələr var, onlar müsəlmanları ayırmaq, müsəlman dünyasında, necə deyərlər, xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən bu, baş verir. Bizim siyasətimiz bizi bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz “İslam Həmrəyliyi İli”, fikrimcə, bu işlərin həyata keçirilməsinə kömək edəcək.

- Cənab Prezident, Sizin ərəb aləminə, ərəb dünyasına sözünüz varmı? Ərəb xalqına nə demək istərdiniz?

- Mən ərəb qardaşlarımıza sülh, sabitlik, tərəqqi, uğurlar arzulayıram. Ərəb dünyasında quruculuğun müasir inkişafının gözəl nümunələri var və bizim üçün qardaş ölkə olan Qətər bu nümunələrdən biridir. Siz öz ənənələrinizə, köklərinizə çox bağlısınız. Eyni zamanda, siz iqtisadi inkişaf göstəriciləri, adambaşına düşən ümumi daxili məhsul baxımından ölkəni dünyanın ən aparıcı ölkələrindən birinə çevirmisiniz. Ölkəniz bir çox müsəlmanlara və müsəlman ölkələrinə yardımlar, kreditlər və investisiyalarla kömək edir. Düşünürəm ki, hamımız, müsəlman ölkələrinin bütün nümayəndələri inkişafın bu yaxşı nümunəsindən faydalana bilərik. Sözüm budur ki, Azərbaycan sizin qardaşınızdır. Demək istəyirəm ki, biz İslam həmrəyliyi və birliyinə çox sadiqik, bu istiqamətdə çox iş görürük. Eyni zamanda, Əl-Cəzirə kanalının çoxmilyonlu tamaşaçı auditoriyasından istifadə edərək bütün qardaşlarımızı Azərbaycana dəvət etmək istərdim.


Müəllif:

Oxşar xəbərlər