Dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, azərbaycanlıların 10 milyon nəfəri şimalda yaşayır: "Azərbaycan xalqı bölünmüş xalqdır. 19-cu əsrdə çar Rusiyası və İran arasında imzalanmış müqavilə ilə Azərbaycan iki yerə bölünüb. İran əhalisinin yarısı azərbaycanlıdır. İranın dövlət orqanlarında, parlamentdə azərbaycanlılar təmsil olunur. Bu ölkənin ali dini lideri də milliyətcə azərbaycanlıdır.
Azərbaycan dedikdə təkcə şimalı yox, bütün Azərbaycanı nəzərdə tuturuq. Azərbaycan dili türkdilli xalqlar qrupuna aiddir, biz Türkiyədə, İranda, İraqda türkdilli xalqlarla rahat ünsiyyət qura bilirik".
Mübariz Qurbanlı deyib ki, Azərbaycan əhalisinin 96 faizi islam dininə sitayiş edir: "Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda islam dini ilə bərabər xristian, yəhudi və digər dinlərin konfessiyaları fəaliyyət göstərir. Ən qədim dinlərdən olan zərdüştlüyün məbədlərindən biri Azərbaycan ərazisindədir.
Bu gün ölkədə 2000 mindən çox məscid var, kilsələr, sinaqoqlar fəaliyyət göstərir".