18 Fevral 2017 19:57
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın dövlət başçısı Fransua Olland Fransa Ermənilərinin Əlaqələndirmə Şurasının illik şam yeməyində açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirdi. O, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməli olduğunu vurğuladı. Fransa ilə Ermənistanın tarixən sıx əlaqələrə malik olması heç kim üçün sirr deyil. Ancaq Olland bu fikirləri səsləndirməklə ölkəsinin münaqişənin ədalətli həlində qətiyyən maraqlı olmadığını ortaya qoydu, qeyri-obyektivliyini açıq-aşkar nümayiş etdirdi.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu Fransa prezidentinin sərgilədiyi ermənipərəst mövqeyə dair Teleqraf.com-un suallarını cavablandırıb.

– Vüqar bəy, Fransa prezidenti Fransua Ollandın erməni icmasının üzvləri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikirlərinə münasibətinizi bilmək istərdik…
– Yanlış fikrə müsbət münasibət göstərilə bilməz və burada heç də məsələ, mənim münaqişədə iştirakçı olan tərəflərdən birinin təmsilçisi olmağımdan irəli gəlmir. Ermənilər bizim tarixi torpaqlarımızın hesabına XX əsrin əvvəllərində bir dəfə öz müqəddəratlarını təyin ediblər. Yəni bir xalq əgər öz müqəddəratını artıq təyin edibsə, o zaman ikinci dəfə hansı öz müqəddəratını təyinetmədən söhbət gedə bilər? Əgər Azərbaycanın erməni vətəndaşlarına burada yaşamaq xoş deyilsə, o zaman onlar əsrin əvvəllərində bizim torpaqlarda yaratdıqları və bununla da öz müqəddəratlarını həll etmiş olduqları ölkələrinə gedə bilərlər. İndi harada erməni varsa, orada da onlar özlərinə dövlət qurub müqəddərat həll etməlidirlər? Məsələnin ikinci tərəfi budur ki, beynəlxlq hüququn subyekti olan dövlətin ərazi bütünlüyü prinsipi bütün prinsiplərdən daha üstün və ali götürülür. Azərbaycanın ərazi bütünlüyü mövcud sərhədləri çərçivəsində tanınıb və beynəlxalq hüququn subyekti olaraq, bizim ərazi bütünlüyümüz pozulmazdır.

– Sizcə, Fransua Ollandı belə bir fikir səsləndirməyə nə vadar edib?
– Zənnimcə, bu, qarşıdan gələn seçki amili ilə əlaqədardır. Bildiyiniz kimi, erməni diasporu Fransada kifayət qədər güclüdür və ölkə daxilində ciddi təsir imkanlarına malikdir. Məqsəd təbii ki, diasporun dəstəyini qazanmaq və etnik ermənilərin səslərinə ümid etməkdir. Fransa Konstitusiya Məhkəməsinin "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsindən sonra fransızlar, Ollandın son açıqlamaları və eləcə də Serj Sərkisyanın Paris səfərini təşkil etməklə ermənilərin könlünü almağa çalışırlar. Ermənilər Fransanın şərq siyasətində hər zaman önəmli faktorlardan olub.

– Məsələyə Fransanın münaqişənin həllində üç həmsədr dövlətdən biri olması prizmasından yanaşsaq, bu çıxışla rəsmi Parisin iç üzünün açıldığını söyləyə bilərikmi?
– Fransa zatən, bu məsələdə hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Yəni, Ollandın açıqlaması bizim üçün yenilik deyil və əsla gözlənilməz bir hal olaraq qəbul edilməməlidir. Bu ölkə həmişə Ermənistanın maraqlarından çıxış edib və onun beynəlxalq dəstəkçisi kimi daim iş aparıb. Amma bir məqamı da vurğulayım ki, digər iki həmsədrin də mövqeyi və fəaliyyəti Fransanınkından fərqlənmir. Həmsədrlərin problemin özünə – işğal faktına münasibətləri normal deyil. Həmsədrlərdən biri olan Rusiya işğalçı dövləti Cənubi Qafqazda öz fortpostu olaraq görür və ona hər cür himayədarlıq etməkdədir. Digər həmsədr ABŞ-ın artıq neçə ştatında qondarma erməni “soyqırımı” iddiası qəbul edilib. ABŞ ümumiyyətlə, erməni kartından hər zaman yararlanıb.

– Fransada təkcə fransızlar deyil, digər bir sıra yerli xalqlar, o cümlədən elzaslılar, lotaringiyalılar, kataloniyalılar, basklar, korsikalılar, flamandlar və sayları o qədər də az olmayan digər xalqlar da yaşayır. Məsələyə millətlərin öz müqəddəratının təyini prinsipindən yanaşsaq, “Fransanın özü bir neçə yerə bölünməlidir” demək doğru deyilmi?
– Təbii ki, doğrudur. Hətta olması gərəkən bir məqamdır. Ona görə ki, adlarını sadaladığınız xalqların dövlətləri yoxdur və ermənilərdən fərqli olaraq onlara dövlət qurmaq şansı ümumiyyətlə, verilməyib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər