Prezident İlham Əliyevin Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncamını Milli Məclisin deputatları Teleqraf.com-a şərh edib:
“Mehriban Əliyevanın bu posta təyinatı vaxtında atılan zəruri addımdır”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını yerində və zəruri addım sayır: “Mehriban Əliyeva dünyada kifayət qədər tanınan və böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Mehriban xanım hər zaman dünyada Azərbaycanın dövlət və milli maraqlarını, mədəniyyətini, tarixini yüksək səviyyədə təmsil edib. Mehriban xanımın sayəsində Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ və Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünyada tanınması ilə bağlı misilsiz işlər görülüb. Bundan əlavə, Mehriban xanım Əliyeva Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərin təşkilat komitəsinə rəhbərlik edib. Bunun nəticəsində də “Avroviziya”, I Avropa Oyunları kimi beynəlxalq tədbirlər çox yüksək səviyyədə baş tutub. Hər kəs əmindir ki, Mehriban xanım Əliyevanın gördüyü işlər nəticəsində bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlər də çox uğurla təşkil olunacaq”.
S.Novruzov qeyd edib ki, dünyada və Azərbaycanda multikultarlizmin, mədəniyyətlərarası və dinlərarası dilaoqun təbliğində Mehriban Əliyevanın xidmətləri əvəzsizdir : “Bu sahələrdə Mehriban xanım Əliyeva tərəfindən çox böyük işlər görülür. Azərbaycanda çoxlu sayda məktəblərin, müalicə müəssisələrinin, uşaq bağçalarının, məscidlərin inşası və bərpası, tarixi muzeylərin və mədəniyyət abidələrinin qorunması istiqamətində Mehriban Əliyevanın gördüyü işlər diqqətəlayiqdir”.
Komitə sədrinin fikrincə, Mehriban Əliyevanın böyük humanist addımları yaddaşlara əbədi həkk edilib: “Mehriban xanım Milli Məclisin deputatı kimi 4 dəfə amnistiya aktı ilə əlaqədar təşəbbüslə çıxış edib. Bunun nəticəsində isə Azərbaycanda cənab Prezident tərəfindən amnistiya aktı imzalanıb və bu qərarlar 40 mindən çox insana şamil olunub. Bu cür humanist addımlar hər zaman davam etdirilir. Mehriban xanımın diqqət və qayğısı nəticəsində minlərlə insan Heydər Əliyev Fondunun hesabına xaricə müalicəyə göndərilib. Ümumiyyətlə, Mehriban xanım Əliyevaya edilən müraciətlərə hər zaman böyük diqqət göstərməsi də onun birinci vitse-prezidentliyə layiq olduğunu göstərən amillərdən biridir. Hesab edirəm ki, Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi vaxtında atılan zəruri addımdır. Mən də bu münasibətlə Mehriban xanımı təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzulayıram!”.
“Bu sərəncamı çoxdan gözləyirdim”
Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev sözügedən sərəncamı çoxdan gözlədiyini qeyd edib: “Bu gün Mehriban xanımın işi, fəaliyyəti hamıya bəllidir. Həm millət vəkili, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi illərdir Azərbaycanda çətin və layiqli işlər aparır. Birinci xanımın təşəbbüsü ilə təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində görülən geniş masştablı işlər göz qabağındadır. O, bir millət vəkili kimi amnistiya təşəbbüsləri ilə çıxış edib, çoxlu sayda insanları ailələrinə qovuşdurub. Mehriban Əliyevanın rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə keçirilən mədəniyyət sərgiləri qlobal layihələrdir və bununla Azərbaycanı dünyada tanıdır”.
Deputat bu sərəncamı təqdir etdiyini və Mehriban xanıma uğurlar arzuladığını bildirib: "İnanıram ki, birinci vitse-prezident kimi öz işini layiqincə görəcək, hörmətli prezidentimizin həyata keçirdiyi böyük islahatlara kömək edəcək və bu tandem daha böyük işlərə imza atacaq. Biz də hər birimiz tutduğumuz postda elə işləməliyik ki, Azərbaycanımız irəli getsin”.
Rauf Əliyev Mehriban Əliyevanın gəncləri daim önə çəkdiyini də qeyd edib: “İnternatlara, valideyn himayəsindən kənarda qalan uşaqlara göstərdiyi qayğı, səhiyyə ocaqlarının bərpası və tikilməsi insan amilinin öndə dayandığını bir daha göstərir. Onun böyük ürəyi imkan verir ki, daha qlobal səviyyədə işlər görsün və insanlara xidmət göstərsin. Mehriban xanımın gördüyü işlər insanlara sevinc bəxş edir. Mehriban xanım 15 ildir Gimnastika Federasiyasının prezidentidir, nəinki Bakıda, regionlardan valideynlər uşaqlarını gətirib gimnastikaya yazdırırlar. Gimnastika böyük idman, qızlar üçün sağlamlıq olmaqla yanaşı, digər tərəfdən böyük tərbiyəvi evdir. Mehriban xanım həm uşaqlara, həm gənclərə, həm də təqaüdçülərə əl tutur. Bütün bu işləri görmək üçün insanda böyük ürək olmalıdır. Mən birinci vitse-prezidentimizə işlərində uğurlar arzulayıram”.
"Çoxdan gözlənilən və arzuolunan hadisədir"
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkə başçısının sərəncamını sevinclə qarşıladığını qeyd edib: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın I vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan cəmiyyəti və ictimaiyyətində çoxdan gözlənilən və arzuolunan hadisədir. Azərbaycan ictimaiyyəti Mehriban xanımın gördüyü işləri yüksək dəyərləndirir. Çünki o, Azərbaycan xalqının dünyaya tanıdılmasında, dövlətimizin güclənməsində, xalqımızın üzləşdiyi problemlərin həllində böyük xidmətləri olan xanımdır. Mehriban xanım 2003-cü ilədək Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gimnastika Federasiyasının xətti, eləcə də həyata keçirdiyi humanitar layihələrlə Azərbaycan xalqının ürəyində özünə məhəbbət və rəğbət qazanmışdı. 2003-cü ildə Azərbaycan Respublikasının birinci xanımı statusunu aldı və möhtərəm xanımımız 2004-cü ildə Heydər Əliyev Fondunu təsis etdi. Qısa müddət ərzində Heydər Əliyev Fondunun xətti ilə uğurlu və qlobal səviyyədə, dünyanın hər bir tərəfində unikal layihələr həyata keçirdi. O layihələrin hər biri məkan, dövr, bu gün və gələcək üçün prioritet layihələr, dünyanın çağırışları idi. Davamlı inkişaf çağırışlarında qeyd olunan prioritetləri Mehriban xanım öz layihələrində gerçəkləşdirdi. Mehriban xanım təkcə Azərbaycanda təhsil, səhiyyə, sosial sahədə deyil, mədəniyyət, incəsənət, humanitar və idman sahələrində böyük işlər gördü. Dünyanın elə bir guşəsi yoxdur ki, oradan Mehriban xanımın mübarək sədaları gəlməsin. Mehriban xanım bu işləri görməklə beynəlxalq aləmdə Azərbaycan xalqının imzasını atdı. Sözsüz ki, Mehriban xanımın dünya miqyaslı, beynəlxalq səviyyəli layihələri onun təşəbbüsü, zəhməti və səyləri hesabına həyata keçirilib. Birinci xanımımız bir amala xidmət edirdi. Məqsəd Azərbaycan xalqını dünyada çox yüksək səviyyəli və ləyaqətli xalq kimi təqdim etsin, qloballaşan dünyada təhlükələr fonunda multikultural dəyərlərlə zəngin, tolerant, xalq kimi tanıtsın. Mehriban xanım təkcə həyat yoldaşı kimi deyil, möhtərəm prezidentimizin yaxın silahdaşı və dostu kimi dövlətimizin güclənməsinə böyük dəstək verib. Ən ağır problemlərdə, üzləşdiyimiz Qarabağ probleminin həllində belə Mehriban xanım ağır layihələrin altına girərək onların həyata keçirilməsində böyük uğurlara imza atıb”.
Onun sözlərinə görə, birinci xanım Xocalı soyqırımını, Qarabağ həqiqətlərini dünya və Avropa ictimaiyyətinə musiqi, incəsənət dili ilə çatdırıb: “Mehriban xanımın problemlərin həllinə yönəlik özünəməxsus yanaşması, üslubu var. Hesab edirəm ki, birinci xanımımızın siyasətdə, dövlət idarəçiliyindəki üslubu onun insanlığa qarşı qəlbindəki sonsuz məhəbbət və mərhəmətidir. Mehriban xanım siyasətçi, dövlət adamı olsa da, onun fəaliyyətinin qayəsində humanizm və insanlığa dəstək durur. Bu mənada birinci xanımımızın birinci vitse-prezident vəzifəsinə təyin olunmasını yüksək qiymətləndiririk, seçicilərim və şəxsən öz adından ona uğurlar arzulayıram”.
Nərgiz