22 Fevral 2017 22:13
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya və İraq məsələsində İran və Türkiyənin fərqli mövqeləri, baxışları var. Bu 6 ildir belədir. Bəzən müəyyən hadisələr Ankara və Tehranı yaxınlaşdırır, onlar oturub birgə müzakirə aparırlar. Bəzən də baxışlara görə uzaqlaşırlar, çünki maraqlar üst-üstə düşmür. Hələb azad ediləndən sonra İran, Rusiya və Türkiyə Moskvada bir araya gələrək müzakirələr apardı. Ancaq o zamandan bəlli idi ki, Türkiyə-İran, Türkiyə-Rusiya sona qədər bir yerdə ola bilməz. Əlbəttə, Moskva-Ankara arasında ixtilaflar az ola bilər, amma Ankara-Tehran arasında ixtilaflar çoxdur”.

Bunu Teleqraf.com-a Türkiyə-İran münasibətlərini şərh edən İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani deyib.

Sabiq diplomat qeyd edib ki, Rusiya ilə Türkiyənin ABŞ-la əlaqəsi var, üstəlik Ankara NATO-nun üzvüdür, İsraillə əlaqələri var, habelə Səudiyyə Ərəbistanı ilə kontaktları var: “Ancaq İranın ABŞ və İsraillə əlaqəsi yoxdur, eləcədə Səudiyyə ilə əlaqələri kəsilib. Eyni zamanda Fars Körfəzində bəzi ölkələrlə münasibətlər az qala kəsilmiş durumdadır”.

Ə. Süleymani diqqəti Münhen Təhlükəsizlik Konfransına çəkərək bildirib ki, həmin toplantıda ABŞ çalışıb ki, ərəblərə yaxınlaşsın: “Demək olar ki, Ərəb coğrafiyasında bir növ NATO yaratsın. İndi belə proses gedir və təbii ki, Türkiyədə gəlib İranın yanında durmayacaq. Təbii, nə İraq, nə də Suriya problemi İran-Türkiyə iqtisadi əlaqələrinə maneçilik törətməyib. Amma faktiki olaraq iki ölkə arasında məsələlərə münasibətdə fərqli yanaşmalar var və mövqelər üst-üstə düşmür. İran prosesə ayrı cür baxır. Suriyada Bəşər Əsədin müdafiəsində İran və Rusiya əksər vaxtlarda eyni mövqedən çıxış edib, amma həmçinin ifadə olunub ki, Suriyanın gələcəyini suriyalılar həll etməlidir. Əlbəttə, ABŞ, Səudiyyə, Türkiyə və digər ölkələr Əsədin əleyhinədir. Türkiyə-İran ixtilafları təzə deyil. Əgər bu dərinləşməsə və diplomatlar bunu çözə bilsə əlaqələr ziyan görməz. Yox, əgər tərəflər fərqli yanaşsalar insident baş verə və bu əlaqələrin digər sahəsinə də təsir edər. Məncə, Türkiyə Trampın isti-isti verdiyi açıqlamalara çox inanmamalıdır. Birdən, birə Amerika yolu getmək istəsə, Fətullah Güləni almaq məqsədilə İranı xərcləsə, regionda ABŞ-Türkiyə sıx əməkdaşlıq olsa yaxşı olmazdı. Məncə, Türkiyə və İran çalışmalıdır ki, iki ölkə arasında problemlər olmasın və ortaya da başqaları girməsin. Çünki ortaya girən tərəf öz maraqlarını axtarır, bulanıq suda ona lazım olan balığı tutur. Sonra isə İran və Türkiyənin əlinə ölü balıqlar düşər. Prezident Ərdoğan ərəb ölkələrinə səfər edərkən İranla bağlı bəzi fikirlər demişdi. Münhendə xarici işlər naziri Çavuşoğlu da bəlli mövqe tutdu. Bu göstərir ki, Ankara ABŞ və ya Avropadan nəsə almaq istəyir. Bu səbəbdən də İrana qarşı bu cür mövqe tuturlar. Məncə, Münhendə belə səs-küy salmağa ehtiyac yox idi”.

İranlı mütəxəssis xatırladıb ki, Suriyada bir çox ölkələrin fəaliyyəti var: “Suriyada ABŞ, Rusiya, Türkiyə var. Təbii ki, İranda var. Kim girməyib ki, Suriyaya? Türklər orada Fərat Qalxan əməliyyatı aparır, Raqqaya girmək istəyir və s. Səudiyyə Ərəbistanı və digərləri deyirlər ki, İran regionda filan yerə girdi. Qardaşım, bəyəm siz girmirsiniz? Siz də girirsiniz də. Oturun birgə müzakirə edin, Suriyanı verin suriyalıların əlinə və heç kim də ora girməsin. Yox, əgər hamı ora girirsə, onda İran niyə girməsin? İranın marağı, təhlükəsizlik məsələləri var, regionda böyük ölkədir. Ən yaxşısı odur ki, oturub məsələni müzakirə etməli, ölkəni öz vətəndaşlarının həllinə buraxmalıdır. Türkiyə İraqa girir. Özü də, Türkiyəni İraqa dəvət edən yox idi. Bu faktiki beynəlxalq hüquq normalarının əleyhinə olan addımdır”.

Əfşar Süleymani ABŞ-İran münasibətləri, İrana qarşı mümkün hərbi addımlar haqda güclənən fikirləri də qiymətləndirib: “İran indiyə qədər heç kimi hədələməyib. Sadəcə deyib ki, silahı, proqramları ancaq müdafiə məqsədi ilə bağlıdır. Müasir dövrə baxın görün İran hara və kimə hücum edib? Ancaq İran hücuma məruz qalıb. İraq hücum edib, I və II dünya müharibəsində müttəfiqlər İrana girib və s. Səudiyyə Ərəbistanı İŞİD düzəldir, Yəmənə daxil olur. Sonrada deyir ki, İran müdaxilə edir. Təbii ki, hazırda İranın əleyhinə fəaliyyət, açıqlamalar mövcuddur. Müharibə iddiaları söhbətinə ciddi yanaşmıram. Amerika müharibə edən deyil. Üstəlik prezident Tramp biznesmendir və hər şeyə pul, maddi mənafe pəncərəsindən baxır. Onun üçün müharibə əlverişlin ola bilməz. Onlar Əfqanıstana, İraqa giriblər. Üstəlik Suriyanın vəziyyəti ortada. Yəməndə də nələrsə ediblər. Bütün bunlar göstərir ki, hərbi müdaxilə olmaz. İranı düşünmədən hədələyirlər. Fikrimcə, Amerika üçün müharibə qazanclı deyil. O birilər də düşünür ki, ABŞ İrana müdaxilə etsə bizdə qoşularıq onlara. Amerika bunu etməz. O birilərin özü də təkbaşına İranın üzərinə gələ bilməz. Çünki İranın gücü var ki, onların qarşısında dursun. Ancaq mən müharibə gözləmirəm, bunlar boş söhbətlərdir, bir az da hədə-qorxu gəlmək istəyi var. Göstərirlər ki, biz birik və nəsə edərik. Ancaq məncə, İran da, həmin ölkələrd ə, digərləri də oturub dünyanın işlərini, Suriyanı, Yəmən problemini həll edə bilərlər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər