23 Fevral 2017 13:25
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfəri ərəfəsində Eurasia Diary analitik informasiya portalına ekslüsiv müsahibə verib. Müsahibəsində cənab Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası haqqında və təmsil etdiyi qurumun Azərbaycan əlaqələri, Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə suallara cavab verib. Qeyd edək ki, Avropalı Komissiyasının yüksək çinli rəsmisi Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclasında çıxış edəcək. Həmçinin, Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclası zamanı Avropa Komissiyası vitse-prezidenti Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakislə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendayla, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakla, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliçlə görüşlər keçirəcək.

Teleqraf.com Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin müsahibəsini təqdim edir.

Eurasia Diary: - Cənab Maroş, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü yığıncağının əsas iştirakçılarından biri kimi, görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz? Sizin bu görüşdən gözləntiləriniz nələrdir?
Maroş Şefçoviç:
- Həmrəylik və etimada əsaslanan təhlükəsiz enerji təchizatı Enerji Birliyinin əsas dayaq nöqtələrindən biridir. Bu etimad Avropa Birliyi və onun tərəfdaşları arasından daha çox AB üzvü ölkələri və onun beynəlxalq tərəfdaşları arasında qurulmalı və inkişaf etdirilməlidir. Ona görə də mən bu il Azərbaycanda keçiriləcək və Cənab Prezident İlham Əliyev tərəfindən açıq elan olunacaq Məşvərət Şurası yığıncağına böyük maraq göstərilməsinə çox şadam. Mən səbirsizliklə layihə üzvü ölkələrin eneji nazirləri, eləcə də digər tərəfdaş ölkələrin nümayəndələri ilə görüşməyi və Cənub Qaz Dəhlizi konsorsiumuna dair inşaat işlərinin gedişini qiymətləndirmək və gələcək əməkdaşlıq planlarını müzakirə etməyi gözləyirəm. Bizim məqsədimiz Cənub Qaz Dəhlizinin tərəfdaş ölkələri və təchizatçıları, nəql və enerji istehlakçıları ,xüsusilə AB bazarına Azərbaycandan davamlı təchizatın təmini üçün uzunmüddətli strateji əlaqələri gücləndirməkdir. Bütün aidiyyatı tərəfləri Cənub Qaz Dəhlizinin vaxtında tamamlanacağına əmin etmək vacibdir. Bakıdakı görüşdə CQD ilə bağlı ən son inkişaflar üzrə nəticələri hərtərəfli qiymətləndirəcəyik və cəlb olunan hər bir ölkə üçün qalan maliyyə, həmçinin xüsusi hüquqi və texniki məsələlərə toxunacağıq, beləliklə ilk qazın Avropaya çatması 2020-ci ildə baş tutacaq.

Eurasia Diary: - Bu görüş zamanı enerji layihələri və enerji marşrutlarının diversifikasiyasına dair bir sıra məsələlərə toxunulacağı gözlənilir. Bu istiqamətdə hansı aspektlərin müzakirəsi nəzərdə tutulur ?
Maroş Şefçoviç:
- Cənub Qaz Dəhlizi uğurlu bir göstəricidir ki, Enerji ittifaqı yalnız Avropa İttifaqı ölkələrinin sərhədləri çərçivəsində məhdudlaşmır. Bu layihə bizim partnyorlarımızın cəlb olunduğu gələcəyə hesablanmış vacib layihəmizdir. Biz qaz təchizatının diversifikasiyası və tərəfdaşlarımızın etibarlı və sabit ixrac bazarı ilə təmini baxımından Avropa İttifaqına daxil olmayan ölkələri ilə sıx əməkdaşlıq etmək istəyirik. Bütün bunlarla yanaşı demək olar ki, enerji diversifikasiyası Avropanın Enerji Təhlükəsizliyi Strategiyasının əsasını təşkil edir. Bu bizim rəqabət gücümüzün artmasına səbəb olur və bununla da daha yaxşı xidmətlərin yaradılmasına, enerji qiymətlərinin aşağı salınmasına və yeni iş yerlərinin yaranmasına gətirib çıxarır. Bizim mühüm hədəfimiz daha çox bir birinə bağlı olan Avropadır və Azərbaycan kimi yeni təchizatçılar da bu hədəfin bir hissəsidir. Maliyyə sualları ilə bağlı əlavə olaraq onu deyə bilərəm ki, Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri və İon-Adriatik Boru Kəmərinə dair bir sıra məsələlər müzakirə ediləcək.

Eurasia Diary: - Sizin fikrinizcə bu yeni qaz kəməri regiondakı ölkələr arasında iqtisadi və geosiyasi münasibətlərə necə təsir edəcək?
Maroş Şefçoviç: - Cənub Qaz Dəhlizi Avropada mərkəzləşdirilmiş bazarları qarışıq bazara çevirmək və ardıcıl regional strategiya ilə enerji bazarlarını müxtəlifləşdirmək üçün uğurlu bir yoldur. Boru kəməri başa çatdıqdan sonra Xəzər dənizi Avropa bazarına daha yaxın olacaq və bununla da Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sürətlə maraq göstərəcək. İnanıram ki, bu qaz kəməri regionda yalnız enerji təhlükəsizliyi ilə deyil, eləcə də qonşu ölkələr arasında həmrəyliyi və dəstəyi də artıracaq.

Eurasia Diary: - Cənab Maroş, sonda deyə bilərsinizmi, layihənin bitiş vaxtı və eləcə də Xəzər regionundan ilk qazın Avropaya tədarükü təxmini nə vaxta nəzərdə tutulur?
Maroş Şefçoviç: - Bu günə qədər əldə edilmiş irəliləyişlər göz önündədir. İlk öncə onu qeyd edim ki, Xəzər qazının Avropa bazarlarına çatdırılması illərdir sadəcə, müzakirə mövzusu idi. Bu gün isə üzləşdiyimiz bir çox çətinliklərə baxmayaraq, milyardlıq müqavilələr və Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyada davam edən tikinti işləri bir reallıqdır. Mahiyyətcə belə geniş layihənin tətbiqi zamanı təbii ki ,problemlər də olacaq. Əminəm ki, kooperativ tərəfdaş yanaşması sayəsində Cənub qaz dəhlizi vaxtında həyata keçirilə və Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya nəql edilə bilər. Bundan başqa marşrut və ümumi baza sınaqdan keçirildikdən sonra illik 10 milyard kubmetr ilkin həcmdən sonra Cənub Qaz Dəhlizini genişləndirmək daha asan olacaq.


Müəllif:

Oxşar xəbərlər