“Bu, Ermənistan hakimiyyətinə xas olan xüsusiyyətdir. Dünya ictimaiyyəti münaqişənin həlli üçün addımlar atanda, razılaşmalar əldə edildikdə və bu razılaşmalar icra edilməyə başlayanda Ermənistan bu cür işlərə əl atır, təmas xəttində vəziyyəti gərginləşdirir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində həyata keçirdiyi təxribatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan tərəfi bu yolla dünya ictimaiyyətini danışıqlar prosesindən yayındırmağa çalışırlar: “Artıq bunlar qəbul olunmur. Azərbaycan 1990-cı illərin əvvəllərində olan ölkə deyil, hazırda bir dövlət kimi nüfuza malikdir, regionun aparıcı dövlətidir. Potensialına görə Ermənistandan qat-qat yüksəkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamağa nail olmayacaq. Onlar bu fikirlərindən əl çəkməlidirlər. O zaman regionda təhlükəsizlik təmin olunacaq”.
Nazir müavini bildirib ki, Azərbaycanın hərbi potensialı imkan verir ki, düşmənin hər bir həmləsinə cavab versin: “Biz istərdik ki, münaqişənin həllinə cəlb edilən ölkələr Ermənistanın çirkli məqsədindən nəticə çıxarsınlar, Ermənistanı sülhə vadar etsinlər. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsə, digər üsullardan istifadə edərək torpaqları azad edəcəyik. Yaxın dövrlərdə danışıqlar prosesində əlavə təkanlar, impulslar olmalıdır. Ermənistan sülhə vadar edilməsə, regionda müharibənin bütün məsuliyyəti Ermənistanın üzərində olacaq”.