10 İyul 2014 09:42
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Qasımlı: “Dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi”

Çingiz Qənizadə: “Bu mərhələ isə hücum diplomatiyasıdır”

Azərbaycan prezidenti İlham Əliyevin diplomatlarla keçirdiyi görüş zamanı qaldırdığı məsələlərə, Azərbaycanın xarici siyasəti haqqında dediyi fikirlərə Milli Məclisin deputatları münasibət bildirib.
Deputat Musa Qasımlı deyib ki, prezident İlham Əliyevin diplomatlarla keçirdiyi müşavirədə söylədiyi nitqi geniş, əhatəli və dərin məzmunlu idi. Onun sözlərinə görə, bu nitqdə ötən iki ildə Azərbaycan diplomatiyasının keçdiyi yola yekun vurub, mövcud vəziyyəti təhlil edibi və perspektivlər müəyyənləşdirib:

“Prezident İlham Əliyev proqram xarakterli çıxışı Azərbaycan diplomatiyası, eləcə də, alimlər, QHT-lər, həm də KİV-lər qarşısında çox ciddi vəzifələr qoyur. Dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi. Bu hədəflər ölkəmizin müasir bir ölkəyə çevrilməsi, ərazi bütövlüyünün təmin edilməsi, xalqımızın daha yaxşı yaşaması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsi idi. Fikrimcə, prezidentin bu nitqi diplomatiya, beynəlxalq münasibətlər və humanitar ixtisaslar üzrə təhsil alan tələbələr arasında geniş təbliğ olunmalı və fəallıq artırılmalıdır”.

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirib ki, bir neçə gün ərzində prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında, ATƏT PA-dakı və bu kimi digər çıxışları Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin açılışına xidmət edəcək. Bu mərhələ isə hücum diplomatiyasıdır.

Çingiz Qənizadə bildirib ki, Azərbaycan digər dövlətlərlə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, fəal əməkdaşlığa baxmayaraq bir sıra dövlətlər və təşkilatlar Dağlıq Qarabağ probleminə yanaşmada beynəlxalq hüquq normalarının tətbiqinə səthi yanaşırlar:

“Xüsusilə də, ATƏT Parlament Assambleyasının Bakı sessiyasında Krımla bağlı qərarın qəbulu və Dağlıq Qarabağ probleminə yanaşma bu təşkilatlarla əməkdaşlıqda yeni bir formaya keçidin vacibliyini ortaya qoydu. Fikrimcə, prezident İlham Əliyevin bir qayda olaraq diplomatik xidmət orqanları rəhbərləri ilə görüşlər keçirməsi bizim xarici siyasətimizə yeni bir addımın atılması ilə bağlıdır. Prezidentin diplomatlara verdiyi tapşırıq onların fəaliyyətində daha uğurlu bir dönüşün yaratmasına gətirib çıxaracaq”.

Cavidan


Müəllif: