2 Mart 2017 13:04
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda müəyyən spekulyasiyalar müşahidə edir. Gürcüstanda müxalifətdə olan qüvvələr bəzi məqamlarda hakimiyyəti ittiham edir, az qala hakim partiyanı Gürcüstanın maraqlarına xəyanətdə ittiham edir”.

Bunu Teleqraf.com-a Gürcüstan parlamentinə “Gürcü Arzusu” koalisiyasından daxil olan azərbaycanlı deputat Mahir Dərziyev deyib.

Xatırladaq ki, son günlər həm gürcü, həm də Azərbaycan mediasında çıxan xəbərlərə görə, Ermənistan Gürcüstanla Rusiya ilə Ermənistanı birləşdirən və Abxaziyadan keçən dəmiryolunun işə salınması məsələsini müzakirə edir.

Bu məqsədlə erməni baş nazir Karen Karapetyan 23-24 fevralda Gürcüstanda səfərdə olub. Erməni baş nazir səfərin yekunları haqda danışarkən deyib ki, gürcü həmkarı ilə Rusiya ilə Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə edib.

Mahir Dərziyev isə bildirir ki, Ermənistan baş naziri Tiflisdə həmkarı ilə görüşüb: “Ancaq bu görüşdən sonra heç bir açıqlama verilməyib, tərəflər ümumi ifadələrlə kifayətləndi, qeyd etdilər ki, iki ölkə arasında münasibətlərin inkişafında maraqlıdılar. Lakin Karapetyan İrəvana qayıtdıqdan sonra jurnalistlərə deyib ki, avtomobil yolunun rəvan işləməsi üçün müzakirələr aparıb. Çünki bu yolda bəzən sürüşmələr baş verir və bu da erməni tərəfinə problemlər yaradır. Həm də bu yola alternativ yol çəkilişi məsələsi haqda danışılıb. O cümlədən Abxaziyadan keçən dəmir yolu məsələsinin müzakirə olunduğu deyib. Təbii ki, Abxaziyadan keçən dəmiryolunun açılması Ermənistan üçün xüsusi həyati əhəmiyyət daşıyır. Bu məsələni erməni tərəfi zaman-zaman gündəmə gətirməyə, müzakirə etməyə çalışıb”.

Mahir Dərziyev əlavə edib ki, Gürcüstanın dövlət sərhədi məsələsi var: “Abxaziyada separatçı qurum mövcuddur. Bura Gürcüstanın ərazisidir. Abxaziyadan keçən dəmir yolunun açılması faktiki Abxaziyanın tanınması demək olardı. Bu, Gürcüstan dövlətinin təhdid edilməsi məsələsidir. Bu mümkün deyil. Yəni bu söhbət mövzusu deyil. Amma od olmasa, tüstü də çıxmaz. Məncə, danışıqlarda ola bilər ki, Qara dənizdə bərə əlaqəsinin qurulması, ya da əvvəl bəhs etdiyim yola alternativ yolun çəkilişi müzakirə mövzusu ola bilər. Birmənalı olaraq Abxaziyada dəmiryolunun açılışı mümkün deyil və bu, Gürcüstan dövlətinin mənafelərinə ziddir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər