Fevralın 27-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası öz işinə başlayıb. Sessiyanın 27 fevral-1 mart tarixində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Yüksək Səviyyəli Seqmentdə çıxış edib. M.Məmmədquliyev son vaxtlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir müavini Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini həmçinin, iki gün öncə Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Bununla bağlı M.Məmmədquliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırıb.
Səfər çərçivəsində M.Məmmədquliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Nazir müavini BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusilə qeyd olunub.
M.Məmmədquliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının baş katibinin müavini Cemila Mahmud, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşüb.
Səxavət