3 Mart 2017 18:34
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hesab edirəm ki, heç bir ölkə qondarma Dağlıq Qarabağ rejiminin “müstəqilliyi”ni tanımağa cürət etməyəcək. Məsələ ondadır ki, Nalbandyan bu fikri Xankəndidə səsləndirib. Bu da yerli separatçıları ruhlandırmaq, onlara ürək-dirək vermək məqsədi daşıyıb. Digər tərəfdən, ola bilsin ki, Nalbandyan bəlkə də elə bir fikir səsləndirməyib. Jurnalistlər sual veriblər ki, Ermənistan Dağlıq Qarabağı tanıya bilərmi? O da deyib ki, bu, istisna edilmir, amma biz istəyirik ki, beynəlxlaq aləmdə tanınsın. Çünki bir ölkənin tanıması məsələni həll etmir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Mehdiyev deyib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Xankəndidə yerli separatçılarla görüşündə bu ilin sonuna qədər dövlətlərdən birinin Dağlıq Qarabağın “müstəqilliyini” tanıya biləcəyini vurğulayıb. Bununla belə, E.Nalbandyan konkret dövlətin adını çəkməyib.

E.Mehdiyev əlavə edib ki, qondarma qurumu tanıtdırmaq ermənilərin çoxdankı arzusudur. Ancaq onlar özləri də görürlər ki, bu ideyaya isti yanaşan yoxdur: “Ermənistan rəhbərliyi bir müddət əvvəl qondarma rejimi tanıtdırmağı daha çox istəyirdi. Amma sonradan sanki fərqinə vardılar ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır. Ortada torpaqların işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, bölgəyə beynəlxalq sühməramlı qüvvələrin yeridilməsi, bölgənin gələcək statusu kimi böyük prinsiplər var. Bütün bu məsələlər danışıqlarda küll halında nəzərdə keçirilir. Danışıqlar onun üçün aparılır ki, bütün bu məsələlər hamısı həll olunsun. Bu danışıqları aparan da üç böyük ölkə – ABŞ, Fransa və Rusiyadır. Ermənistanın danışıqlar gedə-gedə durub həmin ərazini müstəqil dövət kimi tanıması, yaxud tanıtdırması mümkün deyil. Çünki o zaman Ermənistan həmin üç ölkəyə qarşı çıxmış olur. Mən hələ Azərbaycanı kənara qoyuram. Bu baxımdan onlar özlərinin dedikləri kimi prosesin içində qalıblar. Bundan başqa onlar özləri də bilirlər ki, Dağlıq Qarabağ rejiminin tanınması heç nəyi həll eləmir. Əgər Ermənistan sabah o qurumu tanısa, əksinə bu, Ermənistanı beynəlxalq izolyasiyaya salar. Ermənistan isə əksinə, çox ustalıqla hərəkət etməyə üstünlük verir. İşğal etdiyi Azərbaycan torpaqlarından çıxmır və “Dağlıq Qarabağın gələcək statusu həll edildikdən sonra çıxarıq” mesajını verməklə həm Dağlıq Qarabağı, həm də digər əraziləri özündə saxlayır. Heç kim də onlara bir söz demir. Deyirlər ki, bu istiqamətdə danışıqlar gedir. Bununla da işğalın davam etməsini pərdələyirlər”.

Qeyd edək ki, Cənubi Qafqazda Dağlıq Qarabağdakı rejimdən başqa daha iki separatçı bölgə var. Bunlar Abxaziya və Cənubi Osetiyadır. Qondarma Abxaziya Respublikası indiyədək BMT-nin üzvü olan 4 ölkə – Rusiya, Venesuela, Nikaraqua və Nauru, Cənubi Osetiya isə indiyədək BMT-nin üzvü olan 5 ölkə – Rusiya, Venesuela, Nikaraqua, Nauru və Tuvalu tərəfindən müstəqil dövlət kimi tanınıb. Hamının bildiyi kimi bu tanınma Rusiyanın həmin ölkələrlə apardığı diplomatik işin nəticəsi kimi meydana çıxıb. Bəs, Ermənistan da eyni ssenari üzrə hərəkət edə bilərmi? Bu sualı da cavablandıran E.Mehdiyev bunun nəzəri məsələ olduğunu bildirib: “O Rusiyadır, bu isə Ermənistan. Rusiyanın dünyadakı nüfuzu, yeri, dostları hara, Ermənistanın oxşar göstəriciləri hara?! Bu baxımdan həmin müqayisəni aparmaq bir qədər çətindir”.

Bəs o zaman E.Nalbandyan nə üçün belə bir açıqlama ilə çıxış edib? Politoloq bu suala cavab olaraq deyib: “Biz əgər Nalbandyanın bütün danışdıqlarını ciddiyə alsaydıq, o zaman indi heç Azərbaycan da yox idi. Nalbandyan idiyədək yüzlərlə bu cür açıqlama səsləndirib. Həm əvvəlki xarici işlər naziri Vardan Oskanyan, həm indiki nazir Edvard Nalbandyan, həm də prezident Serj Sərkisyan tərəfindən dəfələrlə bəyan edilib ki, hər hansı hərbi əməliyyat başlasa, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlar. Dəfələrlə bildiriblər ki, danışıqlar nəticə verməsə, bizim Dağlıq Qarabağı anneksiya etməkdən başqa yolumuz qalmayacaq. Oskanyan bunu hələ Robert Köçəryan prezident olarkən bəyan etmişdi. Nalbandyanın və Sərkisyanın çıxışlarına baxsaq, görərik ki, onlar bu fikirləri həmişə birbaşa və dolayısıyla deyirlər. Ancaq onlar bunun o qədər asan məsələ olmadığını da yaxşı başa düşürlər”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər