7 Mart 2017 12:35
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki deputat fəaliyyətimi dayandırıram”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

M.Əliyeva 10 ildən çoxdur deputat kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Fəliyyətim dövründə insanlara yardım etməyə və edilən müraciətləri yerinə yetirməyə çalışmışam. Yeni təyin olunduğum vəzifədə də çalışacağam ki, hər zaman insanlara kömək edim”.

Çıxışının sonunda Mehriban Əliyeva 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

Spiker Oqtay Əsədov isə deputatların adından Mehriban Əliyevaya təşəkkür edib: “Hörmətli Mehriban xanım, biz hamımız ətraflı və səmimi çıxışınəza görə Sizə minnətdarıq. Əmin olun ki, Milli Məclis deputatları olaraq, biz hər zaman sizin işlərinizə dəstək verəcəyik”.

Birinci vitse-prezident Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nigaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdiyini söyləyib:

“Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda həmişə sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”.

Mehriban Əliyeva ona edilən təbriklərə də münasibət bildirib: “Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərinə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı hər zaman Azərbaycanı qorusun!”.

Daha sonra Milli Məclisin deputatları – Siyavuş Novruzov, Fəzail İbrahimli və digər şəxslər çıxış ediblər.

Nemət


Müəllif:

Oxşar xəbərlər