12 Mart 2017 15:06
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanması və Hollandiya polisi tərəfindən dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsi demokratiyaya böyük təhdiddir".

Teleqraf.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, türklər Hollandiyada öz fikirlərini dinc şəkildə ifadə edirdilər:

"Ancaq polislər itlərdən istifadə edərək onları itlərə qapdırırlar, insanları atların ayağı altına salırlar. Türkiyədə olan məsələlərə öz münasibətlərini dinc, demokratik yolla ifadə edən insanlara qarşı bu cür hərəkətlər Avropa üçün böyük utancverici bir haldır. İndiyənə qədər mən görməmişdim ki, XXI əsrdə polislər dinc insanları itlərə qapdırsınlar".

B.Əliyev bildirib ki, bu bütün demokratik prinsiplərə, bəşəri dəyərlərə ziddir:

"Düşünürəm ki, Avropadakı siyasətçilər, o cümlədən Niderlanddakı siyasətçilər buna qarşı öz haqq səslərini ucaldacaqlar və demokratiyaya qarşı yönəlmiş bu cür hərəkətləri qətiyyətlə pisləyəcəklər. Çünki bu, qətiyyən yolverilməz bir haldır və demokratiyaya böyük bir təhdiddir. İnsan haqları, azad söz ifadəsinə münasibət budurmu?! Bunlar terrorçulara, separatçılara qucaq açırlar, yer verirlər, onların başqa ölkələrə qarşı yönəlik hərəkətlərinə dəstək verirlər, ancaq türkiyəli nazirləri, diplomatları nəinki ölkəyə buraxmırlar, səfirlərin avtomobillərini saxlayırlar. Bu ümumiyyətlə Viyana Konvensiyasına ziddir, eyni zamanda insanların dinc yolla fikirlərini sərbəst ifadə etmələrinə qarşı itlərdən istifadə etmələri XXI əsrin faciəsidir".


Müəllif:

Oxşar xəbərlər