“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enməsinə icazə verilməməsi, Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanması və dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsi Türkiyənin və İslam dünyasının Avropada güclənməsinə qarşı hərəkətdir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Hollandiyanın son addımlarını şərh edərkən deyib. Onun sözlərinə görə, Avropada islamafobiya güclənməkdədir: “Avropanın demoqrafik artımına fikir verəndə görünür ki, müsəlman mənşəli insanlar çoxalmağa doğru gedir. İrticaya meylli ölkələrdə bu, qorxu yaradıb. Müsəlman ölkələr içində isə ən öndə dayanan Türkiyədir və qardaş ölkəyə olan belə təzyiqlər, diplomatlara qarşı insanlığa yaraşmayan hadisələrin baş verməsi islamçılıqla bağlıdır. Hollandiyada gələn ay parlament seçkilər olacaq, ən qorxulu olansa odur ki, islamafob qüvvələr qalib gəlsin. Türkiyəli nazirlərin Hollandiyaya səfərindən hollandlar narahatdırlar, ona görə də belə addım atırlar. Digər tərfdən, Türkiyənin prezident-üsuli idarəsinə keçidini istəmirlər. Çünki prezident idarə etməsi üsuluna keçməsi Türkiyənin güclənməsi deməkdir. Bununla da Türkiyə xarici təsirlərə qarşı yetərincə cavab vermək imkanına malik ölkəyə çevriləcək”.
Deputat hesab edir ki, qarşıdakı dönəmdə gərginlik səngiyəcək və münasibətlər əvvəlki məcraya dönəcək: “Bu gün Avropa üçün Türkiyə, Türkiyə üçün də Avropa vacibdir. Türkiyə Avropaya axan miqrantın qarşısını alıb, Şərq ölkələrindən gələn miqrantların qabağını almaqla Avropaya yardım etdi. Eyni zamanda Türkiyənin istehsal etdiyi məhsulların yarısına qədəri Avropaya ixrac edilir, investisiyaların 50-60 faizə qədəri Avropadan gəlir. Ona görə də Türkiyə ilə Avropa ölkələri bir-biri ilə bağlı ölkələrdir və aradakı gərginlik seçki ərəfəsi haldır. Seçki qurtarandan sonra zaman keçdikcə bütün çətinliklər aradan götürüləcək, əvvəlki münasibətlərə qayıdacaqlar”.
Nərgiz