13 Mart 2017 14:38
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Rusiyanın prinsipial məsələlərdə razılığa gəlməsi mümkün deyil. Çünki hər iki ölkə regionda – Yaxın Şərqdən tutmuş, Qafqaza, Balkan yarımadasına qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir. Hər ikisi iddialıdır. Hər iki dövlətin maraqları, hədəfləri var”.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfərini şərh edən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu bildirib.

V.Zifəroğlu qeyd edib ki, Ankaranın ruslarla YPG/PYD qüvvələri ilə bağlı razılaşmaya ümid etməsinin nəticəsizliyi əvvəldən bəlli idi: “Kürd qruplaşmalarının son günlərdə sırf türk birləşmələrinin və onların dəstəklədikləri qüvvələrin nəzarətinə keçməməsi üçün Menbiç istiqamətində bir neçə məntəqəni qəsdən Əsəd rejimi qüvvələrinin nəzarətinə verərək tərk etmələri əslində çox mətləbdən xəbər verirdi. Kürd qruplaşmaları ilə Əsəd arasında əldə edilən razılaşmada Moskva önəmli halqadır və Ankara bunu bildiyi üçün Rusiya ilə anlaşmağa cəhd göstərirdi. Lakin Rusiyanın kürdlərlə bağlı bir əsrlik oturuşmuş siyasi keçmişi var. Bu zaman ərzində ruslar, həmişə kürdlərlə və kürd siyasi hərəkatları ilə maraqlanıblar, dəstək veriblər. XIX əsrdən indiyədək kürd və erməni kartlarından türk faktoruna qarşı istifadə edən qüvvələr yalnız Qərb deyil, eyni zamanda Rusiya olub. Bunun səbəbi isə, heç şübhəsiz, kürdlərin məskunlaşdığı coğrafiyanın rus xarici siyasəti baxımından ciddi əhəmiyyət daşımasıdır. Unutmayaq ki, kürdlərin yaşadığı torpaqlar Rusiyanın Yaxın Şərqə açılan qapısıdır”.

Ekspert qeyd edib ki, Türkiyə ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi, “Türk axını” layihəsinin vaxtaşırı gündəmə gətirilməsi isə sadəcə olaraq, Qərbə təzyiq elementi kimi qiymətləndirilməlidir: “Mövcud Türkiyə-Rusiya münasibətləri xarici faktorlara qarşılıq vermək məqsədilə formalaşmış zəruri yaxınlıqdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər