15 Mart 2017 13:57
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Fransa münasibətləri son illər ərzində xeyli inkişaf edib. Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyəti iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verib”.

Bunu Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini Teleqraf.com-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Картинки по запросу tahir mirkişili

Deputat qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir: “Azərbaycan-Fransa iqtisadi əlaqələri müxtəlif sahələri əhatə edir. Ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və sair layihələrdə uğurla əməkdaşlıq edilir. Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 2 milyard dolları keçib”.

T.Mirkişilinin sözlərinə görə, Azərbaycan Prezidentinin Fransaya səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib: “Ölkə Prezidentinin həm Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri, həm də ayrı-ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi. Azərbaycanda dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönündə müxtəlif tədbirlər həyata keçirilir. Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, onların müasir texnologiyalarını mənimsəmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının müasirləşməsinə ciddi təkan verəcək. Digər tərəfdən, Azərbaycanla Avropa İttifaqı arasında strateji münasibətlərin formalaşdırılması istiqamətində ciddi işlər aparılır. Fransa isə Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Bu baxımdan da Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkəmizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 12-də Fransaya rəsmi səfər edib. Dövlət başçısı martın 13-də Parisdə bir çox şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Həmçinin İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Martın 14-də isə Prezident İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Klod Bartolon və Fransa Prezidenti Fransua Ollandla görüşüb. Daha sonra iki ölkə prezidentinin iştirakı ilə müxtəlif sahələr üzrə məsul şəxslər tərəfindən 5 sənəd imzalanıb. Bundan sonra hər iki ölkənin prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər