11 İyul 2014 09:29
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabir Rüstəmxanlı: "Namizədliyimi versəm, yenə də seçiləcəyəm"

Elşad Paşasaoy: "Seçicilər məndən şübhələnmişdi"

Bu dəfə "Alternativlər" layihəsi 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyini irəli sürən əsas alternativləri təqdim edir. Məlumat üçün deyək ki, son parlament seçkilərində bu dairədə əsas seçki rəqabəti VHP sədri Sabir Rüstəmxanlı ilə AXCP-Müsavat Seçki Blokunun namizədi Elşad Paşasoy arasında gedib. Rəqiblər seçki kampaniyası dövründə ciddi rəqabətdə olsalar da, seçkidən sonra münasibətlərində heç bir problem olmayıb. Hər iki deputatlığa namizəd müxalifət cəbhəsinin namizədi olaraq tanınıb.

"Mən müxalifət blokunun vahid namizədi idim"

Keçmiş deputatlığa namizəd Elşad Paşasoy deyir ki, sonuncu parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini fərdi qaydada irəli sürüb: "O zaman AXCP-Müsavat Seçki Bloku vahid namizədlərlə seçkiyə getməyə qərar vermişdi. Lakin bir neçə dairədə, o cümlədən də mənim mübarizə apardığım dairədə vahid namizədin razılaşdırılması müşkülə döndü. Bu vaxt mənim namizədliyimi Ümid Partiyası, həmçinin "Qarabağ" Seçki Bloku dəstəklədi. Eyni zamanda bir sıra digər partiyalar və ictimai qurumların da dəstəyini qazandım. Məni yalnız bundan sonra AXCP-Müsavat Blokunun vahid namizədi kimi qəbul etdilər, ancaq o zaman mənim artıq bu simvolik dəstəyə ehtiyacım qalmamışdı. Çünki namizədlərin rəsmi qeydiyyatı prosesi başa çatmışdı və bu, sadəcə bir söz idi. Mən o zaman müxalif düşərgədə nə qədər qeyri-səmimi münasibətin hökm sürdüyünün şahidi oldum. AXCP-nin bölgədəki təmsilçiləri belə məni müdafiə etdiyi halda, partiyanın rəhbər şəxsləri Müsavatın Məclis üzvünün, az-çox tanınan jurnalistin vahid namizəd olaraq seçkidə iştirakını qəbul etmirdi. Amma mən bütün müqavimətlərə baxmayaraq seçkiyə qatıldım və özüm üçün bir test saydığım mübarizədə seçicilərimin gözlədiyimdən də böyük etimadını qazandım".

"Uşaqlıqdan rayonumdakı problemlərin həll olunması üzərində xəyallar qururdum"

E.Paşasoy qeyd edib ki, əslən Yardımlıdan olduğuna görə bu rayonun, o cümlədən qonşu Masallının problemlərindən, oradakı durumdan müəyyən qədər məlumatlı idi, xüsusilə də Yardımlıda az-çox tanınmağı səbəbindən namizədliyini bu dairədən irəli sürüb: "Mən hələ uşaq ikən rayonumdakı problemlərin həll olunması üzərində xəyallar qururdum. Yardımlı Azərbaycanın ucqar bölgələrindən biri olduğu üçün uzun müddət gözdən-könüldən uzaq qalmışdı. Bu da məni hər zaman üzürdü. Bu rayonun işsizlik, yol, qaz, elektrik enerjisi, su, körpü, hətta işıqfor problemi barədə düşünürdüm. Yeri gəlmişkən, artıq vəziyyət xeyli dəyişib. Son illər isə bəlkə elə bizim seçki təbliğatı zamanı, yaxud mətbuat yazılarında üzərinə getdiyimiz problemlərin bir çoxu həll olunmaqdadır. Həmçinin 72 saylı dairəyə daxil olan Masallının bir çox kəndlərində də oxşar problemlər yaşanırdı. Odur ki, mən seçki ərəfəsində dairə seçimi qarşısında qalmadım".

"Bəzi seçicilər Sabir Rüstəmxanlının təbliğatını aparmağa gəldiyimdən şübhələnmişdilər"

Seçkidə əsas alternativləri haqda danışan E.Paşasoy bildirib ki, seçki dövrü və ondan sonra YAP-dan olan rəqibi ilə münasibətlərində problem yaranmayıb: "Əsas mübarizə dəyərli yazıçımız Sabir Rüstəmxanlı ilə mənim aramda gedirdi və həm Yardımlı, həm də Masallıdakı seçicilər bizi seçki favoriti sayırdılar. Sabir bəylə münasibətlərimiz illər boyu normal olub. Seçki mübarizəsində də şəxsi münasibətlərdə hər hansı problemlərin yaranmaması üçün əlimdən gələni etmişəm. Yeri gəlmişkən, mən hətta seçkiyə qatılmazdan öncə dairənin deputatı Sabir bəylə görüşüb müzakirə aparmışdım. Seçki kampaniyası dövründə daim çalışdım ki, rəqiblərimə sayğılı davranım. Bunu həm televiziya çıxışımda, həm seçicilərlə görüşüm zamanı, həm də elə iddiaçılarla münasibətlərimdə hər kəs müşahidə edirdi. Hətta Masallıdakı görüşlərimizin birində Sabir bəy haqqında yüksək fikirlər söylədikdən sonra seçicilərin bəziləri şübhələnmişdi ki, mən Sabir Rüstəmxanlının təbliğatını aparmağa gəlmişəm. Mən isə izah etməyə çalışırdım ki, ortaya bir nümunə qoymaq istəyirəm, hər kəsin dəyəri verilməlidir, keçmişi qılınclamaq, "pisdir" deyib durmaq düzgün deyil. Seçki təbliğatı dövründə hansısa neqativlər olanda, məni müdafiə edənlər təhdidə, təzyiqə məruz qalanda da Sabir bəylə görüşərək, yaxud telefonla məsələni müzakirə edirdik və insafən o, bütün bu neqativlərin onun da nüfuzuna xələl gətirdiyini deyirdi".

"2015 seçkilərində namizədliyimi irəli sürmək fikrim var"

Hazırda bu dairədə seçicilərlə sıx ünsiyyətinin olduğunu deyən E. Paşasoy əlavə edib ki, deputat olub-olmamasından asılı olmayaraq problemləri hər zaman ictimailəşdirib ölkə rəhbərliyinin diqqətinə çatdıracaq və həlli üçün əlindən gələni edəcək:

"Sevindirici hal odur ki, artıq doğulduğum kənd də daxil olmaqla dairənin bir çox kəndlərinə qaz çəkilib, 20-dək kəndi əhatə edəcək böyük su layihəsi həyata keçirilir, ucqar kəndlərə yol çəkilişi davam edir. Amma bölgənin ən ciddi problemi işsizlik səbəbindən gənc nəslin paytaxta axını təəssüf ki, hələ dayanmayıb. Qismət olsa, 2015-ci il parlament seçkilərində namizədliyimi irəli sürmək fikrim var. Seçki ərəfəsində imkanlarımızı bir daha dəyərləndirib qərarımızı verəcəyik".

"Namizədliyimi SSRİ Ali Sovetinə sürmək istəyirdilər"

Bu dairədən deputat seçilən VHP sədri Sabir Rüstəmxanlı isə deyib ki, meydan hadisələri zamanı bir qrup adam onu SSRİ Ali Sovetinin deputatlığına namizədliyini irəli sürmək istəyib: "Amma mən bunu istəmirdim. Çünki meydanda SSRİ-ni söyüb, sonra isə onun deputatlığına namizədliyini irəli sürmək məntiqli deyildi. Həm də o zaman seçki deyil, təyinat idi. 1990-cı ildə SSRİ qalsa da, xalq hərəkatının nüfuzu güclü idi. Sərbəst seçki olsaydı, xalq hərəkatının üzvləri Ali Soveti tam götürə bilərdi. Mənə Naxçıvandan, Gəncədən, Göyçaydan, Sumqayıtdan, Bakının bəzi rayonlarından və Yardımlıdan məktublar gəldi. Təklif edirdilər ki, onların deputatı olum. Sonra Bakının Xətai rayonundan deputat seçildim. Sonrakı seçkidə mən Yardımı-Masallı dairəsindən seçildim. Daha sonra majoritar seçki sistemi üzrə seçildim. Sonuncu seçkidə namizədliyimi 72 saylı Yardımlı-Masallı dairəsindən irəli sürüb seçildim. Mənim üçün Yardımlı və Masallı doğma rayonlardır. Mən orada doğulmuşam, uşaqlığım orada keçib. Məni orada hər kəs tanıyır. Ciddi təminat var ki, mənə maneə olmasalar, burada sərbəst şəkildə seçkini uda bilərəm".

"Bir rayon səviyyəsində olan deputat deyiləm"

S. Rüstəmxanlı deyib ki, SSRİ zamanından Yardımlı ucqar dağ kəndi hesab olunub, ciddi problemləri olub: "Düşünürdüm ki, bu dairədən deputat seçilsəm, mümkün qədər rayona köməyim dəyməlidir. Mən bu dairədən bir dəfə proporsional, iki dəfə majoritar sistem üzrə seçilmişəm. Mənim rayonla əlaqələrim son dərəcə genişdir. Ağlı kəsən seçicilərimlə münasibətim gözəldir. Onlar bilirlər ki, mən bir rayon miqyasında olan deputat deyiləm. Mən dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirəm. Bunu bilənlər çoxdur. Amma az sayda adamlar var ki, "deputat mənim üçün nə edib" fikri ilə yaşayırlar. Amma zaman keçdikcə onlar da anlayırlar ki, deputatın işi yol, qaz və su çəkmək deyil".


"Kəndimizin normal yolu olması arzusunda olmuşam"

S.Rüstəmxanlı bu dairədə gördüyü işlərdən bəhs edərkən bildirib ki, son 5 ildə deputat kimi fəaliyyəti daha çox bəhrə verib: "Şübhəsiz ki, bu həm də ölkənin ümumi vəziyyəti, iqtisadi durumu ilə bağlıdır. Həm də ölkə rəhbərinin regionlara münasibəti ilə bağlıdır. Çünki vəsait olmasa, heç nə etmək olmaz. SSRİ dağılandan sonra mənim ağlıma gəlməzdi ki, dağlarda meşələr doğranacaq və ya Yardımlıya qaz çəkiləcək. İndi kəndlərin çoxu qazlaşdırılmasa da, nəzərdə tutulur ki, çəkilsin. Uzun illər normal yol yox idi. Hazırda normal yol çəkilib. Yardımlının ən ucqar kəndinə asfalt örtük çəkilir, körpü tikiləcək. Mən kəndimizin normal yolu olması arzusunda olmuşam. İndi bizim kəndə də yol çəkiləcək. Eləcə də, hazırda dağdan su xətləri çəkilir, ideal dərəcədə təmiz bulaq sularından yığılıb. Rayonda məktəbsiz kənd qalmayıb. SSRİ dövründən tikiləndən beş qat artıq gözəl məktəblər tikilib".

"İndiki icra başçısı əvvəlkindən fərqli olaraq bunu camaatdan gizlətmir"

Deputat əlavə edib ki, hazırda Yardımlının icra başçısı ilə normal münasibətləri var: "İndiki icra başçısı köhnə deputat olduğundan millət vəkillərinin statusunu, səlahiyyətini yaxşı bilir. Biz dil tapa bilirik. Sevindik Hətəmov çox çevik və insanların arasında olan şəxsdir, həvəslidir, dağ rayonunun şəraitini bilir. İcra başçısı da problemlərlə bağlı yuxarı instansiyaların qapısını açır. İnsaf naminə, özü də deyir ki, hansı qapını açıbsa, ona deyiblər ki, sizdən əvvəl Sabir Rüstəmxanlı da bu problemi qaldırıb. Deputat olaraq bu, mənim işimdir. İndiki icra başçısı əvvəlkindən fərqli olaraq bunu camaatdan gizlətmir".

"17 rəqibim olub"

Sonda deputat deyib ki, son seçkilər zamanı 17 rəqibi olub və onların arasında jurnalistlər üstünlük təşkil edib: "Onların çoxu mənim tanıdığım gənclərdir. Elşad Paşasoy da mənim işlərimi yaxşı bilir. O, namizədliyini vermişdi, özünün sözü, fikri və münasibəti var idi. Bu məsələlər keçib getdi və bizim ümumi dostluğumuza da mane olmadı".

"25 ildir deputatam, başqalarına da meydan vermək lazımdır"

Rüstəmxanlı onu da bildirib ki, hələlik növbəti seçkilərdə deputat olmaq haqqında düşünmür: "Əvvəla, vaxt var. İkincisi də, mənə elə gəlir ki, yetər. 25 il deputat olmuşam. Deputatlıq vətəndaşlıq işidir. Son 4 ildə gördüyüm işlərdən sonra yenidən səs toplayacağıma şübhəm yoxdur. Amma mənim imkanlarım genişdir, çəkilib başqalarına da yer vermək lazımdır ki, öz imkanlarını nümayiş etdirsinlər. Mənim meydanım olan yazı masam parlamentin tribunasından zəif deyil".

Nemət Hüseynli


Müəllif: