“Siyasi Partiyalar arasında Funksional Əməkdaşlıq Mərkəzi toplantı keçirib və bir sıra məsələləri müzakirə edib”.
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, bu toplantılarda bir qayda olaraq ölkədə və dünyada baş verən bir sıra prosesləri müzakirə edirlər:
“Biz bu dəfə ölkədəki ictimai-siyasi vəziyyəti, Novruz Bayramı ərəfəsində verilən əfv sərəncamını, eləcə də Rusiyada baş verən son hadisələri, Avropa-Türkiyə münasibətlərinin pozulmasını müzakirə etdik”.
Müsahibimiz deyib ki, belə müzakirələrə Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyalar fərqli yanaşırlar: “Məsələn, millətçilər bir rakursdan, sosialistlər başqa istiqamətdən yanaşırlar. Biz də bu baxışları birləşdirəndə obyektiv rəyi ortaya qoya bilirik. Bu baxımdan funksional əməkdaşlıq siyasi proseslərdə yeni dəyərləndirmədir”.
ADP sədri deyib ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi yaxın günlərdə tədbir keçirmək niyyətində deyil: “Yaxın dövr üçün ən aktual məsələ mart qırğınlarıdır. Biz nəzərdə tuturduq ki, martın 31-də Qubaya gedək, kütləvi məzarlığı ziyarət edək. Sonradan bəlli oldu ki, KXCP Bakıda Türk Şəhidliyini ziyarət edəcək. Bəzi partiya sədrləri Bakıda olmayacaq. Odur ki, bu qərarımızı icra edə bilmədik. Son toplantımızda 31 mart soyqırımına münasibətimizi də bildirdik. Bu hadisə göstərir ki, indiki dövrdə Azərbaycan ərazilərinin işğal altında saxlanılması təsadüfi deyil. Bu faktiki olaraq bizə qarşı 100 illik erməni-rus siyasətinin tarixi davamıdır. Çünki 31 mart qırğınını ruslar və ermənilər birlikdə törətmişdi. İndi də Azərbaycan ərazilərinin işğalında ermənilər həyata keçirsə də, onlara dəstəyi ruslar verib”.
Cavad