29 Mart 2017 21:40
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Teleqraf.com xəbər verir ki, parlament seçkisini udacaq partiya həm də hökuməti təşkil etmək imkanı əldə edəcək. Ermənistanda son konstitusiya dəyişikliyi ilə ölkə parlament üsul-idarəsinə keçib. Odur ki, indi parlament seçkilərinə siyasi partiyalar ciddi yanaşır. Proseslər göstərir ki, hazırda hakim Respublika Partiyasına ən ciddi alterativ rolunda “Ohanyan-Raffi-Oskanyan” seçki bloku çıxış edir.

Martın 28-də blok İrəvanda izdihamlı mitinq keçirib və hakimiyyəti korrupsiyada, insan hüquqlarını pozmaqda, ədalətsizlik də ittiham edib. Eyni zamanda xalqı seçkilərdə fəal olmağa çağırıb. Prezident Sarksiyanın sabiq müdafiə və xarici işlər nazirləri indi ona əsas rəqib hesab olunur. Çox güman ki, erməni korrupsiya piramidasında iştirak edən sabiq nazirlərin maliyyə imkanları da olmamış deyil.

“Kimə nə qədər səs veriləcək məsələsi prezidentin göstərişi ilə MSK tərəfindən yazılacaq”

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Ermənistandan gözləntisi sadədir: “Mən bu ölkədə durumu bilirəm. Əminəm ki, seçkilər hakimiyyətin məqsəd və nəticəsinə uyğun olaraq keçiriləcək. Hansı partiya qalib gələcək, kimə nə qədər səs veriləcək məsələsi prezidentin göstərişi ilə Mərkəzi Seçki Komissiyasında yazılacaq. Təbii ki, seçkilər kobud deyil, fırıldaq texnologiyaları işə salmaqla başa çatacaq. Məsələn, seçicilərə pul paylamaq, seçkidən sonra indi müxalifət kimi özünü sərgiləyən müxalifətçiləri satın almaq və digər üsullar. Hər halda hakim Respublikaçılar Partiyası ona lazım olan qalibiyyəti təmin edəcək”.

“Hüquqsuz kütlənin başına bir dəstə xəstə və dələduz gələrək üsküy oynadır”

Əlizadə əlavə edib ki, erməni xalqının mövqeyini, səsini və istəyini soruşan yoxdur: “Erməni xalqının beynini pozublar, zəhərləyiblər, onda dünya haqqında yanlış təsəvvürlər yaradıblar. Xalq öz xeyrini anlamır və hansısa mücərrəd nağıllarla yaşayır. Söhbət hüquqsuz bir kütlədən gedir. Onun da başına bir dəstə xəstə və dələduz gələrək üskük oynadır. Və bunun da adını erməni siyasəti qoyublar”.

“Ötən seçkidə 10 nəfər öldürdülər, bu seçkilərdə lap 15 nəfəri öldürərlər”

Əlizadə xatırladır ki, seçkidən sonra xüsusi bir hərəkat gözləmir: “Prezident seçkiləri zamanı xalqa atəş açılmış, ona yaxın insan öldürülmüşdü. İndiki seçkilərdə yenidən atəş açılmaması üçün nə baş verib ki? Bəyəm nəsə baş verib, onlarda vicdan oyanıb və ya dünyanın diqqəti Ermənistana yönəlib? Dünyanı heç Ermənistan adlı ölkə, erməni adda millətin olub-olmaması maraqlandırmır. Bu mənada hakimiyyət iqtidar olmağı, əlində olan yağlı tikəni buraxmamaq üçün istənilən zorakılığa getməyə hazırdır. Ötən seçkidə 10 nəfər öldürdülər, bu seçkilərdə lap 15 nəfəri öldürərlər. Amma mən hesab etmirəm ki, bu ssenari baş versin. Çünki hər dəfə seçki saxtalaşdırılanda, hakimiyyət qəsb edildikdə buna etiraz olaraq insanlar bir araya gəlib mitinqlər təşkil edən an yada düşür ki, sən demə ermənilərin Qarabağ məsələsi var, onu unutmaq olmaz. Başqa sözlə, Qarabağ naminə istənilən rəzalətlə razılaşmaq lazımdır. Təki Ermənistanda sabitlik olsun ki, Qarabağı əllərində saxlaya bilsinlər. Məntiqləri bundan ibarətdir. Bir sözlə, Qarabağ amili demokratiyanı boğmaq üçün mühüm amildir”.

“Petrosyan dərrakə sahibi kimi görünür”

Yeri gəlmişkən qeyd edək ki, “Ohanyan-Raffi-Oskanyan” seçki blokundan fərqli olaraq eks-prezident Levon Ter Petrosyan bəyan edir ki, rəsmi İrəvan Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonları geri qaytarmalıdır. O, bildirib ki, əgər prezident Sarksiyan buna gedərsə, onu sona qədər müdafiə etməyə hazırdır.

Müsahibimiz Zərdüşt Əlizadə isə hesab edir ki, vaxtı ilə Qarabağ ətrafı rayonları Terpetrosiyan prezident olduğu zaman işğal edilib: “Düzdür, Petrosyan prezident olanda əslində görüntü idi. O zaman Cənubi Qafqazdakı prosesləri Rusiya sərt şəkildə idarə edirdi. Prezident hadisələrə nəzarət edə bilmirdi. Petrosyan prezident vəzifəsində olduğu zaman Rusiyanın iradəsi ilə Qarabağ və ətraf rayonları işğal edib. Ancaq o, bir dəfə dedi ki, biz sülh naminə güzəştlərə getməli və Azərbaycanla razılaşmalıyıq. Bu sözündən sonra onu devirdilər. İndi də Petrosyan həmin mövqeyə gələrək deyir ki, biz güzəştli sülhə razılaşmalıyıq. Ancaq güzəştli sülh deyəndə o, nəyi nəzərdə tutur? Qarabağ və Laçın Azərbaycandan ayrılaraq qeyri-müəyyən müddətə qədər hansısa statusda qalır, bizim ərazimiz hesab olunmur. Qalan rayonlar bizə qaytarılır. Bunun müqabilində Azərbaycan zor işlətməmək öhdəliyi götürür, Qarabağın qeyri-müəyyən statusu ilə razılaşır, dəmir yolunu və avtomobil yolunu açır, iqtisadi əlaqələr bərpa olunur. Bir müddətdən sonra isə Qarabağdakı ermənilər müstəqilliyini belə elan edə bilirlər.

Petrosyanın fikrincə, bu güzəştli sülhdür. Yəni 6 rayonu verirlər, əvəzində Dağlıq Qarabağı və Laçını alırlar. Amma iş ondadır ki, erməni əhalisinin əksər hissəsi bunu da qəbul etmir. Əksinə, bunu xəyanət və satqınlıq kimi qiymətləndirir. Əlbəttə, Petrosyanın bu yanaşması bizim xeyrimizə deyil. Sadəcə ifrat erməni millətçiləri ilə müqayisədə Terpetrosiyan ağıl dərrakə sahibi kimi görünür”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər