31 Mart 2017 16:54
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com VHP sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

- Sabir bəy, son günlər İraq türkmənlərinin durumu daha da kəskinləşib. Artıq türkmənlər Mosul və Kərkük kimi tarixi şəhərlərə nəzarəti tam itirmək mərhələsindədir. Siz, bu haqda nə düşünürsünüz?
- Əslində türkmənlər, ərəblər və kürdlər üçün faciəvi vəziyyətdir. Düzdür, Şimali İraq Kürd Muxtariyyəti yaradılıb. Bu, onların illər uzunu arzuladığı bir haldır. Amma dörd tərəfdə qan, müharibə, savaş gedir, İraq adlı dövlət dağıdılıb, qonşu Suriya ağır durumdadır. Odur ki, indi İraqda kiminsə uduşundan danışmaq əsaslı olmazdı. Əslində bölgədə faciəvi durum hökm sürür. Mənim fikrimcə, illər əvvəl elan edilən Yaxın Şərq proyekti bu üsullarla həyata keçirilir. Adını çəkdiyim layihəyə əsasən, bu bölgədə iri dövlətlərin içərisində münaqişə salınacaq, onlar param-parça ediləcək, xırda dövlətlər halına gətiriləcək. Burada niyyət gələcəyin böyük İsrailini yaratmaqdır. "Böyük Kürdüstan" deyilən anlayış da əslində buna xidmət edir. Orada vəziyyət bu şəkildədir.

Terror təşkilatları, İŞİD və digərləri haradan maliyyələşir, kim tərəfindən silahlandırılır kimi məsələlər bəllidir. Onlar əvvəl silahlandırılır, sonra da görüntü yaradılır ki, bu kimi terrorçu şəbəkələrlə mübarizə aparılır. Guya dünya terrora qarşı mübarizə aparır, lakin bölgədə terrorçular ən müasir silahlarla təchiz edilir. Beləcə bölgənin ən stabil və müasir dövləti olan Türkiyə üçün də problemlər yaradılır. Suriyanın quzeyində bir kürd dövləti yaradılsın, daha sonra bu quzey İraqdakı kürd muxtariyyəti ilə birləşdirilsin, uzantı Aralıq dənizinə qədər gedib çıxsın, bölgənin nefti Aralıq dənizinə çıxarılsın və s. Görünən odur ki, bu məsələdə böyük dövlətlərin maraqları var. Amerikanın da, İsrailin də, Rusiyanın da, İngiltərənin də marağı var. Odur ki, bu münaqişənin yaxın dövrdə həll ediləcəyini gözləmək çətindir.

- Bu layihənin əzabını çəkən, torpağından olan da türkmənlərdir...
- Bəli, bu həqiqətdir. Ən ağır zərbələr onlara dəyir. Onlar 1988-ci ildə bizim Qarabağda olduğumuz kimi təşkilatlanmayıb və silahlanmayıb. Bunun əvəzində də kürd silahlı dəstələri, müharibəyə xaricdən gələn qüvvələrlə üz-üzə qalıblar. Türkmənlər özlərini müdafiə etmək imkanında deyil. Əslində İraq və Suriya türkmənləri bu bölgənin ən qədim sakinləridir. Onların bölgədə azı 3-4 min illik tarixi var, şumer dövründən bu yana orada yaşayıblar. Sonradan isə ora başqa xalqlar da gəliblər. Ərbil, Mosul, Kərkük tarixən türkmən şəhəridir. Bu dəqiqə adını çəkdiyim şəhərlərdən türkmənlər qovulduqca başqa soylular gələrək bu şəhərlərə hakim olurlar. Eləcə də kürdlər.

- Ancaq iş ondadır ki, türkmənlərin daxilində də ortaq mövqe yoxdur, parçalanma var. Bir qrup türkmən təşkilatı İraq dövlətinin, digər qrup isə kürdlərin hakimiyyəti altında yaşamağı üstün tutur...
- Kürdlərin bir hissəsi deyirlər ki, türkmənlər bizimlə olmalıdır. Ərəblərin də müəyyən qismi hesab edirlər ki, türkmənlər onların yanında olmalıdır. Türkmənlərin daxilinə məzhəb ayrılığını da salıblar. Yəni daxildə sünni-şiə məsələsi də var. Əlbəttə, bütün bunlar planlı şəkildə bir xalqı bölmək işinə hesablanıb. Əks halda türkmənlərin ciddi problemi yoxdur. Onların ən böyük problemi təşkilatlanmama və pərakəndə yaşamaqdır.

- İş ondadır ki, sünni türkmənlər kürdlərlə, şiə türkmənlər isə ərəblərlə əməkdaşlığa gedir. Nəticədə türkmən mövqeyi haçalanır və xalq zəif duruma gətirilir. Belə deyilmi?
- Ən böyük fəlakət odur ki, sünni-şiə məsələsi ciddi problemlər yaradır. Məsələn, şiə azərbaycanlı türk İranda farsı özünə qardaş sayır, amma öz qardaşı olan sünni türkə ayrı gözlə baxır. Orada da buna bənzər bir durumdur. Üstəlik sünni məzhəbi kürdlərlə Türkiyəni uzun illərdir yaxınlaşdırır və birləşdirir. Məzhəb bəzən qardaşları, bir millətdən olan insanları üz-üzə qoyur. Təəssüf ki, orada bu hallar mövcuddur.

- Novruz Bayramından sonra Kərkükdə kürd bayraqlarının asılması, türkmən bayraqlarının endirilməsi faktı müşahidə edilib və bu proses indi də davam edir. Bu faktı artıq Kərkükdə türkmənlərin sonu, şəhərin kürdləşdirilməsinin başa çatması kimi qiymətləndirmək olarmı?
- Kürdlər orada ciddi şəkildə işləyir. Dağlardan və bəzən qonşu ölkələrdə yaşayan adamları bura cəlb edərək kürdləşdirmə siyasətini aparırlar. Mosulda bu proses bir qədər əvvəl başlayıb. Fikrimcə, bu proses hələ bitməyib. Bir bayraq çıxarılır, yerinə digər bayraq taxılır. Beləcə yerdəyişmə olur. Çox təəssüflər olun ki, türkmənlər Türkiyə başda olmaqla türk dövlətləri tərəfindən müdafiə edilmir. Eləcə də beynəlxalq qurumlar türkmənləri müdafiə etmir. Hələlik bölgədə müdafiə olunan kürdlərdir.

- Mosul və Kərkükə həm Şimali İraq Kürd Muxtariyyəti iddia edir, həm də rəsmi Bağdad. Hazırda bu ərazilər sənəddə Bağdadın idarəçiliyində olsa da, reallıqda kürdlərin əlindədir. Sirr deyil ki, Mosul-Kərkük həm də İraqın neft ehtiyatlarına görə, Bəsrədən sonra ikinci yeri tutur. Bu mənada Mosul və Kərkük üzərində kürd-ərəb savaşı ehtimalı varmı?
- Fikrimcə, belə münaqişə var və davam edir. Əslində İraqı bir dövlət kimi bütöv görmək istəyən qüvvələr var. Elə türkmənlər və kürdlər içərisində də müəyyən qüvvələr var ki, bu bölünməyə qarşıdır. Yəni dövlətçilik mövqeyindən çıxış edənlər var. Buna paralel olaraq münaqişə də davam edir. Fikrimcə, burada hər şey bölgədə yaşayan millətlərin liderlərinin ümumi mövqeyindən asılıdır. Əgər bu ölkəni bütöv görmək istəyirlərsə, deməli, bir yol tapacaqlar. Yox, əgər bunu istəməsələr, münaqişə uzun müddət davam edəcək. Bu halda İraq 3, bəlkə də daha çox yerə parçalanacaq. Mən hesab edirəm ki, İraq türkləri üçün bu, çox çətin, ağır və qanlı sınaqdır. Hər halda onlar türk millətinin bir qolu olaraq taleləri haqqında düşünüb ortaq mövqeyə gələcəklər.

- Bir neçə gün əvvəl İraq Türkmən Cəbhəsinin liderlərindən biri türkmənləri silaha sarılmağa çağırıb. Bunu nə dərəcədə mümkün hesab edirsiniz?
- Bu çağırışlar çoxdan səslənir, amma təəssüflər olsun ki, ciddi bir irəliləyiş yoxdur. Mən bu günlərdə 1995-ci ildə Səddam Hüseyn tərəfindən törədilən qətliam zamanı öldürülən türkmənlərin anım tədbirində iştirak etdim. Bu məqsədlə Türkiyədə türkmənlərlə bir araya gəldim. İraq Türkmən Dərnəyinin başçısı Kamal Türkmənlə görüşdüm. Bütün millət pərişandır, bunun sonunun necə olacağına dair indidən konkret fikir söyləmək çətindir.

Nemət


Müəllif:

Oxşar xəbərlər