“Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bugünədək ciddi tarixi dönüş nöqtəsidir. Düşününrəm ki, bunu belə qiymətləndirsək, daha ədalətli olar”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu, əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır: “Çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda döyüşlər olmayıb.
Hazırkı mürəkkəb hərbi-coğrafi vəziyyətdə Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu”.
Hikmət Babaoğlu bildirib ki, ötən bir il ərzində biz bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi olduq: “Bilirsiniz ki, sabah Ermənistanda parlament seçkisi keçiriləcək. Parlament seçkilərinin əhval-ruhiyyəsini, siyasi ritorikasını da məhz Azərbaycan ordusunun aprel qələbəsinin əhval-ruhiyyəsi diqtə edir.
Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda ciddi mənəvi-psixoloji məsələdir. Bundan əlavə, bütün siyasi proseslərə təsir edəcək gücdə böyük bir hadisə idi”.
Deputat vurğulayıb ki, məsələ təkcə bununla da yekunlaşmır: “Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Biz bilirik ki, bu konfliktdə iştirak edən təkcə işğalçı ölkə Ermənistan deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir.
Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Düşünürəm ki, bütün bunlar, bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub.
Ona görə də mən düşünürəm ki, bu problemin həlli də bundan sonrakı mərhələdə yenə də aprel döyüşlərinin yaratdığı yeni şərtlər altında davam edəcək”.
Səxavət HƏMİD