“Atlas” Araşdırmalar Mərkəzi son zamanlar Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan məqamaları təhlil edib.
Teleqraf.com təhlil materalını təqdim edir:
Rusiya-Azərbaycan sərhədində yük maşınları uzun növbələrdə dayanırlar. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Son günlərdə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.
Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər.
Birincisi, deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı aradan qaldırmayıb.
İkincisi, deyirlər ki, guya Azərbaycanın bəzi məhsulları sanitar normalara cavab vermir.
Rusiya gömrükçülərinin bu iki izahı həqiqəti əks etdirmir. Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu, geniş miqyas almayıb. Tam əksinə, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Mütəxəssislər Azərbaycanın kənd təsərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər.
Bəs onda Moskva daxili bazarını Azərbaycanın kənd təsərrüfatı məhsullarına niyə bağlayır?
Məsələ burasındadır ki, Azərbaycan postneft dövrünə keçib. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağı hədəf seçib. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təsərrüfatı məhsullarına yönəlib. Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ən münbit Rusiya bazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kənd təsərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanın əsas kənd təsərrüfatı məhsulları Rusiya şəhərlərində satılırdı. Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu, Azərbaycanda kənd təsərrüfatı istehsalına mənfi təsir edəcək.
Rusiya hakimiyyəti bunu bilir və Azərbaycanda kənd təsərrüfatının inkişafına yardım etmək istəmir. Əksinə Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təsərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Əgər Moskva Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir.
Rusiya Türkiyə və Belarusla da eyni cür davranır. Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoydu. Yenə eyni səbəb göstərdilər, guya Polşa Belarus üzərindən Rusiyaya meyvə daşıyır. Tutaq ki, meyvələrin Belarusa məxsus olmadığından şübhələnmək olar. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına girişinə məhdudiyyətlər yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi.
Görünür, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təsərrüfatı məhsullarının istehsalının artımına çalışır. Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, Rusiya Türkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxıl almaqdan imtina etdi. Bu Rusiyada taxıl istehsalına mənfi təsir edəcək, çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır.
Bu arada, Moskvadan Azərbaycanla bağlı bir başqa həyəcanlı xəbər gəlib. Rusiya Ədliyyə Nazirliyi aprelin 11-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinə baxacaq. Eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun APA agentliyinə verdiyi müsahibə yayımlandı. Lavrov müsahibəsində dedi ki, Azərbaycan Moskvanın strateji tərəfdaşıdır, iki ölkə arasındakı əməkdaşlığa önəm verirlər. Ancaq Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi perspektivi Rusiya-Azərbaycan münasibətlərinə zərər verəcək.
Moskvada anti-Azərbaycan bloku formalaşıb. Ümumrusiya Azərbaycanlıları Konqresi sıradan bir təşkilat deyil. Birincisi, həmin təşkilat mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. İkincisi, bu təşkilatda Rusiyada yaşayan ən tanınmış azərbaycanlılar yer alıblar.
Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi perspektivindən narahatdır. Təsadüfi deyil ki, bir neçə gündür hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar bu xəbərə münasibət bildirirlər. Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bu halda Kremllə münasibətlərin strategiyasına yenidən göz gəzdirilməlidir.