“Qazaxıstan prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyətə malikdir. Qazaxıstan türk dünyasında Türkiyədən sonra Azərbaycana ən yaxın ölkədir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfərini şərh edərkən deyib.
Onun fikrincə, səfər çərçivəsində ikitərəfli münasibətlərin və türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə ediləcək: “Qazaxıstan Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında mühüm rol oynayıb, uzun müddətdir keçirilməyən türk dövlətləri başçılarının sammitinin yenidən gündəmə gətirilməsinin fəal tərəfdarlarından biri İlham Əliyev cənablarıdırsa, digəri Nursultan Nazarbayevdir. Bu məsələlərdə Qazaxıstanla Azərbaycan çox pozitiv rol oynayır”.
Qabil Hüsyenli səfər tarixinin aprelin 2-nə seçilməsinə siyasi anlam vermədiyini qeyd edib: “Çünki Nursultan Nazarbayevin səfəri daha öncəki aylara planlaşdırılmışdı, o zaman xəstələndi, gələ bilmədi. Onun qrafikindəki münasib vaxt məhz aprelin 2-nə təsadüf elədi və həmin gün də Bakıya gəldi. Mən inanmıram ki, səfərin aprelin 2-nə təyin olunması məhz tarixi döyüşlərlə bağlıdır. Bağlıdırsa da, bunu açıq şəkildə təbliğ etmək məncə, qüsurlu olardı”.
Politoloq vurğulayıb ki, Qazaxıstan neft-qaz, sənaye potensialına görə dünyanın qabaqcıl ölkələrindən biridir: “Ən maraqlısı budur ki, bu ölkənin prezidenti Nursultan Nazarbayev Azərbaycana münasibətdə kifayət qədər pozitiv mövqe nümayiş etdirir. Azərbaycanın mövqeyini beynəlxalq forumlarda, MDB məkanında keçirilən tədbirlərdə müxtəlif məsələlərdə həmişə Qazaxıstan və onun prezidenti Nursultan Nazarbayev müdafiə edir. Nazarbayev türk dünyasının ən böyük siyasətçilərindən biridir. O, öz ölkəsində normal cəmiyyət qurmağa nail olub. Rusların Qazaxıstana müəyyən ərazi iddiaları olsa da, ölkəsinin bütövlüyünü qoruyub saxlaya bilib. Azərbaycanla da Qazaxıstanın ikitərəfli əlaqələri inkişaf edir. Biz Qazaxıstandan taxıl alırıq, Xəzərin şimal şərqindəki “Kaçaqan” neft yataqlarından çıxan neftin bir hissəsi - hər il 10 milyon tona yaxın neft gəmilərlə daşınaraq Bakı-Tiflis-Ceyhan neft xəttinə vurulur və oradan Avropa bazarlarına çıxarılır”.
Qabil Hüseynli xatırladıb ki, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında həm də NATO çərçivəsində bəzi layihələr həyata keçirilir. Onun sözlərinə görə, bu layihələrdən biri Əfqanıstanda olan Amerika qoşunlarının daşınan yüklərinin Azərbaycan və Qazaxıstan vasitəsilə mənzil başına çatdırılmasıdır: "Bu məsələdə hər iki dövlət ABŞ-la yaxından əməkdaşlıq edir. Qazaxıstan Dağlıq Qarabağ məsələsində də prinsipial mövqe tutub, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və torpaqlarımızın işğalına qarşı vahid mövqe ortaya qoyur. Məhz onun prinsipial mövqeyi nəticəsində “Putin NATO”su deyilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin seçilməsi məsələsi 2 dəfədir təxirə salınır”.
Qeyd edək ki, Qazaxıstan prezidenti dünən Azərbaycana rəsmi səfərə gəlib. Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.
Nərgiz