"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi sayəsində Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeləri xeyli yaxınlaşıb, nizamlanmanın baza prinsipləri razılaşdırılıb".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Etibara əsaslanan əməkdaşlıq: Rusiya və Azərbaycan arasında münasibətlərin 25 ili münasibəti ilə" adlı məqaləsində bildirib:
"Regiona sülh və əmin-amanlığın qayıtmasında, insanların dinc yaşamasında, sərhədlərin açılmasında, iqtisadi mübadilələrin bərpasında maraqlıyıq. Bunun üçün əlimizdən gələn hər şeyi edirik. Bunu Minsk qrupunun digər həmsdərləri olan ABŞ və Fransa ilə birlikdə etməyə çalışırıq".
Bununla yanaşı Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını müxtəlif cür görürlər: "Bizim əsas məqsədimiz tərəflərə qərarların balanslaşdırılmasında yardım etməkdir. Ümid edirik ki, Bakı və İrəvan qarşılıqlı güzəştlərə hazır olan siyasi iradə göstərə biləcəklər. Bu danışıqların nəticəsi üçün çox vacibdir".
Rusiyalı nazirin sözlərinə görə, ümumi gərginliyin azaldılması və münaqişə zonasında güc cəhdlərindən imtina edilməsi nizamlanma prosesində vacib şərtdir.
Samir